12px13px15px17px
Tarix:02/07/12

Azərbaycanda “Oracle” texnologiyaları üzrə mütəxəssislər yetişdirilir

Qafqaz Universitetində “Azərbaycan Oracle İstifadəçiləri Qrupu”nun (AzerOUG) ilk rəsmi görüşü baş tutub. Qrupun məqsədi Azərbaycanda “Oracle” texnologiyaları üzrə mütəxəssisləri və bu texnologiya ilə yenicə tanış olanları bir araya gətirmək və bu sahənin inkişafı üçün müxtəlif tədbirlər təşkil etməkdir.

Görüşü qrupun təsisçisi Kamran Ağayev açıb və qrupun məqsədi, gələcək fəaliyyət planı, hədəflər və digər beynəlxalq qruplarla gələcək əlaqələri haqqında məlumat verib.

O, öz çıxışında qrup görüşlərinin hər ay keçiriləcəyini və bu görüşlərdə üzvlərin müxtəlif mövzularda çıxış edəcəklərini, qarşılıqlı diskussiyalar aparacaqlarını, gələcəkdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ekspertləri də Azərbaycana dəvət edib seminar keçirmələrinin təşkil ediləcəyini vurğulayıb. Daha sonra isə Ramin Orucov “Oracle” proqramlaşdırma ilə bağlı planlaşdırılan seminar, təlim, dərsliklər və s. haqda danışdı. “AzerOUG” və SQL.AZ saytı ilə birgə planlaşdırılan “Oracle PL/SQL” proqramlaşdırma dərslikləri ilə bağlı qısa məlumat verilib.

Sonra isə qrupun dəstəkçilərindən biri olan SQL.AZ saytının qurucuları Samir və Ramin Səmədov qardaşlarına söz verilib.

 Qeyd edək ki, Samir və Ramin Səmədov qardaşları Azərbaycan dilində nəşr olunmuş "SQL asan yanaşma yolu" adlı ilk “Oracle SQL” kitabının müəllifləridir. Onlar, 1.5 yaşı olan saytın fəaliyyəti və əldə etdikləri nəticələr, uğurlar haqda məlumat verdilər. Sonda isə “Unibank”ın İT direktoru Vurğun Hacıyev çıxış edib.

Azərbaycanda belə bir qrupun yaradılmasından çox məmnun olduğunu və tələbələr, gənc mütəxəssislər üçün belə qruplara qoşulmağın, aktiv iştirak etməyin əhəmiyyətini vurğulayıb və qrupun gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, “Oracle” verilənlər bazası dünyada verilənlər bazasının idarə olunması sistemləri arasında birinci yerdə gəlir. Dünyanın ən böyük bankları, sığorta şirkətləri, dövlət orqanları, telekommunikasiya şirkətləri, səhiyyə orqanları və s. bu kimi böyük məlumata sahib olan idarə və orqanlar “Oracle” verilənlər bazasını istifadə edir.

RƏVAN




Baxış sayı: 1371

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024