12px13px15px17px
Tarix:12/07/12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev : “Elektron sistemə keçid qaçılmaz bir reallıqdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
İclasda geniş nitqlə çıxış edən ölkə başçısı həmçinin bildirib ki; “korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə institusional islahatlar, tədbirlər, yenə də elektron sistemə keçid, “elektron hökumət”in bütün əlamətlərini tətbiq etməklə biz daha da ciddi nəticələrə çata bilərik.

Elektron xidmətə keçid daha da sürətli olmalıdır. Bəzi dövlət qurumları bu sahədə çox sürətlə irəliyə gedirlər, bəzi qurumlar hələ ki, ləng tərpənirlər. Keçən müşavirədə mən bu məsələ ilə bağlı fikirlərimi daha da geniş bildirdim. Elektron sistemə keçid qaçılmaz bir reallıqdır.

Bu labüddür və biz bunu etməliyik. Dünya iqtisadiyyatının inkişafı bu istiqamətdə gedir, eyni zamanda, bu, bizə həm şəffaflıq gətirəcəkdir, həm çox məsələlər daha da dəqiq təşkil ediləcək və xoşagəlməz hallara qarşı mübarizə daha da güclü olacaqdır”.

Yerli istehsalın gücləndirilməsi sahəsində həyata keçirilən konkret işlərdən danışan Prezident qeyd edib ki, hazırda ölkədə yeni sənaye parklarının yaradılması prosesi gedir.

 “Yüksək texnologiyalar parkının yaradılması haqqında müvafiq göstərişlər verilmişdir. Sumqayıt texnoparkı öz fəaliyyətini genişləndirir. Balaxanı texnoparkının yaradılması istiqamətində konkret addımlar atılır. Qaradağ rayonunda yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması və ümumiyyətlə, Qaradağın sənaye mərkəzlərindən birinə çevrilməsi prosesi uğurla gedir.

Bu sahədə bütün göstərişlər verilib, iş ardıcıllıqla gedir, sadəcə olaraq, mən həmişə bu işlərdə çox tələbkaram, dövlət qurumlarının nümayəndələrini tələsdirirəm ki, bu işləri daha da qısa müddət ərzində görək”.

Ölkə başçısı həmçinin qeyd edib ki, bərpa olunan enerjidən istifadə texnologiyalarının yaradılması ölkəmizin müasirliyə doğru getməsini əks etdirir. “Bu, bizim böyük məsuliyyətimizi göstərir.

Çünki neftlə, qazla zəngin olan ölkədə bərpa olunan enerji növlərinin inkişafı, ilk növbədə, məsuliyyətimizi və niyyətimizi göstərir. Eyni zamanda, bu, iş yerləri, müasir texnologiyalar, kadrların hazırlanması deməkdir. Hesab edirəm ki, bu sahədə daha da böyük işlər görülməlidir”.




Baxış sayı: 1256

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024