12px13px15px17px
Tarix:16/07/12

Aslan Aslanov: “Dövlətlər özləri də sosial şəbəkələrin informasiyasına daha çox meyillidirlər”

“Ənənəvi medianın mövqeyini qoruyub saxlamaq üçün operativlik qeyri-adi dərəcədə sürətlənməlidir. Bunun üçün isə innovasiyalı texnologiyadan maksimum istifadə olunmalıdır. Əgər 10 il bundan əvvəl AzərTAc-ın işlərinin xeyli hissəsi teletayp vasitəsilə görülürdüsə, 4-5 il bundan əvvələ qədər əsas məhsulumuzun buraxılmasında faks maşınları və elektron poçtlar rol oynayırdı.

İndi daha yeni innovasiyalı texnologiyalardan istifadə olunmalıdır. İnformasiyanın dəqiqliyi, operativliyi, ahəngdarlığı və dilin zənginliyinin qorunması kimi prinsiplərə əməl olunmasına çalışmalıyıq. Bu, əsas şərtlərdən biridir. Lakin sosial şəbəkələrdə buna nəzarət etmək mümkün deyil.

Faktlar cəlbedici olsa da, onların dürüstlüyü tam təminat vermir. Halbuki artıq dünyanın ən nüfuzlu ölkələri – ABŞ da, Avropa ölkələri də bir az əvvəl öz siyasətlərini ənənəvi medianın əldə etdiyi informasiyalar üzərində qururdusa, indi hətta, dövlətlər özləri də sosial şəbəkələrin informasiyasına daha çox meyillidirlər”-Azərbaycan Dövlət Teleqraf Agentliyinin – AzərTAc-ın baş direktoru Aslan Aslanov belə hesab edir.

Baş direktorun qənaətincə, bun səbəb sosial şəbəkə informasiyalarının xalq düşüncəsinə daha yaxın olmasıdır. “ Sosial şəbəkədə heç bir qadağa, heç bir redaksiya, kənar müdaxilə yoxdur, tam sərbəstlikdir. Yəni insanın ürəyində nə varsa - gözlə gördüyü, qulağı ilə eşitdiyi nə varsa ondan istifadə edir. Sadəcə, informasiya oradadır.

Bəs o informasiyanı necə götürməli? Bu informasiya dəqiq süzgəcdən keçirilməlidir. Ona görə də bir neçə il bundan əvvəl “Sinxua”, “Assoşieyted Press”, “Röyter, “Kiodo” agentlikləri sosial şəbəkələr şöbələri yaratmağa məcbur oldular”. A.Aslanovun qənaətincə,  Azərbaycanda da informasiya siyasəti ilə məşğul olan təşkilatlarda mütləq sosial şəbəkələrlə iş şöbələri yaradılmalıdır. “Bu, elə bir sahədir ki, diqqətdən kənarda qala bilməz.

Düzdür, o idarəolunmazdır, ancaq oradakı faktlardan istifadə çox vacibdir. Bir halda, dünyanın nəhəng ölkələri öz siyasətlərini sosial şəbəkələr üzərində qurmağa nəinki meyillidirlər, hətta, bunu edirlərsə, onda başqa ölkələrdə də ənənəvi medianın təsir dairəsindən çıxmaq lazım gələcəkdir. Başqa yol yoxdur. Ənənəvi media da çalışır ki, nə varsa obyektiv çatdıra bilsin. Amma sosial media bunu xeyli dərəcədə üstələyir”.  

Onun sözlərinə görə, son vaxtlar sosial şəbəkələr, xəbər portalları, axtarış sistemləri xüsusi cazibə qüvvəsi qazanıblar. “Qloballaşma tamamilə yeni bir informasiya məkanı – konverqasiyaya məruz qalmış interaktiv sosial medialar yaradıb. Bunlar ənənəvi və internet KİV-lərin işinə konkret təsir göstərir. Onlar ən iri nəşrlərin buraxdığı informasiyanı tamamlamaq və təhlil etmək imkanına malikdir”.

İnternetin, kopyuterləşmənin televiziyanı kölgədə qoyduğuna diqqət çəkən A.Aslanov qeyd edib ki, əgər orada müxtəlif islahatlar aparılmasa, televiziya insanın öz yaxınına gəlməsə, ona heç kim baxmayacaq. “İstənilən ailəyə gedin və görün: ailənin neçə üzvü televiziyanın qarşısında əyləşib.

Görəcəksiniz ki, onların böyük əksəriyyəti öz otaqlarında kompyuterin arxasında oturaraq onlara lazım olan informasiyanı internet jurnalistikası vasitəsilə tapmağa çalışırlar.  Hazırda isə belə bir vəziyyət yaranıb ki, artıq internet jurnalistikası televiziyanı üstələyir. Televiziya vaxtilə yazılı mətbuata göstərdiyi təsirdən 5 qat artıq zərbə alır.

Düzdür, biz o vaxtlar deyirdik ki, qəzetlə televiziyanın mübarizəsində yazılı mətbuat xeyli dərəcədə məğlub oldu, ancaq sıradan çıxmadı. İndi də dünyada bu mübarizəyə nəinki tab gətirən, hətta meydandan heç cür çıxmaq istəməyən nümunələr var. Yenə də onların milyonlarla oxucuları var, insanlar onlara inanır, onları oxumaqdan həzz alırlar. Mən demirəm ki, televiziya da 5-10 ilə tam sıradan çıxacaq. Duruş gətirən, mübarizədə yerini qoruyub saxlaya bilən televiziyalar sözsüz ki, olacaq”.




Baxış sayı: 1693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024