12px13px15px17px
Tarix:21/07/12

Ölkə iqtisadiyyatında ən yüksək artım İKT sektorunda olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və inamla yürüdülən  uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir, iqtisadi qüdrəti durmadan artır, siyasi arenada nüfuzu yüksəlir və ölkə əhalisinin maddi rifah halı yaxşılaşdırılır.

Bu gün Azərbaycan dövləti tərəfindən aparılan iqtisadi siyasətin əsas strateji xəttini qeyri-neft sektorunun inkişafına nail olmaq, iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar yaratmaqdır. Bu özünü 2012-ci ilin I yarımilliyinin yekunlarında da aydın şəkildə büruzə verib.

Belə ki, hesabat dövrünün yekunlarına görə ölkənin ÜDM-si 1,5%, qeyri-neft iqtisadiyyatı isə rekord həddə 11,3% artıb ki, bu da ən yüksək nəticədir. Bu isə onu göstərir ki, ölkədə real sektor inkişaf edir və neftdən asılılıq aradan qaldırılır.
Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri vardır.

Respublikamızın sürətli sosial-iqtisadi inkişafı fonunda ölkənin rabitə və informasiya-kommunikasiya texnologiyaları sektoru göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişaf edir  və yola saldığımız 2012-ci ilin 6 ayı ərzində sektorda əhəmiyyətli tədbirlər görülmüş, müsbət uğurlara imza atılıb.
 
Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də qəbul olunmuş Dövlət Proqramlarının icrası Nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanılaraq, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilib. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda rabitə və informasiya texnologiyaları sahəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə təsdiq olunmuş Tədbirlər Planının və həmçinin RİTN tərəfindən həyata keçirilən tədbirlərin effektivliyini artırmaq məqsədilə özündə konkret tapşırıq və vəzifələri cəmləşdirən "2012-ci ildə rabitə və informasiya texnologiyaları göstəricilərinin yaxşılaşdırılması üzrə" Tədbirlər Planının icrası nəzarətə götürülüb.

Hesabat dövrü ərzində özəl sahibkarlıq subyektlərinin inkişafı, sektorun fəaliyyətinin təşviqi diqqət mərkəzində olmuş və bu istiqamətdə məqsədyönlü tədbirlər görülüb.
 
ÖLKƏ İQTİSADİYYATINDA ƏN YÜKSƏK ARTIM İKT SEKTORUNDA QEYDƏ ALINIB
 
2012-ci ilin 6 ayı ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,0% artaraq 673,74 milyon manat təşkil edib. Ötən illə müqayisədə artım tempi İKT sektorunda 19,2%, o cümlədən telekommunikasiya sektorunda 20,5%, İT sektorunda 4,9%, poçt sektorunda 9,3%, informasiya sektorunda isə 21,9% təşkil edib.
İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 74,3%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb.

Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 65,4%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 15,9 % təşkil edib.
2012-ci ilin 6 ayı ərzində ölkə üzrə ÜDM-nin həcmi 25,86 mlrd. manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə real artım tempi isə 1,5% təşkil edib. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,74% təşkil edib.

2012-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 12,37 mlrd. manat, real artım tempi isə 11,3% təşkil edib. Sektor üzrə əldə olunan gəlirlərin qeyri-neft ÜDM-də payı 3,7% olub.
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icrası olaraq, RİTN üzrə 2012-ci ilin 6 ayı ərzində 71 yeni iş yeri açılıb.

01.07.2012-ci il tarixə RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 322,1 manat təşkil edib ki bu da ötən ilin mavafiq dövrü ilə müqayisədə 12,5 % çoxdur.
Ölkə üzrə telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 695.5 manat, poçt sektorunda isə 211.9 manat təşkil edib.

Məlumat üçün bildiririk ki, respublika üzrə orta aylıq əməkhaqqı 382,6 manat təşkil edir.
RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2012-ci ilin 6 ayı  ərzində dövlət büdcəsinə 20,2 mln. manat, DSMF-yə isə 7,4 mln. manat vəsait ödənilib.

Hesabat dövründə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olub.
2012-ci ilin 6 ayı ərzində sektora 178,3 milyon manat investisiya qoyulub ki, bu da ölkə iqtisadiyyatına qoyulan investisiyanın 4,0%-ni təşkil edir.
 
 TELEKOMMUNİKASİYA SEKTORUNDA YENİ TEXNOLOGIYALARIN TƏTBİQİ
 
Respublikada sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində hesabat dövründə 25 ədəd yeni EATS istismara verilmiş, 5 ədəd ATS rekonstruksiya olunmuş, 12 ədəd ATS-də genişləndirmə işləri aparılmış, 47 406 ədəd ADSL portu artırılmış, 21 ədəd TV-radio vericisi quraşdırılmış və 9 ədəd poçt şöbəsi binası tikilib.

Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 8 895 nömrə artırılaraq 1 736 695 nömrəyə çatdırılıb. 81.0 km yüksək məlumat ötürmə qabiliyyətinə malik fiber-optik kabellər çəkilmiş və artıq ölkənin əksər rayonlarının bu xəttə qoşulması başa çatıb.

Həmçinin, Bakı-Şamaxı-Ağsu-Göyçay-Ağdaş-Gəncə və Bakı-Ələt-Şirvan-Salyan-Hacıqabul-Kürdəmir-Ucar-Yevlax-Gəncə ərazilərində müasir tipli DWDM şəbəkəsi qurulub.
  
HƏR 100 NƏFƏRƏ...
 
Hesabat dövründə əsas telefon aparatlarının ümumi sayı 6 268 ədəd artaraq 1 472 368 ədədə çatıb.
 Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon  aparatlarının  sayı   18,6 ədəd təşkil edir. Bu göstərici Bakı şəhərində 37,0 ədəd, respublikanın digər ərazilərində 11,5 ədəd, kənd yerlərində isə 7,1 ədəd təşkil edir.

Eyni zamanda, hər 100 ailəyə düşən telefon  aparatlarının  sayı 68,8 ədəd təşkil edir. Bu göstərici Bakı şəhəri üzrə 136,6 ədəd, respublikanın digər ərazilərində isə 47,6 ədəddir.Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir.
 
Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, 2011-ci illə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2.2 dəfə artaraq təqribən 200 Gb/s-ə çatıb. 

2012-ci ilin 6 ayı ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.3 mln. dəqiqə azalaraq 316.8 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 9.9 mln. dəqiqə artaraq 93.0 mln. dəqiqə təşkil edib.

Azərbaycanın tranzit qovşağa çevrilməsi məqsədilə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilərək Gürcüstanın dünya ölkələrinə çıxış telefon trafikinin alternativ olaraq Azərbaycan üzərindən yönləndirilməsi təmin olunub.

Xəzər dənizaltı fiber-optik kabelin tikintisi ilə əlaqədar Qazaxıstanın "KazTransCom" şirkəti və TASİM lyihəsi çərçivəsində müvafiq məsləhətçi şirkəti ilə müqavilələr əsasında tədbirlər davam etdirilib.
 
İLK TELEKOMMUNİKASİYA PEYKİ
 
Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması üzrə işlər hesabat dövründə də davam etdirilib.

Hesabat dövründə Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi davam etdirilmiş, noyabr ayının sonuna və ya dekabr ayının əvvəlinə istismara tam hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur.
Telekommunikasiya peykinin hazırlanması üzrə işlər qrafik üzrə aparılır. Peykin test prosesləri may ayında  başlayacaqdır. Peykin istehsalı və orbitə çıxarılması xərclərinin maliyyələşdirilməsi məqsədilə xarici maliyyə inistitutları ilə imzalanmış kredit sazişlərinə uyğun olaraq kredit vəsaitlərindən istifadə olunaraq, şirkətə ödənişlər aparılır.

AZERSPACE-1 telekommunikasiya peykinin orbitə çıxarılması və peykin orbitdə ilkin istismar dövrü üzrə sığorta olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir.

Cari ilin 6 ayı ərzində ölkəmizin ilk aşağıorbitli yerin məsafədən zondlama peykinin hazırlanması, sığortası və orbitə çıxarılması üzrə tender elan olunmuş və hazırda tender təkliflərinin qiymətləndirilməsi aparılır.

Hesabat dövründə operatorlar arasında qarşılıqlı arabağlantı münasibət­lərinin tənzimlənməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilib. Operatorlar arasında qarşılıqlı hesablaşmalarda yaranmış problemlərin və mübahisələrin həll edilməsi məqsədilə tərəflər arasında görüşlər keçirilmiş və müzakirələr aparılıb. 
 
 İKT-nin CƏMİYYƏTDƏ TƏTBİQİ
 
Hesabat dövründə informasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülüb.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında elektron xidmətlərin tətbiqinin vacibliyi ilə bağlı tapşırığından sonra dövlət orqanları tərəfindən elektron xidmətlərin təşkili prosesi daha da sürətlənib.

Belə ki, həmin tapşırıqdan ötən müddət ərzində  "Elektron hökumət" şlüzünə qoşulan qurumların  sayı 16-dan 30-a, onların "Elektron hökumət" portalına inteqrasiya edilən elektron xidmətlərinin sayı 56-dan 119-a, e-imza alan qurumların sayı 9-dan 25-ə yüksəlib. Qeyd edək ki, ümumilikdə 1926 ədəd e-imza verilib.     RİTN, Azərbaycanın Təhsil Nazirliyi, "HP" və "Microsoft" şirkətləri ilə birgə "Xalq kompyuteri" layihəsi davam edir. Hal-hazırda 18 435 nəfər layihə iştirakçısı kompyuter əldə edib.
 
REYRİNQLƏRDƏ ÖNDƏYİK
 
Hazırda ölkənin bütün yaşayış məntəqələrində əhalinin genişzolaqlı xidmətlərə yüksəkkeyfiyyətli çıxışını nəzərdə tutan respublikada genişzolaqlı internet xidmətlərinin təşkili layihəsi üzərində iş aparılır.
  Bu sahədə görülən işlərin nəticəsidir ki, Dünya İqtisadi Forumunun "The Global Information Technology Report 2012" hesabatında Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi"nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlib. Bu hesabata əsasən ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də liderdir.
Bu il ölkəmizdə "Eurovision-2012" beynəlxalq əhəmiyyətli mahnı müsabiqəsi yüksək səviyyədə keçirilmiş və bu müsabiqənin təşkilində rabitə xidmətlərinin keyfiyyətli və dayanıqlı göstərilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb.
 
GƏLƏCƏYƏ BAXIŞ
 
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının rabitə və informasiya texnologiyaları sahəsi üzrə bölməsinin hazırlanması məqsədilə RİTN-in əmri ilə Komissiya yaradılıb. Habelə Komissiyanın tərkibində işçi qrupu fəaliyyət göstərir. İşçi qrupu tərəfindən İnkişaf Konsepsiyasının İKT bölməsi ilə əlaqədar arayış hazırlanaraq Prezident Administrasiyasına təqdim olunub. Hal-hazırda İnkişaf Konsepsiyasının İKT üzrə bölməsinin yekun varinatı üzrə işlər İşçi Qrupda yekunlaşmaq üzrədir.

İKT üzrə bölmənin hazırlanması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə dəyirmi masa keçirilib. Dəyirmi masada İKT-nin inkişafı və gələcəkdə bu sahə ilə bağlı həyata keçiriləcək layihələr haqqında geniş məlumat verilmiş və bu sahədə geniş müzakirələr aparılıb.
 
KEYFİYYƏTLİ TELERADİO YAYIMI
       
Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2012-ci ilin 6 ayı ərzində "Teleradio" İB tərəfindən 21 ədəd müxtəlif təyinatlı avadanlıqlar qurularaq istismara verilib. Bundan 17 ədədi analoq radio-TV verici, 4 ədədi isə DVB-T TV rəqəmli vericilərdir.
  Televiziya və radio proqramlarının əhali üzrə yayım əhatəsi AzTV üzrə 99,9%, 2005-ci ildə yaradılmış İctimai TV üzrə 89,0%, Lider TV üzrə 55,8%, ATV üzrə 82,2%, ANS TV üzrə 80%, Xəzər TV üzrə 78%, ATV-İNT üzrə 23%, Mədəniyyət TV üzrə isə 70% təşkil edir. 

Hazırda respublika əhalisinin yaşadığı ərazi­lərin 85%-i açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib. İyul ayının sonuna kimi əlavə olaraq 6 ədəd rəqəmli TV vericinin quraşdırılması nəzərdə tutulur ki, bununla da  rəqəmli yayımın əhatə faizi 87%-ə yüksələcəkdir.

2012-ci ilin 6 ayı ərzində DRİ tərəfindən daxil olunmuş müraciətlərə uyğun olaraq 302 müəssisə və təşkilatlarda istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilmiş və müvafiq texniki baxış aktları tərtib olunub. Texniki baxış zamanı dövlət qeydiyyatından keçməyən 723 ədəd REV aşkarlanıb. Onlardan 143 ədədi qeydiyyata salınmış, 274 ədədi möhürlənmiş, 305 ədədinin qeydiyyata alınması üçün isə müvafiq tədbirlər görülür və 1 ədədi isə silinib.

Efirə radiomübadilənin düzgün aparılmaması ilə bağlı 181 ədəd qayda pozuntusu aşkar olunmuş və aidiyyatı istifadəçilərə xəbərdarlıq məktubları göndərilib. 20 qeydiyyatda olmayan tezlik aşkarlanmış və bu məqsədlə təkrar radionəzarət aparılır və qanunvericilik əsasında müvafiq tədbirlər görülür.

Respublika ərazisində yayımlanan TV və FM radio proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə DRİ-nin mütəxəssisləri tərəfindən respublikanın   yaşayış məntəqələrində TV siqnallarının elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb. Həmçinin radiomonitorinq işləri aparılıb. Monitorinq nəticəsində televiziya yayımı üzrə 52 məntəqədə 712 ölçü, radioyayımı üzrə isə 51 məntəqədə 545 ölçmə işləri aparılıb.

Respublika ərazisində qonşu dövlətlərdən yayımlanan radio və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsini ölçmək məqsədilə 24 şəhər və rayon ərazisində radiomonitorinq işləri aparılıb.




Baxış sayı: 1267

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024