12px13px15px17px
Tarix:23/07/12

2013-cü ildən vətəndaşlara elektron daşıyıcısı olan ümumvətəndaş, xidməti və diplomatik pasportlar veriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli qanununun tətbiqi haqqında fərman verib.

Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini və pasportun etibarlılıq müddəti nəzərə alınmaqla, 1 yaşınadək, 1 yaşından 3 yaşınadək və 3 yaşından 18 yaşınadək uşaqlar üçün ümumvətəndaş pasportunun verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun fərqli məbləğləri barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabineti eyni zamanda beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumvətəndaş pasportunun verilməsinin və dəyişdirilməsinin daha qısa müddətləri barədə təkliflərini və Beynəlxalq Mülki Aviasiya Təşkilatının "Bir pasport - bir şəxs" konsepsiyası və bu sahədə xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində və 6-cı maddəsinin birinci hissəsində göstərilən şəxslərin uşaqlarının müvafiq olaraq xidməti və ya diplomatik pasport almaq hüququnun yarandığı hallar barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Fərmana əsasən, Nazirlər Kabinetinə Milli Məclisin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı ilə təsdiq edilmiş "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin ləğv edilməsi barədə təkliflərini və yeni Əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılır.

Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

O cümlədən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Nazirlər Kabineti 2013-cü il iyunun 1-dən Azərbaycan Respublikası vətəndaşlarına elektron daşıyıcısı olan ümumvətəndaş,  xidməti və diplomatik pasportların verilməsini təmin etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

RƏVAN




Baxış sayı: 1084

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024