12px13px15px17px
Tarix:30/07/12

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı xeyli artıb

Cari ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5,23 faiz artaraq 12 898 nəfərə yüksəlib. 2012-ci il iyulun 1-i tarixinə olan statistikaya əsasən, ümumilikdə 95 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında əvvəlki hesabat dövrlərində olduğu kimi, Türkiyə vətəndaşları (7497 nəfər) çoxluq təşkil edir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. Onun sözlərinə görə, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1527 nəfərə çatıb.

Üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə hazırda 672 nəfərdir. Sonrakı yerlərdə İran İslam Respublikası (423), Hindistan (289), Çin Xalq Respublikası (257), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (165), Özbəkistan (161), Bosniya və Herseqovina (128),  Pakistan İslam Respublikası (114), Almaniya (111) , Ukrayna (107),  Filippin (106), İtaliya (91),  Türkmənistan (86), Malayziya (80),  Qazaxıstan (76),  ABŞ (70) və s. ölkələr gəlir: "2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb.

Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir".

Qeyd edək ki, ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə, DSMF hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır.

Bu zaman sığortaolunanın DSMF-də uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən hüquqi sənəd - sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir. Fərdi şəxsi hesabda toplanmış vəsait haqqında məlumatların isə "Elektron Hökumət" Dövlət İnformasiya Sistemi (EHDİS) Elektron Xidmətlər Portalı vasitəsilə əldə edilməsi mümkündür.


HƏQİQƏT




Baxış sayı: 943

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024