12px13px15px17px
Tarix:10/08/12

Yaxın Şərqdə daha bir virus aşkar edilib

"Kasperski Laboratoriyası”nda çalışan ekspertlər Yaxın Şərq ölkələrindəki şəxsi kompyuterlərə hücum edən virus aşkar ediblər. Virus Beynəlxalq Telekommunikasiya İttifaqının (BTI) təşəbbüsü ilə kibertəhlükələrin yaranmasına qarşı dövlətlərin təhlükəsizliyi yoxlanılan zaman aşkar edilib. Bu barədə avqustun 9-da şirkətin bloqunda bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, "Kasperski Laboratoriyası”nın eksperti Aleksandr Qostevin sözlərinə görə, “Gauss” adlandırılmış virus strukturuna görə bu yaxınlarda aşkar edilmiş “Flame” virusu ilə oxşardır. “Gauss” troyan proqramıdır və əsasən kompyuterdən bank kartları nömrələrinin, giriş şifrələrinin və digər maliyyə informasiyasının ələ keçirilməsi üçün nəzərdə tutulub. Laboratoriyanın mütəxəssisi Serqey Nikitinin sözlərinə görə, “Gauss” virusu “Flame” ilə oxşarlığına görə şirkətin ekspertləri tərəfindən kibersilah kimi qəbul edilib.

Şirkətin verdiyi məlumata görə, Yaxın Şərqdə 2 mindən çox  kompyuter bu virusun “qurban”ı olub. Virusa yoluxmuş kompyuterlərin əksəriyyəti Livanda yerləşir. Virus Livan banklarından əlavə, “Citibank” bankının müştərilərinin və “PayPal” elektron ödəmə sisteminin istifadəçilərinin kompyuterlərinə hücum edib.
"Kasperski Laboratoriyası”nda çalışan mütəxəssislərin fikrincə,  “Gauss” virusu ilk dəfə 2011-ci ilin avqust-sentyabr aylarında tətbiq edilib.

Məlumat üçün bildirək ki, “Flame” troyanı mayda İran, İsrail, Sudan, Suriya və digər Yaxın Şərq ölkələrində aşkar edilmişdi. Virus yoluxdurduğu kompyuterlərdən elektron yazışmaları, sənədləri, şəbəkə mühiti haqqında və digər informasiyaları “oğurlayırdı”. “Flame” virusunun “qurban”ı həm şəxsi istifadəçilər, həm də dövlət təşkilatlarının kompyuterləri olmuşdular.
 
EMİL




Baxış sayı: 1335

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024