12px13px15px17px
Tarix:11/08/12

Zərərli elektromaqnit şüalanmanı azaldan bioenerjili kart hazırlanıb

"Mobil telefonunuz varmı?"- deyə soruşmaq, yəqin ki, bir o qədər də aktual deyil. Ötən əsrin axırında məişətimizə daxil olmuş bu qurğu milyardlarla insanın gündəlik həyatının əsas atributlarından birinə çevrilib. Əlbəttə, bir çoxumuz olduqca gərəkli olan bu aksessuarın müasir insan üçün əhəmiyyətini başa düşsə də, onun sağlamlığa vurduğu zərər barədə də düşünməyə bilmir.

Bu məsələni Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, texnika elmləri doktoru, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının (AMYA) prezidenti Nizami Süleymanov araşdırıb. Alimin sözlərinə görə, mobil telefonlardan istifadə zamanı elektromaqnit şüaların beynin hüceyrələrinə və bütövlükdə insanın sağlamlığına mənfi təsir göstərməsi problemi dünya alimlərinin daim diqqət mərkəzindədir.

Müəyyən edilib ki, mobil telefonların elektromaqnit şüaları bədxassəli beyin şişləri əmələ gətirir, qanın tərkibində dəyişikliklərə, sonsuzluğa, baş ağrılarına, immunitetin zəifləməsinə və onlarca digər xəstəliyə gətirib çıxarır.

AMEA-nın və Azərbaycan Texniki Universitetinin bir qrup alim və mütəxəssisi elektromaqnit şüaların mənfi təsirini azaltmaq üçün nanotexnologiya sahəsinin son nailiyyətləri əsasında prinsipcə yeni məhsul – BNK-1 TL (Model 1) biokartı yaradıblar. Bu məhsulun istehsalı AMYA nəzdində təşkil edilib. Yeni məhsulun ölkəmizdə, habelə xaricdə son illər sınaqdan keçirilməsi zamanı bəlli olub ki, mobil telefonun insanın sağlamlığına mənfi təsir göstərən elektromaqnit şüaları kəskin azalıb.

Bu azalma nəticəsində şüaların əmələ gəlməsinə sərf olunan enerji həcmi də xeyli aşağı düşüb, bu səbəbdən telefon akkumulyatorlarının boşalması müddəti 1,5-3 dəfə artıb. Elektromaqnit şüaların zəifləməsi bir çox təhlükəli xəstəliklərin törəməsi riskini də əhəmiyyətli dərəcədə azaldıb.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi BNK-1 TL (Model 1) biokartının sözügedən xüsusiyyətlərə müvafiq olduğunu təsdiq edərək onun insan sağlamlığına faydasını nəzərə alaraq, həmin məhsulun istehsalı və satışı üçün zəruri olan icazə sənədlərini verib. Akademik müasir dövrümüzdə aktual olan məmulatların bəzi sirlərini də açıb.

Elmi işlərin bir hissəsi Texniki Universitet nəzdində yaradılmış, texnika elmləri doktoru, professor Arif Məmmədovun başçılıq etdiyi "Nanostrukturlu materialların sintezi və tətbiqi problemləri" laboratoriyasında həyata keçirilir. Laboratoriyanın yaradılmasında təhsil naziri və universitetin rektoru böyük rol oynayıblar. Tədqiqatlar zamanı indiyədək elmə məlum olmayan yeni effektlər üzə çıxarılıb.

Müəyyən edilib ki, bəzi bitkilərin yanması zamanı müsbət enerji ayrılır və bu baxımdan ən səmərəli bitki sədəfotudur. Bu otun auranı təmizləmək xassələri Azərbaycanda lap qədimlərdən məlumdur. Ana dilimizdə onu "üzərlik" adlandırırlar. Məhsullarımızın əsasını bu bitkilərlə nanohissəciklərin qatışığı təşkil edir. Həmin qarışıq biokarta çilənir.

Mobil telefonun şüalanmasını bitki enerjisi azaldır?

Akademik Nizami Süleymanov biokartın insan orqanizminə çox ciddi müsbət təsirə malik olduğunu söylədi:

- Müəyyən metalların atomar ölçüyə qədər xırdalanması və eyni zamanda müəyyən bitkilərin müsbət, pozitiv bioenerjiyə malik olması bizi düşündürürdü. Belə bitkilərdən biri də üzərlikdir. Metal, plastik və bitki ovuntularının nanoölçülər həcmində bir araya gətiriləndən sonra elektromaqnit şüalara qarşı əks-təsiri öyrənməyə qərar verdik. Nəticədə nanoölçülərə malik ovuntuların, bitkilərin enerjilərini biokarta ötürməyi bacardıq. Beləcə, BNK-1 biokartını yaratdıq. Bu modelin təfərrüatlarından danışıb oxucuları yormaq və eyni zamanda, elmi kəşfin sirrini açmaq istəməzdim.

- Bəs yaxşı, bu biokartın iş prinsipi nədir?

- Dədə-babalarımızdan üzübəri insanlar bəzi bitkilərdən bəd nəzərdən və şər ruhlardan qorunmaq üçün istifadə edir. Bu, mənasız və boşuna edilən işlər deyildi, çünki müəyyən bitkilərin güclü pozitiv bioenerjisi olur. "Cini-şeytanı qovan" həmin bitkilərdə, sən demə, müsbət biofiziki sahə varmış. Bu sahənin özünəməxsus, xeyirli üstünlükləri var. Həmin üstünlüklərdən tək mobil telefonlar üçün biokartlarda yox, başqa sahələrdə də tətbiq etmişik. Məsələn, avtomobil sənayesində, hidrokarbon materialların yanmasında və s. həmin pozitiv bioenerjidən istifadə yaxşı nəticələr verib. Konkret desək, icad etdiyimiz biokart vasitəsilə mobil telefonda pozitiv bioenerji mənbəyi vasitəsilə elektromaqnit dalğaların şüalanmasının mənfi effekti dəfələrlə aşağı salınır. Rəqəmsal fotoaparat və ya yaddaş kartlarında məlumat qaldığı kimi, biokart da bioenerjini saxlayır.

- Kartın ölçüləri nə qədərdir?

- Eni 22, uzunu 42, qalınlığı isə 02 millimetrdir.

- Mobil telefonun elektromaqnit şüalanmasını azaltmaq üçün bu kartı telefonun içinə yerləşdirmək gərəkdir?

- Bəli. Kart telefonun içində olanda, mobil telefonun elektromaqnit şüalanmasının qarşısını kəskin şəkildə alır, şüalanma səviyyəsini xeyli aşağı salır. Bəhs etdiyim effekt bizə illər əvvəl məlum olsa da, indi genişmiqyaslı sınaqlar apardıq və işə müvafiq dövlət qurumlarını, sertifikat və lisenziyası olan avadanlıqlara malik strukturları cəlb etdik. Əsas məsələlərdən biri də biokartın işləklik müddətini müəyyənləşdirməkdir. Bu müddətin bir ay, beş-altı ay və ya bir il olduğunu bilmək istərdik. Hazırladığımız biokarta 6 ay təminat versək də, onu sınaqlar başlayandan bəri işlədənlər az deyil.

Məlum olur ki, biokart bir ildən artıq müddətdə də əla çalışır, akkumulyasiya etdiyi bioenerjini qoruyur. Digər tərəfdən, mobil telefonun elektromaqnit şüalanması azaldığından, onun akkumulyatorunun enerjisaxlama müddəti 1,5-3 dəfə artır. Elektromaqnit şüalanmanın insan orqanizmində beyin xərçəngi və sonsuzluqdan tutmuş, halsızlığa qədər ən müxtəlif xəstəliklər, fəsadlar yaratdığı barədə də geniş danışmaq istəmirəm. İnternetdə axtarış verilərsə, dünyanın ən nüfuzlu və məşhur elm mərkəzlərinin də bu problemlərlə bilavasitə məşğul olduğunu görərik.

- Alimlər qrupunun tədqiqatının və sınaqlarının nəticəsi olan biokart rəsmi qeydiyyata alınaraq təsdiqlənibmi?

- Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq komissiyaları biokartı yoxlayıblar, ona sertifikat veriblər. Həmin sənədə uyğun olaraq biokartı Azərbaycanla yanaşı, xarici ölkələrdə də satışa çıxarmaq və tətbiq etmək olar. Biokartın ikinci variantı var - o, kompyuterlər və televizorlar üçün nəzərdə tutulub. Həmin kart bir qədər böyükdür, 6x9 sm ölçüdədir.

Bəhs etdiyim kart kompyuterin monitorunun arxasına yapışdırılanda elektromaqnit şüalanmasının səviyyəsi xeyli aşağı düşür. Bu kartdan istifadə edənlərdə başağrısı və halsızlıq müşahidə olunmur. Türkiyədə biokartlarımızın geniş tətbiqi nəzərdə tutulur və bunun üçün xüsusi şirkət də yaradılıb. Eyni işlər Sinqapurda və Avropada da görülür.

Mobil telefon şüalanmasından necə qorunmalı?

Azərbaycanlı alimlərin icadının effektiv olub-olmamasından asılı olmayaraq, mobil telefonun elektromaqnit şüalanmasından qorunmaq istənilən halda gərəkli və vacib məsələdir. Əvvəla, bildirək ki, mobil telefonların elektromaqnit şüalanmasının zərərini müəyyənləşdirən əmsal "SAR" (Specific Absorption Rates — xüsusi udma əmsalı) adlanır. "SAR" bir saniyə ərzində insan orqanizminin toxumalarına təsir edən elektromaqnit şüalanması enerjisinin maksimal səviyyəsidir.

ABŞ-da mobil telefonlar üçün "SAR"-ın maksimal həddi 1.6 Vt/kq, Avropa Birliyində 2 Vt/kq təşkil edir. Daha çox "SAR" göstəricisi metal korpuslu mobil telefonlarda olur. Çünki metal korpus radiodalğaları ekranlaşdıraraq qaytardığından mobil telefonun ötürücüsü daha dayanıqlı və sabit əlaqəni təmin etmək üçün intensiv işləyir. Mobil telefonun korpusunun yuxarı hissəsi, antena olan yer əllə örtülməyəndə də "SAR" yüksək olmur. Danışan zaman, yəni səs ötürüləndə "SAR" maksimal həddə çatır, danışığa qulaq asanda isə aşağı düşür.

Əgər rabitənin stabil və keyfiyyətli olmadığı yerdə mobil telefonla danışırsınızsa, onda "Bluetooth"-qarniturdan istifadə etmək məsləhətdir. Belə qarnitur yoxdursa, onda mobil telefonu qulağınıza yalnız zəng etdiyiniz adam cavab verəndən sonra yaxınlaşdırın. n Çünki telefon bağlantı yaradarkən "SAR" pik həddə çatır.

...Mobil telefonun insan orqanizmi üçün zərərli olub-olmamasına rəğmən, indiki dövrdə, mübaliğəli də olsa, onsuz yaşam çətindir. Bununla belə, bu rabitə vasitəsi ilə düşünülmüş davranış orqanizminiz üçün faydalı olar. Unutmayın ki, adi su belə, qədərindən artıq içiləndə insana ziyandır.



Baxış sayı: 1844

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024