12px13px15px17px
Tarix:25/08/12

İstehlakçı mobil telefon alarkən hüquqlarını necə müdafiə edə bilər?

Azərbaycanda mobil telefon bazarı genişlənir, ölkəyə gətirilən mobil telefon modellərinin sayı günü-gündən artır. Amma bu gün respublikaya leqal qaydalarla yanaşı, qeyri-leqal yollardan istifadə edib, gizli yolla mobil telefon və müxtəlif telefonlara aid aksesuarlar gətirmək istəyənlərin də sayı az deyil.

Xeyli müddətdir ki, “ICTnews” elektron xəbər xidməti Dövlət Gömrük Komitəsinə (DGK) istinadən gömrük nəzarətindən gizlədilmiş, ölkəyə qanunsuz yolla keçirilməsinə cəhd edilən telefonlarla bağlı xəbərlər yayır. Hərçənd bu faktların elə gömrük postunda da qarşısı alınıb.

Amma birdən hansısa yolla yenə bu məhsullar ölkənin daxili bazarına yol taparsa? İstənilən halda, bunun mümkün olmayacağı iddia edilsə belə, daxili bazar bu gün keyfiyyətsiz telefonlardan da istisna deyil. Ona görə də hansı məqsədlə istifadəsinə üstünlük verəcəyindən asılı olmayaraq, bütün istifadəçilər mobil telefon seçimində bəzi məsələləri diqqətdə saxlamalıdırlar.

Mobil telefon bazarında çeşidin artması istehlakçı hüquqlarını gündəmə gətirir


 İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) də qeyd edir ki, mobil telefon bazarında çeşidin artması istehlakçıların bu sahədə hüquqları ilə bağlı məsələləri bir daha gündəmə gətirir.

Dövlət Xidmətindən “Rabitə dünyası”na bildirilib ki, mobil telefonlarla bağlı yaranan problemlərin həlli məqsədilə istehlakçılar ilk növbədə telefonu aldığı yerə müraciət edir: “Satıcı isə bəzi hallarda hətta zəmanət müddəti ərzində istehlakçının tələbini yerinə yetirməkdən boyun qaçırır ki, bu da mübahisələrin yaranmasına səbəb olur. Bununla bağlı nə etmək olar, istehlakçı mobil telefon alarkən hüquqlarını necə müdafiə edə bilər və s. kimi suallara aydınlıq gətirəcəyik. Birinci növbədə onu nəzərə almaq lazımdır ki, ölkə ərazisində satışa yalnız Azərbaycan Respublikası qanunlarının tələblərinə cavab verən məhsullar çıxarıla bilər. Mövcud qanunvericiliyin tələbinə görə, satışa çıxarılan mobil telefonlar müvafiq orqanlar tərəfindən sertifikatlaşdırılmalıdır”.

Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, mobil telefon aparatları sertifikatlaşdırılmalı mallar sırasına daxildir:

“Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında qərarına əsasən, ölkəyə idxal edilən telefonlar harada istehsal olunmasından asılı olmayaraq, “Mobil cihazların qeydiyyat sistemi”ndə qeydiyyata alındıqdan sonra satışa çıxarıla bilər”.

Mobil cihazları ölkəyə idxal edən hüquqi və fiziki şəxslərin təqdim etdiyi məlumatlar 3 gün araşdırılır

Sözügedən qaydalara görə, şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həmin mobil cihazı ölkəyə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət edilir.

Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini (xarici ölkənin vətəndaşı olduqda isə pasportunun əslini) qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbəsinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və İMEİ nömrəsini bildirməklə yanaşı, mobil cihazının qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur.

Poçt vasitəsilə ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması üçün isə mobil cihazı poçt vasitəsilə alan şəxs tərəfindən şəxsiyyətini təsdiq edən sənədi, poçtla gətirilməsi barədə müvafiq sənədləri, alınmış mobil cihazın marka və modelini, həmçinin İMEİ nömrəsini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbəsinə) təqdim edir və mobil cihazının qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur.

Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilmiş məlumatlar qeydiyyat mərkəzi tərəfindən 3 iş günü ərzində araşdırılır və Dövlət Gömrük Komitəsi tərəfindən “Mobil cihazların qeydiyyat sistemi”nə elektron formada göndərilən İMEİ nömrələri ilə müqayisə edilir.

Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə mövcud qanunvericiliyə müvafiq olaraq gətirilən hər bir mobil cihazın İMEİ nömrəsi ən gec 30 gün müddətində bu qaydaya uyğun qeydiyyatdan keçirilməlidir.

“Əgər sadalananlar mağaza lövhəsində yerləşdirilməyibsə, mobil telefon alınması məsləhət görülmür”    

   Daxili bazarda telefon seçiminə gəlincə, ASİHMDX-dən qeyd edilib ki, istehlakçı mobil telefonu alarkən onun satıcısı ilə maraqlanmalıdır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, satıcı istehlakçıya öz təşkilatının adı, ünvanı və iş rejimi barədə məlumatları verməli və göstərilmiş bu məlumatları mağaza lövhəsində yerləşdirməlidir:

“Əgər sadalanan məlumatlar mağaza lövhəsində yerləşdirilməyibsə, mağaza əməkdaşlarından mağazanın tam adı və hüquqi ünvanı öyrənilməlidir. Belə məlumatları təqdim etməyən mağazadan mobil telefon alınması məsləhət görülmür. Mobil telefonun keyfiyyətinə əmin olmaq üçün onun sənədlərinə də diqqət yetirilməlidir. Belə ki, mobil telefonların müvafiq sənədləri, o cümlədən pasportu, zəmanət talonu və uyğunluq sertifikatı olmalıdır”.

Dövlət Xidmətindən vurğulanıb ki, mobil telefon alarkən mal barədə zəruri və ətraflı məlumatların verilməsini tələb etmək lazımdır. İstehlakçının müraciətinə əsasən, satıcı onu cihaz və onun istifadəsi qaydası ilə tanış etməli və bu zaman cihaz yığılmış texniki hazır vəziyyətdə istehlakçıya nümayiş olunmalıdır. Həmçinin satıcı istehlakçının müşayiəti ilə malın keyfiyyəti, onun komplektliliyi və əmtəəyə aid olan bütün sənədlərin mövcudluğunu yoxlamalıdır.

Saxta telefonları orijinallardan ayırd etməyə imkan verən bənzərsiz üsul 


Keyfiyyətli telefon müvafiq sertifikata da malik olmalıdır. Həmçinin saxta telefonları orijinal telefonlardan ayırd etməyə imkan verəcək digər bir üsul telefonun fərdi nömrəsi, mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə - İMEİ (International Mobile Equipment Identification) kodunun yoxlanmasıdır.

Belə ki, telefonun korpusunda yazılmış İMEİ kodla qablaşdırma və ya batareyanın akkumulyatorunun altında göstərilmiş İMEİ kodlar üst-üstə düşmürsə, bu, telefonun orjinal olmadığının göstəricisidir. Bundan başqa, satıcı mal ilə birlikdə istehlakçıya müvafiq sənədləri də təqdim etməlidir.

Buraya, kassa çeki, istehsalçı tərəfindən müəyyən edilmiş ləvazimat komplekti və sənədlər, zəmanət talonu daxildir: “Telefonda hər hansı qüsur aşkarlandıqda ilk növbədə zəmanətli servis mərkəzinə və ya satıcıya müraciət etmək lazımdır. Yaxşı olar ki, müraciət yazılı edilsin və müraciətin çatdırılmasını təsdiq edən imza və ya qəbz olsun. Satıcı istehlakçının şifahi və yazılı müraciətlərinə cavab vermirsə, istehlakçının aidiyyəti dövlət orqanları və məhkəməyə müraciət etmə hüququ var”.

Mobil cihazda istehsal qüsuru aşkarlanarsa...

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, malda, o cümlədən mobil telefonda qüsur aşkar edildiyi təqdirdə istehlakçının bir sıra hüquqları mövcuddur. Bu hüquqlar - qüsurun pulsuz aradan qaldırılması və ya qüsurun istehlakçı, yaxud üçüncü şəxs tərəfindən aradan qaldırılması üçün çəkilmiş xərclərin ödənilməsi, cihazın alış qiymətinin müvafiq məbləğdə azaldılması, cihazın analoji modelli mala dəyişdirilməsi, cihazın fərqli modelli mala dəyişdirilərək satış qiymətinin yenidən hesablanması, alqı-satqı müqaviləsinin ləğvi və ödənilmiş məbləğin geri qaytarılmasıdır.

Mobil cihazda istehsal qüsuru aşkar edilərsə, istehlakçı ona dəymiş zərərin tam həcmdə ödənilməsini tələb etmə hüququna malikdir: “Amma istehlakçı mobil cihazı yerə salıb, yaxud istehlakçının təqsiri ucbatından telefonun daxilinə nəmişlik sızıbsa, digər qüsurlar yaranıbsa, istehsalçı yaranmış qüsurlara görə heç bir zəmanət məsuliyyəti daşımır.

Lakin bu halda da satıcı və ya icraçı ödənişli şərtlə malı təmir etməlidir. İstehlakçı zəmanətli təmir hüququndan istifadəyə üstünlük verdiyi təqdirdə satıcı malı qəbul edərkən zəruri sənədləşdirmə aparılmalı, burada telefonun vəziyyəti, zahiri görkəmi, fiziki zədələrin mövcudluğu, qəbul tarixi, qəbul olunarkən mövcud olan qüsurlar və mağazanın ştampı öz əksini tapmalıdır”.

Servis xidməti müəssisələri “Qüsur aktı”, “Təmir qəbzi”ndən niyə “qorxurlar?” İstehlakçıya mütləq malın təhvil verildiyini təsdiq edən sənəd verilməlidir: “Bu sənəd adətən akt, qüsur aktı, təmir qəbzi adlandırılır. Həmin sənəd istehlakçıda qalmalı və ya aparılan təmir işləri barədə zəmanət talonunda tarixi göstərilməklə dəqiq qeydlər aparılmalıdır.

Bunların heç biri olmadıqda telefonda dəfələrlə aparılmış təmir işlərini sübut etmək çətinlik yaradır ki, bu da malın dəyişdirilməsi və ya qaytarılması tələbini irəli sürərkən problem yaradır. Məhz bu səbəbdən də bəzi servis xidməti müəssisələri telefonu təmirdən sonra istehlakçıya təhvil verərkən zəmanət talonunda qeyd aparmır, həmin aktı geri tələb edir”.

Təmirdən qaytarılmış telefonu qəbul edərkən də istehlakçılara diqqətli olmaları və təhvil-təslim sənədlərinin doğru tərtibatına fikir vermələri tövsiyə olunur. Təmir edilmiş mobil telefonun iş qabiliyyəti yoxlanılmalı və istehlakçıya nümayiş etdirilməlidir. İstehlakçıların hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsızdır İstehlakçılar telefonun zəmanət talonunda əks olunan zəmanət şərtlərinə də fikir verməlidirlər.

Bir çox hallarda bu şərtlər qanunvericiliklə ziddiyyət təşkil edir. Belə ki, malın əsas komplektləşdirici hissələrinə zəmanət verilmədiyi, zəmanət talonu itirildikdə, düzgün doldurulmadıqda, zəmanətin ləğv olunduğu və digər qanunsuz şərtlər məcburi istehlakçılara qəbul etdirilir: “Yaddan çıxartmaq lazım deyil ki, zəmanət müddətləri, müqavilə şərtləri ilə bağlı qanunvericiliyin öz tələbləri var və bu tələblərə əməl etmək hər bir sahibkarın borcudur. İstehlakçıların hüquqlarını pozan, bu və ya digər şəkildə məhdudlaşdıran müqavilə şərtləri etibarsızdır.

Mobil telefonların ticarət qaydaları ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müqavilə və zəmanət şərtlərinə xüsusi diqqət yetirir, bu sahədə xüsusi araşdırmalar aparılır. Qanunvericiliyə zidd olan müqavilə və zəmanət şərtlərinin ləğv edilməsi və ya qanunvericiliyə uyğunlaşdırılması təsərrüfat subyektlərinə verilən icrası məcburi göstərişlərin yerinə yetirilməsi nəticəsində təmin edilir”.

Həqiqət İSABALAYEVA

ihaqiqat@mail.ru




Baxış sayı: 1247

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020