12px13px15px17px
Tarix:06/09/12

Anadolu Universitetinin nümayəndə heyəti BDU-nun “Nanoaraşdırmalar” Mərkəzində olublar

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Anadolu Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetinin (BDU) "Nanoaraşdırmalar", "Nüvə Maqnit Rezonans", Ekoloji monitorinq üzrə elmi-tədris laboratoriyalarında,  Heydər Əliyev muzeyində, Elektron Tədris Mərkəzində olublar. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib.

Universitetdən bildirilib ki, sentyabrın 5-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Respublikasının Anadolu Universitetinin nümayəndə heyətini qəbul edib. Görüşdə Anadolu Universitetinin rektoru, professor Davut Aydın, rektor müavini, professor Mustafa Cavcar,  Aviasiya və Kosmos Elmləri dekanı, professor Mehmet Şerif Kavsaoğlu, Azərbaycan Türkiyə İş adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yanğın, Türkiyə səfirliyinin II katibi Bahar Doğan iştirak ediblər. Akademik Abel Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək, Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrindən,  qloballaşan dünyada Azərbaycanla Türkiyənin birgə addımlamasından bəhs edib.

Rektor həmçinin BDU-nun Türkiyənin bir çox universitetləri ilə əlaqəsinin olduğunu, Ankara Universitetinin hüquqşünas hazırlığı ilə bağlı ikili diplom verəcəklərini qonaqların diqqətinə çatdırıb.

Anadolu Universitetinin rektoru, professor Davut Aydın, öz növbəsində  Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində olmasından qürur hissi duyduğunu bildirib. O, Anadolu Universiteti haqda ətraflı məlumat verib.

Bildirib ki, 1 milyondan çox tələbəsi olan universitetin 16 fakültəsi, 7 institutu, 42 araşdırma mərkəzi, 1 konservatoriyası, 1 "TRT-okul" televiziya kanalı, 2 studiyası var.  Daha sonra rektor Davut Aydın  səfərdə əsas məqsədin BDU və Anadolu Universiteti arasında əməkdaşlıq əlaqələri yaratmaqdan ibarət olduğunu söyləyib. Söhbət zamanı bununla bağlı bir sıra məsələlər də müzakirə edilib.
 
HƏQİQƏT




Baxış sayı: 896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024