12px13px15px17px
Tarix:17/09/12

Milli İnternet Mükafatına start verilir

Bu ayın 20-də Milli İnternet Mükafatına – “Milli Net 2012”-yə start veriləcək. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, “Milli Net” müsabiqəsinin keçirilməsində məqsəd ölkədə İKT sektorunun, xüsusilə də internetin  inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın  təbliğini aparmaq və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir.

Bu il keçirilməsi nəzərdə tutulan “Milli Net 2012” qaydalarında müəyyən dəyişikliklər edilib. Ötən ildən fərqli olaraq 2 yeni nominasiya əlavə olunub və nominasiyaların sayı artırılaraq 13-ə çatdırılıb.

Belə ki, bu il korporativ saytlar, ictimai-sosial saytlar, Media və İnformasiya, Mədəniyyət, İncəsənət və turizm saytları, Ailə, uşaq və sağlamlıq, Asudə vaxt, idman və əyləncə, bloqlar, Elm və təhsil, Dövlət və bələdiyyə saytları, Xidmət (Servis), İstifadəçi kontenti üzərində qurulmuş saytlar, Ən yaxşı sosial şəbəkə, “StartUp 2012” nominasiyaları üzrə müsabiqə keçiriləcək. “Ən yaxşı sosial şəbəkə” nominasiyasına istifadəçilərlə informasiya münasibətlərini və xidmətlər göstərilməsini  aktiv formada “Facebook” səhifəsi üzərindən həyata keçirən qurumlar öz “Facebook” səhifələrini təqdim edə bilərlər. Bu nominasiyanın qaliblərinə  “SAZZ” şirkətinin xüsusi mükafatları təqdim olunacaq.

Azərbaycan internetində yeni saytların yaranmasını stimullaşdırmaq üçün müsabiqəyə əlavə olunan “StartUp 2012” nominasiyası üzrə yalnız 2012-ci ilə fəaliyyətə başlayan internet layihələr və saytlar yarışmaya qəbul ediləcək.

Ötən ildə olduğu kimi, qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla formalaşdırılan Münsiflər Heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir . Münsiflər Heyətinin verdiyi səslər müsabiqə başa çatdıqdan sonra ictimaiyyət üçün açıqlanır və “http://www.millinet.az/”  saytında yerləşdirilir. Münsiflər Heyətinin tərkibi yeniləşdirilib. Onların hər bir sayt üzrə verdikləri qiymətlərin əsaslandırması  zəruridir.  Ötən illərdə olduğu kimi, bu il də müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək. Qeydiyyat prosesi  20 sentyabr tarixdən başlayır və noyabrın sonunda başa çatır.

Səsvermə prosesi dekabrın 15-dək davam edəcək. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub. Müsabiqədə 13 nominasiyanın hər biri üzrə qalib gələnlərə “Milli Net”in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq. Müsabiqənin baş sponsoru “Azercell” şirkətidir.  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Delta Telekom” və “SAZZ” şirkətləri Milli İnternet Mükafatına  dəstək verirlər.

SEYMUR




Baxış sayı: 1282

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024