12px13px15px17px
Tarix:19/09/12

Arif Mailov: «Elektron sənədlərə imza qoyulanda əsas dörd xassə e-imzanın etibarlılığını təmin edir»

«XX əsrin sonlarından başlayaraq informasiya texnologiyaları sahəsində yüksəksürətli inkişaf bu sahədə müasir yeniliklərlə yanaşı, eyni zamanda müasir problemlərin həllərinə öz töhfəsini verir. Bu texnoloji həllərdən biri elektron imza texnologiyasıdır.

Elektron imza onlayn və elektron kargüzarlıq əməliyyatları zamanı istifadəçilərin identikləşməsini, eyni zamanda elektron sənədlərə imza qoymaq üçün istifadə edilir. Ölkəmizdə e-imzanın tətbiqi üçün ilkin olaraq hüquqi baza işlənib hazırlandı. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 9 mart 2004-cü il tarixdə «Elektron imza və elektron sənəd haqqında» Qanun imzalandı». Bu fikirləri “ICTnews.az” elektron xəbər xidmətinin əməkdaşı ilə söhbətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Sertifikat Xidmətləri Şöbəsinin müdiri Arif Mailov söyləyib.

Qanunun qəbulundan sonra Nazirlər Kabinetinin 2006-cı il  28 yanvar tarixli 27 nömrəli qərarına əsasən qaydaların təsdiqləndiyini xatırladan A.Mailov bildirib ki, sözügedən qaydalara elektron imzanın yoxlanılması, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadəsi, elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən mərkəzin (Sertifikat Xidmətləri Mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi, sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması, elektron sənədlərin mübadiləsi daxildir: «Hazırda Milli Sertifikat Xidmətləri Mərkəzi müvafiq qanunla eyni zamanda təsdiq edilmiş yuxarıdakı qaydalar əsasında tam gücü ilə fəaliyyət göstərir. Mərkəz tərəfindən verilən e-imza gücləndirilmiş elektron imzadır və həmçinin verilən sertifikatlar təkmil sertifikatlardır.

Verilən bu sertifikatlar vasitəsilə  imza sahibi istənilən elektron sənədə müvafiq proqram təminatı vasitəsi ilə e-imza qoya bilər. Elektron sənədlərə imza qoyulanda  əsas dörd xassə e-imzanın etibarlılığını təmin edir. Bu xassələr gizlilik (confidentiality), bütünlük (integrity), tanınma (authentication), inkaredilməzlikdir (non-repudiation).

Qeyd etmək lazımdır ki, e-imza texnologiyası assimmetrik kriptoqrafiyaya əsaslanır. Sadaladığım xassələr Açıq Açar İnfrastrukturunun əsas imkanlarını özündə əks etdirir. MSXM tərəfindən təqdim edilən e-imza sertifikatları müvafiq standartlara uyğun olaraq 3 il müddətinə təyin edilir. Bu müddət ərzində MSXM tərəfindən sertifikatların statusu tam idarə edilir.

İmza sahibinin müraciəti əsasında sertifikatların statusu dayandırılır və yaxud ləğv edilir. Bu zaman sistem tərəfindən avtomatik olaraq imza sahibinə e-mail və yaxud poçt vasitəsi ilə bildirişlər göndərilir. E-imzanın əsas üstünlükləri ondan ibarətdir ki, vaxt itkisinin qarşısı alınır, bürokratik əngəllər aradan qalxır, kağız sərfi minimuma enir».

A.Mailovun sözlərinə görə, ictimai təsir vasitələri ondan ibarətdir ki coğrafi, sosial-iqtisadi şərtləri fərqli olan fərdlər və təşkilatların elektron informasiya sisteminə daxil olmaları imkanları müxtəlif olur, bu isə məlumat almanın əsas problemidir. E-imza sözügedən problemin  həlli istiqamətində böyük bir paya malikdir.

Bu halda e-imza təhlükəsizlik, etibarlılıq, inkaredilməzlik və bütövlüyü təmin etməsi səbəbindən problemlərdə  texnoloji bir həll olaraq düşünülə bilər: «İnformasiya cəmiyyətində sənayeləşmənin, istehsal məkanlarının yerini, məlumat mərkəzlərinin və şəbəkə mühitinin göstərməsi ilə fiziki əməyin nəticələri zehni əməyin nəticələrinə çevrilib. Gələcəyin cəmiyyətinə buraxılacaq ən əhəmiyyətli məlumat bu gün təhrif edilməmiş mənbələrdəki məlumatlar olacaq. Məlumatın strateji qaynaq və informasiya cəmiyyətinin təməl dəyəri olması, bu  məlumat mənbəyində informasiyanın qorunmasını lazımlı etməkdədir. E-imza, cəmiyyətin ən əhəmiyyətli varlığı olan informasiyanı qoruyan bir quruluşdur».

SEYMUR




Baxış sayı: 2792

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024