12px13px15px17px
Tarix:26/09/12

BMT bundan sonra da Azərbaycanın həyata keçirdiyi İKT layihələrini dəstəkləyəcək

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasında BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi kimi səlahiyyət müddətini başa vuran Fikrət Akçura ilə görüşüb.

Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının dinamik  inkişaf etdiyini deyən BMT rəsmisi Ümumdünya İqtisadi Forumunun illik “Qlobal informasiya texnologiyaları” hesabatında Azərbaycanın MDB-də lider olmasını təqdirəlayiq  hal kimi dəyərləndirib. Ölkəmizin region ölkələrinin mərkəzinə çevrilməsinə də diqqət çəkən Fikrət Akçura Azərbaycanda İKT-nin gələcək inkişafı, o cümlədən birgə layihələrin həyata keçirilməsində BMT-nin iştirakının bundan sonra da təmin ediləcəyini qeyd edib.

Bu baxımdan, BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumunun da qazanılmış nailiyyətlərə töhfə verəcəyini deyən rezident əlaqələndiricisi əlavə edib ki, forum xarici ölkələrin dövlət, biznes strukturları, beynəlxalq və qeyri-hökumət təşkilatları nümayəndələrinin Azərbaycanın nailiyyətləri, uğurları ilə  yaxından tanış ola bilmələri üçün gözəl fürsət olacaq.

Gələcək inkişaf strategiyasına da toxunan Fikrət Akçuranın sözlərinə görə, gələcəkdə “Elektron hökumət” quruculuğu istiqamətində  BMT ilə birgə layihələrin həyata keçirilməsi də mümkündür. Mövcud layihələr çərçivəsində “Dilmanc” tərcümə proqramından xüsusi olaraq söz açan BMT rəsmisi bildirib ki, bu layihə gələcəkdə bəşəriyyət, həmçinin türkdilli ölkələr üçün tərcümə proqramının bünövrəsini qoyacaq.

Nazir Əli Abbasov isə öz növbəsində BMT, xüsusən BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökuməti, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında həyata keçirilən birgə layihələrin nəticələrindən məmnunluğunu ifadə edib, məhz bu layihələrin sayəsində ölkəmizdə müvafiq islahatların reallaşdırıldığını, infrastrukturumuzun zənginləşdirildiyini, insan qaynaqlarının artırıldığını vurğulayıb. Ümumilikdə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları bazarının bu layihələrdən bəhrələndiyini deyən nazir gələcəkdə də BMT və onun müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində birgə layihələrin reallaşdırılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu bildirib.

Azərbaycanda bir zamanlar donor ölkələrin hesabına müəyyən layihələrin həyata keçirildiyini də vurğulayan Əli Abbasov hazırda ölkəmizin investor qismində iştirak etməyə hazır olduğunu, bu baxımdan, BMT-nin İnkişaf Proqramının geniş spektrli, regional layihələr hazırlayacağı təqdirdə Azərbaycanın bu layihələrdə iştirakla bağlı maraqlı tərəf kimi çıxış edəcəyini qeyd edib.




Baxış sayı: 1086

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024