12px13px15px17px
Tarix:26/09/12

2012-ci ildə 17 021 təhsil işçisi İKT-nin tətbiqi üzrə təlimlərdən keçəcək

2012-ci ilin sonunadək 17021 təhsil işçisi informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində tətbiqi üzrə təlimlərdən keçəcək. "Mədəd Azərbaycan" təşkilatının direktoru Vüsal Xanlarovun sözlərinə əsasən,  "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində 110601 təhsil işçisi təlimlərə cəlb olunub.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, V.Xanlarov təhsil sisteminin pedaqoji heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə ilin sonunadək 12890 müəllim və 1000 nəfər inzibati idarəetmə heyətinin iştirak edəcəyini bildirib. Təhsil sisteminin pedaqoji heyəti üçün təşkil olunan  tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə edilməsi üzrə təlimlər iki tədris proqramından (kurikulum) ibarət olacaq. Rİ-SOL "Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi" və "İntel - Gələcək üçün Təhsil" təlim vəsaitləri vasitəsilə müəllimlər təlimlərdə şəxsiyyətyönümlü, interaktiv və inteqrativ tədris metodları haqqında nəzəri və təcrübi biliklər əldə edir.

"Elektron məktəb" layihəsi üçün seçilmiş pilot məktəblərin pedaqoji heyətinin təhsil portalından istifadə üzrə savadlılığının artırılmasına yönəldilmiş təlimlərdə 250 müəllimin iştirakı nəzərdə tutulmuşdur. 150 müəllimin "1 şagird-1 kompyuter" layihəsi,  531 müəllimin "Həmkara Dəstək" layihəsi, 200 müəllimin isə "Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması" layihəsi üzrə təlimlərdə iştirak etməsi nəzərdə tutulmuşdur.
Bundan əlavə, orta ümumtəhsil məktəblərinin seçilmiş heyəti üçün Məlumat Toplama Mərkəzindən istifadə üzrə treninqlərə 2000 nəfərin cəlb edilməsi 2012-ci ildə planlaşdırılmışdır.

V.Xanlarovun fikrincə, Azərbaycan pedaqoji heyətinin İKT sahəsində savadlılığının artması müəllimlərin beynəlxalq uğurları ilə sübut olunur. Belə ki, "Microsoft" korporasiyasının təşkilatçılığı ilə keçirilən ənənəvi innovativ müəllimlər müsabiqəsində 2011 və 2012-ci illərdə Azərbaycan müəllimləri Avropa forumunda müvəffəqiyyətlə təmsil olunaraq, qitəni Ümumdünya forumunda təmsil etmək hüququnu qazanmışdılar.

Qeyd edək ki, treninqlər "2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan ərazisində fəaliyyət göstərən 100 təlim mərkəzində keçirilir.

2005-ci ildən etibarən Dövlət Proqramlarının tətbiqi müddətində ümumtəhsil məktəblərində 110601 nəfər müəllim informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kurslarından keçmişdir ki, bu da pedaqoji kadrların 73%-ni təşkil edir.
 
HƏQİQƏT




Baxış sayı: 1180

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020