12px13px15px17px
Tarix:27/09/12

"Elektron Cinayət" İnformasiya Proqramının təqdimat mərasimi keçirilib

Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun  “ICTnews”-a verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Baş prokurorun birinci müavini Rüstəm Usubov "Elektron Cinayət" İnformasiya Proqramının Azərbaycan Prokurorluğu orqanlarının həyatında xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkə həyatının bütün sahələrinin informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə müasir dövrün yüksək tələbləri səviyyəsində qurulmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Bildirilib ki, Nazirlər Kabinetinin cari il iyulun 11-də keçirilən "2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası"nda İlham Əliyev elektron sistemə keçidin qaçılmazlığını vurğulayıb, elektron sistemə keçidi təmin etməklə və institusional islahatları həyata keçirməklə şəffaflığın artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində daha böyük nəticələr əldə olunacağını qeyd edib.

Ölkə səviyyəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar prokurorluq orqanları da bu istiqamətdə zəruri işlərin görülməsini təmin etməklə intensiv fəaliyyət göstərib. Belə ki, son illərdə prokurorluq orqanlarında həyata keçirilən islahatlar nəticəsində Baş Prokurorluqda informasiya texnologiyalarının tətbiqini həyata keçirəcək qurum yaradılıb, "Elektron Sənəd Dövriyyəsi" proqramı hazırlanaraq tətbiqinə başlanılıb, Baş Prokurorluğun idarə və şöbələri üçün xüsusi proqramların yazılması prosesinin həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Usubov xüsusi vurgulayıb ki, bu gün təqdimatına toplaşdığımız "Elektron Cinayət" İnformasiya Proqramı prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi prosesinin davamı olmaqla, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən hazırlanıb. Proqramın hazırlanması məqsədilə Baş prokuror Zakir Qaralovun 19 avqust 2011-ci il tarixli sərəncamına əsasən müvafiq komissiya yaradılıb.

Hazırlanmış proqram cinayət haqqında məlumatın daxil olduğu andan cinayət işinin məhkəməyə göndərilən günədək aparılmış prosessual hərəkətləri, o cümlədən cinayət prosesinin məhkəmə mərhələsini və müvafiq prosessual hərəkətləri özündə əks etdirir. Proqramın prokurorluğun bütün struktur qurumlarında tətbiqi nəzərdə tutulub.

Tədbirdə Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov, Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov çıxış edərək "Elektron Cinayət" İnformasiya Proqramının prokurorluq orqanlarının müasirləşdirilməsi və inkişafında, o cümlədən müasir informasiya texnologiyalarının tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirərək bu proqramı təqdirəlayiq hal kimi qiymətləndiriblər.

Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidmətinin baş mütəxəssisi Xalid Baxşəliyev "Elektron Cinayət" İnformasiya Proqramının mahiyyəti, işləmə mexanizmi, ümumiləşmələrin aparılması zamanı üstünlükləri və digər məsələlərlə bağlı iştirakçılara ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

RƏVAN




Baxış sayı: 736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024