12px13px15px17px
Tarix:08/10/12

ÜTT üzvləri Azərbaycanın kompüter və əlaqəli xidmətlər kimi bəzi xidmət sektorlarında liberal öhdəliklər götürməsini alqışlayıb

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması prosesi çərçivəsində ikitərəfli görüşlər davam etdirilir. Sonuncu görüşdə qarşı tərəfdən bir sıra sorğuları qəbul edən Azərbaycan onların təkliflərinə baxılacağını bildirib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə komissiya”dan məlumat verilib.

Komissiyadan bildirilib ki, bu istiqamətdə yay aylarına təsadüf edən son görüşlər cari ilin 23-27 iyul tarixlərində İsveçrənin Cenevrə şəhərində aparılıb: “Azərbaycanın ÜTT-yə üzv olması prosesi çərçivəsində keçirilən ikitərəfli danışıqlarla yanaşı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) mütəxəssisləri ilə çoxtərəfli məsləhətləşmələr də aparılıb.

Həmin müddətdə ABŞ, eləcə də Kanada ilə mallar və xidmətlər, Braziliya ilə mallar üzrə ikitərəfli danışıqlar, eyni zamanda Çin ilə üzvolma prosesi ilə bağlı ikitərəfli görüşlər keçirilib. Görüşlərdə aidiyyəti dövlət qurumlarının, həmçinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə təmsil olunmuş Azərbaycan tərəfinə xarici işlər nazirinin müavini, danışıqlara başçılıq edən Mahmud Məmməd-Quliyev rəhbərlik edib”.

Görüşlər zamanı Azərbaycanın adı çəkilən dövlətlərə təqdim etdiyi mallar (kənd və qeyri-kənd təsərrüfatı malları) və xidmətlər üzrə təklifləri müzakirə edilib. Müzakirələr zamanı qarşı tərəf Azərbaycanın son təkliflərində bir sıra Sektoral Təşəbbüslərə qoşulmasını, bəzi xidmət sektorlarında liberal öhdəliklərin götürülməsini alqışlayıb. Sözügedən xidmət sahələrinə kompüter və əlaqəli xidmətlər, paylaşdırma xidmətləri, maliyyə və audit xidmətləri daxildir.

Bundan başqa, danışıq aparılan ölkələr telekommunikasiya və poçt xidmətlərində xaricilər üçün bazara giriş imkanlarında yerlilərlə tam bərabər hüquqların təmin edilməsini, dağ-mədən, audiovizual xidmətlərdə öhdəliklərin götürülməsini istəyib, sənaye və kənd təsərrüfatı mallarında (xüsusən də etil spirti, donuz əti, balıq məhsulları, quş ətləri, süd məhsulları və tütün məmulatları və s.) bound tarif dərəcələrinin xeyli aşağı endirilməsini sorğu ediblər. Buna cavab olaraq Azərbaycan tərəfi qarşı tərəfin təkliflərinə baxılacağını və yeniləşdirilmiş mümkün təkliflərin təqdim ediləcəyini qeyd edib.

Bundan əlavə, həmin müddətdə ikitərəfli və çoxtərəfli danışıqlar üzrə “UNCTAD” tərəfindən təşkil olunmuş məsləhətləşmələr keçirilib və İşçi Qrupun sonuncu 9-cu iclasından sonra Azərbaycan tərəfinə ABŞ və Avropa İttifaqı  tərəfindən təqdim olunmuş suallara cavablar müzakirə edilib. Eyni zamanda kənd təsərrüfatı sahəsində “UNCTAD”-ın ekspertləri tərəfindən Azərbaycan nümayəndə heyətinin sualları cavablandırılıb.

Qeyd edək ki, Azərbaycanın ÜTT-yə üzvolma prosesi çərçivəsində apardığı ikitərəfli danışıqların başa çatdırılması haqqında imzalanmış protokolların sayı artıq 5-ə çatıb. Belə ki, Azərbaycan Türkiyə, BƏƏ, Oman, Qırğızıstan Respublikası və Gürcüstanla ikitərəfli protokollar imzalayıb. Hazırda Azərbaycan 12 ÜTT üzvü ilə ikitərəfli danışıqları davam etdirməkdədir.
 
HƏQİQƏT




Baxış sayı: 855

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020