12px13px15px17px
Tarix:08/10/12

“Nobel” mükafatı laureatı ilə Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri arasında videokonfrans keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda ölkəmizdə səfərdə olan dünya şöhrətli alim, amerikalı astrofizik və kosmoloq, Kaliforniya Universitetinin (Berkli) professoru, fizika üzrə “Nobel” mükafatı laureatı Corc Smutla Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə universitetin professor-müəllim heyəti və tələbələri arasında canlı videokonfrans keçirilib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. İnstitutdan bildirilib ki, videokonfransda universitet haqqında ətraflı məlumat verən akademik İsa Həbibbəyli NDU-nun fəaliyyəti, bu təhsil ocağının aparıcı universitet və elmi qurumlarla əməkdaşlıq əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından söz açıb.

Onun sözlərinə görə, NDU dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı, ABŞ universitetləri ilə də səmərəli ikitərəfli əlaqələr qurub və bu münasibətlərin daha da genişləndirilməsi nəzərdə tutulur. Dünya şöhrətli alimlə canlı videokonfrans vasitəsilə görüşdən qürur hissi keçirdiyini söyləyən İ.Həbibbəyli C.Smutu NDU-ya dəvət edib.

Tədbirdə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev II Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən söz açıb, 10-a yaxın “Nobel” mükafatı laureatının bu forumda iştirakının Azərbaycanın elm tarixində əlamətdar hadisə olduğunu bildirib. O, Azərbaycanın öz elmi potensialı ilə artıq beynəlxalq elmi ictimaiyyətin diqqətində olduğunu vurğulayıb: “Nobel” mükafatçıları ilə canlı videokonfrans bağlantısının keçirilməsi Azərbaycan elminin inkişafında, bilik və təcrübə mübadiləsinin aparılmasında mühüm rol oynayır”.

Sonra C.Smut NDU-nun müəllim və tələbə heyətinə “Qalaktikanın yaranışı” mövzusunda mühazirə oxuyub, konfrans iştirakçılarının suallarını cavablandırıb, onun fəaliyyətinə verilən yüksək qiymətə görə NDU kollektivinə minnətdarlığını bildirib. Ölkəmizdə olmasından məmnunluq hissi keçirdiyini söyləyən C.Smut Azərbaycanın sürətli inkişaf yolunda inamla addımladığını vurğulayıb.
 
HƏQİQƏT




Baxış sayı: 831

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024