12px13px15px17px
Tarix:06/11/12

Nazir Əli Abbasov: “Bakutel” ölkəmizdə İKT-nin ən müxtəlif sahələrində əldə olunan mühüm nailiyyətlərin beynəlxalq işgüzar dairələrə çatdırılması baxımından olduqca əhəmiyyətlidir”

Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi "Bakutel-2012" 18-ci  Beynəlxalq sərgi və konfransının öz işinə başlaması münasibətilə təbrik edirəm, hamınıza cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Bu mötəbər ənənəvi tədbir ölkəmizdə İKT-nin ən müxtəlif sahələrində əldə olunan mühüm nailiyyətlərin beynəlxalq işgüzar dairələrə çatdırılması, təşəbbüskarı və bilavasitə iştirakçısı olduğumuz regional və beynəlxalq İKT layihələrinin həyata keçirilməsi, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Azərbaycan hazırda sürətli iqtisadi inkişaf tempinə, dayanıqlı infrastruktura və kommunikasiya imkanlarına, əlverişli investisiya mühitinə malik olan ölkə kimi dünyanın diqqətini özünə cəlb etməkdədir.

Respublikamızda həyata keçirilən uğurlu  sosial-iqtisadi siyasətin davam etdirilməsi, iqtisadiyyatın enerji sektorundan asılılığının azaldılması, ixracın və rəqabət qabiliyyətinin gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması Azərbaycanın yeni inkişaf strategiyasının əsas məqsədləridir. Məhz informasiya-kommunikasiya texnologiyaları təhsil və elmin inkişafı ilə bərabər, bu hədəflərə çatmağı təmin edəcək prioritet istiqamət kimi təşəkkül tapmışdır.

Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən, Azərbaycan son 10 ildə İKT üzrə ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Mobil rabitə və internet dinamik inkişaf edir. Hal-hazırda hər 100 nəfərə 110 mobil abunəçi düşür, "4G" xidmətinin tətbiqi genişlənir. Əhalinin       65%-i, o cümlədən  onların  30%-i genişzolaqlı internet istifadəçisidir.

"Elektron hökumət"in formalaşdırılması üzrə görülən işlər dövlət idarəçiliyinin müasir prinsiplərlə həyata keçirilməsinə və əhaliyə yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaratmışdır. Bu ildən istifadəyə verilmiş "Elektron hökumət" portalı vətəndaşların dövlət orqanlarının 150-dən artıq elektron xidmətinə "bir pəncərə" prinsipi əsasında çıxışını təmin edir.

Ölkəmizin tranzit imkanlarını artırmağa  yönəlmiş informasiya magistralları – TASİM, EPEG kimi regional layihələr mərhələlərlə həyata keçirilir. Yaxın aylarda ilk geostasionar süni peykin orbitə çıxarılması Azərbaycanın kosmik sənayesini keyfiyyətcə yeni mərhələyə yüksəltməklə ölkə iqtisadiyyatının gələcək perspektivləri baxımından əhəmiyyətli olacaqdır.

Builki "Bakutel"i əvvəlkilərdən daha əlamətdar və möhtəşəm edən onun ölkəmizin ev sahibliyi etdiyi 7-ci İnternet İdarəçiliyi Forumu ilə bir vaxtda keçirilməsidir. Bəşəriyyətin gələcək inkişafı baxımından mühüm hadisə sayılan İnternet İdarəçiliyi Forumu  müxtəlif ölkələri təmsil edən dövlət və ictimai xadimlər, aparıcı biznes rəhbərləri, nüfuzlu mütəxəssislər və digər maraqlı tərəflərin qlobal internet şəbəkəsinin idarə edilməsi problemlərinin müzakirəsi və gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi üçün mötəbər platformadır. Azərbaycanın belə nüfuzlu tədbirlərə ev sahibliyi etməsi ölkəmizdə həyata keçirilən uğurlu İKT siyasətinin, o cümlədən bizim  dünyanın aparıcı təşkilatları və İKT şirkətləri ilə səmərəli əməkdaşlığımızın və beynəlxalq layihələrdə fəal iştirakımızın nəticəsidir.

Ümidvaram ki, sərgi və konfransın gedişində keçirilən görüşlər, aparılan faydalı müzakirələr qarşılıqlı əməkdaşlığın dərinləşməsinə və ölkəmizin gələcək inkişafı naminə yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəkdir.Sərgi və konfransın işinə uğurlar  diləyirəm.
 
Ən xoş arzularla:
 
Əli ABBASOV,
Azərbaycan Respublikasının
rabitə və informasiya texnologiyaları naziri

Bakı şəhəri,  6 noyabr 2012-ci il




Baxış sayı: 1788

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024