12px13px15px17px
Tarix:13/11/12

Dünyanın ən güclü super-kompüteri bəlli oldu

“Top500.org” saytının dərc etdiyi super-kompüterlərin yeni siyahısına əsasən, “Cray Titan” hazırda dünyanın ən güclü super-kompüteridir. Bu maşın “Advanced Micro Devices” (AMD) mikroprosessorları və “Nvidia”nın qrafik çipləri əsasında işləyir. Xatırladaq ki, əvvəlki lider “IBM” korporasiyasının istehsalı olan “Sequoia” super-kompüteri idi.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Sequoia” super-kompüteri 2012-ci ilin iyununda təqdim edilmişdi. O, “IBM BlueGene/Q” arxitekturasına əsaslanır və 16,32 petaflop/san gücə malikdir. “Cray Titan” super-kompüterinin gücü isə 17,59 petaflop/san təşkil edir.
“Titan” sistemi əvvəllər mövcud olmuş “Jaguar” super-kompüterinin yenilənmiş versiyasıdır. “Titan” texniki cəhətdən özündə ənənəvi prosessorlarla “Nvidia”nın qrafik çiplərini birləşdirən yeni sistem tipidir. “Jaguar”la müqayisədə yeni maşın 10 dəfə daha güclüdür və 5 dəfə az enerji  işlədir. “Titan” sistemi 560 640 prosessorla təchiz olunub.

Super-kompüterlərin son reytinqinə əsaslanaraq qeyd edək ki, “Titan” dünyanın iki ən güclü super-kompüterindən biridir. ABŞ-ın Energetika Nazirliyindən verilən məlumata əsasən, “Titan” sistemindən universitet mühiti, dövlət laboratoriyaları və müxtəlif kommersiya sahələrində çalışan amerikalı alimlər istifadə edə biləcəklər.

“Nvidia” şirkətinin nümayəndələri bildirib ki, super-kompüter ilk növbədə iqlim dəyişikliyi, materialşünaslıq, nüvə energetikası, bioloji yanacaq və astronomiya sahəsində tədqiqatlar aparmaq üçün istifadə ediləcək.
Dünyanın ən güclü super-kompüterlərinin ilk beşliyində, həmçinin Yaponiyanın “K Supercomputer”, ABŞ-ın Energetika Nazirliyinin “IBM BlueGene Mira”, Almaniyanın “Forschungszentrum Juelich Juqueen” və daha bir “IBM BlueGene” sistemi qərarlaşıb.
 
EMİL




Baxış sayı: 1924

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024