12px13px15px17px
Tarix:13/11/12

RİTN görmə məhdudiyyəti olan insanlara mini-kompüter hədiyyə etdi

Bu gün Ümumdünya gözdən əlillər günüdür. Bu münasibətlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri Vidadi Zeynalovun rəhbərliyi ilə Gözdən Əlillər Cəmiyyətində bir qrup gözdən əlillə görüş keçirilib. Tədbirdə çıxış edən aparat rəhbəri Vidadi Zeynalov  dünyada ilk dəfə olaraq  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın “NeyroTex” şirkəti tərəfindən görmə məhdudiyyəti olan insanlar üçün səslə idarə edilən 100 ədəd mini-kompüter hazırlandığını bildirdi. O, 100 ədəd belə kompüterin hazırlanması üçün  Mingəçevirdə yerləşən “Kür” Elektron Avadanlıqları İstehsalı müəssisəsi tətrəfindən işlər aparıldığını bildirdi.

 “Bu kompüteri yaratmaqda məqsəd görmə məhdudiyyəti olan insanlara informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanını təmin etməkdir. Bu qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsilə verilməsi ilə fərqlənir. Mini-kompüter səsli əmrlər vasitəsilə, onlayn rejimdə xəbər saytlarına daxil olaraq son yeniliklərlə tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri səsləndirmək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə yaradılmış “Elektron göz” portalına (e-eye.az) daxil olaraq oradakı bütün informasiyalara qulaq asmaq (xəbərlər, elektron kitabxana, onlayn radio və s.) kimi imkanlarla da təchiz olunub. Hazırlanan mini-kompüterlər GSM nömrə və 1 illik açıq internet xətti ilə təmin olunub”- deyə o bildirdi. V.Zeynalov qeyd edib  ki, kompüterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir.

Gələcəkdə bu qurğudan elektron tərcüməçi kimi də istifadə edilməsi nəzərdə tutulur. “2005-ci ildən başlayaraq Heydər Əliyev Fondu “Gözdən əlillərin informasiya-kommunikasiya texnologiyalarına çıxışlarının təmin olunması" layihəsinə start verib.

Bu layihə çərçivəsində fond tərəfindən respublikada kor və zəif görən uşaqlar üçün internat məktəbində İnformasiya Resurs Mərkəzi yaradılmışdır. Mərkəzdən məktəbin şagirdləri ilə yanaşı, digər gözdən əlillər də səmərəli istifadə etmək imkanı əldə etmişlər. Sözügedən layihə çərçivəsində respublikanın 9 bölgəsində analoji resurs mərkəzləri yaradılıb. Bütün mərkəzlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən İKT avadanlıqları ilə təmin edilib”.

Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsünü  yüksək qiymətləndirdi və göstərilən diqqət və qayğıya görə bütün gözdən əlillər adından ölkə başçısı İlham Əliyev cənablarına və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdi.

Daha sonra bir qrup əlilə yeni kompüterlər və səs dinləmələri üçün avadanlıqlar hədiyyə olundu.
Qeyd edək ki, mini-kompüterin ilkin təqdimatı Yevlax rayonunda Azərbaycan Respublikasının  Prezident İlham Əliyev tərəfindən həyata keçirilib.

RƏVAN




Baxış sayı: 1439

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024