12px13px15px17px
Tarix:20/11/12

Xüsusiləşdirilmiş korporativ şəbəkə sosial yardım alan ailələr haqqında elektron məlumatların mərkəzləşdirilmiş formada toplanmasına imkan yaradıb

Ünvanlı dövlət sosial yardımlarının mərkəzləşdirilmiş qaydada ödəniş sistemi tətbiq olunur. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Sosial Təminat Xidmətindən (DSTX)  məlumat verilib.

DSTX-dən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planı»nın (2011-2015-ci illər) 2.2.1.3-cü bəndinə əsasən, ünvanlı dövlət sosial yardımı proqramının mərkəzləşdirilmiş qaydada idarə edilməsi üçün informasiya sisteminin (şəbəkənin) qurulmasının başa çatdırılması və bu məlumatlardan büdcə tərtibi prosesində istifadə olunması tapşırılıb.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanında modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədi ilə əhaliyə elektron xidmətlərin göstərilməsinin zəruriliyi qeyd olunub.

DSTX vurğulayır ki, ünvanlı sosial yardım mexanizminin icrası ilə bağlı respublikanın bütün ərazisini əhatə edən xüsusiləşdirilmiş korporativ şəbəkə yaradılıb. Bu da sosial yardım alan aztəminatlı ailələr haqqında elektron məlumatların mərkəzləşdirilmiş formada toplanmasına və geniş məlumat bankının formalaşmasına imkan yaradıb.

Həmçinin, ünvanlı dövlət sosial yardımı təyin olunan ailələrə sosial yardımın ödənişi hər bir rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən fərdi olaraq xüsusiləşdirilmiş korporativ proqram təminatı vasitəsilə həyata keçirilir: «Rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşlara bir sıra hallarda mərkəzlərin işçiləri tərəfindən müvafiq qanunvericilik tam izah edilmir və yaxud onlarla kobud rəftara yol verilir.

Bəzi hallarda isə vətəndaşlara ödəniləcək ünvanlı sosial yardımlar Mərkəz tərəfindən gecikmələrlə ödənilir. Nəticədə isə həmin vətəndaşlarda narazılıq yaranır və onlar müxtəlif dövlət orqanlarına şikayət xarakterli müraciətlər ünvanlamalı olurlar.

Bununla əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Ünvanlı dövlət sosial yardımının təyinatına nəzarətin gücləndirilməsi və ödənişin təkmilləşdirilməsi barədə» 2012-ci il 15 may tarixli 11/7-37 nömrəli əmrinə əsasən, ünvanlı sosial yardımların ödənişinin elektron imza sertifikatları vasitəsi ilə mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi müəyyən edilib. Artıq 75 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin 58-də ünvanlı sosial yardımların ödənişi mərkəzləşdirilmiş qaydada elektron imza sertifikatları vasitəsi ilə aparılır.

Qalan 16 mərkəzdə isə ödənişin qeyd olunan qaydada aparılması cari ilin sonuna kimi yekunlaşacaqdır. Təhlillər göstərir ki, ünvanlı sosial yardımların mərkəzləşdirilmş qaydada ödənilməsi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına, vətəndaşlara ödəniləcək yardımların vaxtlı-vaxtında ödənilməsinə səbəb olub».

SEYMUR




Baxış sayı: 1240

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024