12px13px15px17px
Tarix:26/11/12

Naxçıvan Dövlət Universitetində elektron təhsillə bağlı müşavirə keçirilib

Naxçıvan Dövlət Universitetində elektron təhsilin təşkili ilə bağlı layihənin həyata keçirilməsi və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. "ICTnews" elektron xəbər xidmətinin NDU-ya istinadən verdiyi məlumata görə, universitetin rektoru, akademik İsa Həbibbəyli Naxçıvan Ali Məclisində 18 oktyabr 2012-ci il tarixdə "Naxçıvan Muxtar Respublikasında təhsilin vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda keçirilmiş müşavirənin əhəmiyyətindən, qarşıya qoyduğu vəzifələrdən danışıb.

Qeyd olunub ki, universitet Elmi Şurasında müşavirədə qəbul edilən tədbirlər planının IV və VIII müddəalarına müvafiq olaraq Naxçıvan Dövlət Universitetində elektron təhsilin təşkili ilə bağlı layihə müzakirə və təsdiq olunub. Universitetin tədris işləri üzrə prorektoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Seyid Surə elektron təhsilin təşkili ilə bağlı layihənin həyata keçirilməsi ilə əlaqədar bir sıra təkliflər irəli sürüb.

Tədris işləri üzrə prorektor bu məqsədlə dünyanın 250 ölkəsində 3 milyondan çox istifadəçisi olan "Moodle" proqramının imkanları barədə məlumat verib. Qeyd olunub ki, universitet ilə Cənubi Koreyanın KOİCA şirkətinin birgə həyata keçirəcəkləri layihə, ayrılan qrant elektron təhsilin inkişafında mühüm rol oynayacaq.

Müşavirədə magistraturanın dekanı, baytarlıq üzrə fəlsəfə doktoru, dosent Etibar Məmmədov magistraturada imtahan zamanı optik oxucu cihazından istifadənin tətbiq olunmağa başlanması, Rabitə və informasiya texnologiyaları kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Cavanşir Zeynalov və kafedranın müəllimi Hüseyn Qasımov Memarlıq və mühəndislik fakültəsində hazırlanmış, elektron imtahanın keçirilməsi üçün nəzərdə tutulan yeni proqram haqqında məlumat verib.

Müşavirədə elektron təhsilin əhatə dairəsi, icra mexanizmi, semestr imtahanlarının elektron vasitələr və test üsulları ilə keçirilməsi, elektron test banklarının hazırlanması, proqramlaşdırma, qiymətləndirmə meyarı ilə bağlı müzakirələr aparılıb.

CAHANGİR



Baxış sayı: 1095

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024