12px13px15px17px
Tarix:29/11/12

İnnovasiyaya əsaslanan iqtisadiyyata elmi dəstək vermək məqsədilə AMEA-nın müvafiq qurumlarında elmi araşdırmalar aparılır

Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti (SDU) və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə SDU-da  Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları II Respublika elmi konfransı keçirilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.

Ölkəmizin bütün fəaliyyət sahələrində dinamik inkişafın əldə olunmasında informasiya texnologiyalarının əhəmiyyətli rolunu qeyd edən universitetin rektoru, professor N.Qəhrəmanov dövlət başçısı tərəfindən İKT-nin prioritet sahə elan olunduğunu və bu istiqamətdə məqsədyönlü siyasətin aparıldığını bildirib, konfransın əsas məqsədinin İKT-nin tətbiqi ilə bağlı dövlət proqramlarından irəli gələn məsələlər üzrə müasir problemləri öyrənmək və onların inkişaf istiqamətlərini müəyyənləşdirməkdən ibarət olduğunu söyləyib.

Tədbirin təşkilində AMEA İnformasiya Texnologiyaları İnstitutunun xüsusi əməyi olduğunu qeyd edən rektor ölkəmizdə formalaşmaqda olan informasiya cəmiyyətinin əsas tələblərindən olan elmlə təhsilin inteqrasiyası prosesində institutun hər zaman fəallıq nümayiş etdirdiyini vurğulayıb. O bildirib ki, yüksəkixtisaslı kadrların yetişdirilməsində AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığın rolu böyükdür.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əlövsət Əliyev İKT-yə və biliklərə əsaslanan yeni cəmiyyətin və iqtisadiyyatın formalaşması prinsiplərindən söhbət açıb, müasir dövrdə informasiya və bilik resurslarının cəmiyyətin iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsinə çevrildiyini vurğulayıb.

Bu səbəbdən ölkələrdə biliklərə və informasiyaya əsaslanan iqtisadiyyatın formalaşması və inkişaf səviyyəsinin təhlili və qiymətləndirilməsinin aktual məsələyə çevrildiyini söyləyib, respublikamızda da dövlət başçısı tərəfindən irəli sürülən mühüm ideyanın - Azərbaycanın “qara qızıl”ının yüksəkintellektli insan resurslarına çevrilməsi prosesinin həyata keçirildiyini qeyd edib, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”ndan irəli gələn məsələlərin elm və təhsil ocaqlarının qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayıb.

Onun sözlərinə görə, ölkəmizdə innovasiyaya əsaslanan iqtisadiyyatın bərqərar olmasına elmi dəstək vermək məqsədilə AMEA-nın müvafiq qurumlarında, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunda elmi araşdırmalar aparılır.

Elm və texnologiyaların inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərini nəzərə çatdıran alim iqtisadi tərəqqiyə nail olmaq məqsədilə Milli İnnovasiya Sisteminin yaradılması zərurətindən danışıb. Azərbaycanda biliklər iqtisadiyyatının formalaşmasının dövlətin prioritet istiqamətlərindən olduğunu bildirən alim müasir dövrdə informasiya texnologiyalarının sosial, iqtisadi və mədəni yüksəlişi təmin edən mühüm göstəricilərdən birinə çevrildiyini qeyd edib. Dövlət başçısı tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizin milli tərəqqiyə nail olduğunu, dünya arenasında layiqli yer tutduğunu bildirib. Milli inkişaf modelinin formalaşması ilə innovativ cəmiyyətə keçidin elm və təhsil sahəsində bütün ənənəvi modellərin transformasiyasını gündəmə gətirdiyini deyib.

Dövlət başçısının sərəncamı ilə Azərbaycanın sənaye şəhəri Sumqayıtda texnoparkın yaradılmasının respublikamızda iqtisadiyyatın davamlı inkişafına nail olmaq məqsədini daşıdığını vurğulayıb. Tədbirdə çıxış edən AMEA Riyaziyyat və Mexanika İnstitutunun professoru, fizika-riyaziyyat elmləri doktoru Tahir Hacıyev və SDU-nun texniki kibernetika kafedrasının müdiri, texnika elmləri doktoru, professor Fazil Ələkbərli çıxış edərək diferensial tənliklərin həllərinin keyfiyyət xassələri, obyektin keçid xarakteristikasına görə ötürmə funksiyasının avtomatik identifikasiyası ilə bağlı maraqlı açıqlamaları nəzərə çatdırıblar.

Seksiyalar üzrə davam edən konfransda riyazi analiz, funksiyalar nəzəriyyəsi, cəbr, riyazi məntiq, mürəkkəb texnoloji, texniki, iqtisadi sistemlərin təhlili, kompüter şəbəkələrində informasiya təhlükəsizliyi, kriptoqrafiya, kodlaşdırma və s. məsələlər üzrə müasir problemlərin inkişaf istiqamətləri müəyyənləşdirilib. Tətbiqi məsələlərin aktual problemləri, proseslərin sistemli analizi, modelləşdirilməsi və idarə edilməsi, informasiya texnologiyaları problemləri və perspektivləri, təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
 
HƏQİQƏT




Baxış sayı: 1899

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020