12px13px15px17px
Tarix:01/12/12

“İCANN”-ın regional serverləri Azərbaycanda qurulacaq

Azərbaycanın informasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlar artdıqca, dünyanın aparıcı və qlobal şirkətlərinin də ölkəmizə maraqları artmaqdadır. Regional və dünya əhəmiyyətli layihələrin icra olunması və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi, eləcə də ölkədə internetin tam azadlığının təmin edilməsi bir sıra əhəmiyyətli siyasi qərarların da qəbul olunmasına rəvac verib.

Bu qərarlardan biri də ünvanların idarə olunması sisteminin növbəti regional serverinin məhz Azərbaycanda qurulması ilə bağlıdır. Məlumat üçün bildirək ki, belə bir razılıq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə  Bakıda  keçirilən VII İnternet İdarəçilik Forumunda (İGF) iştirak etmək üçün Bakıda səfərdə olunan Ümumdünya İnternet Korporasiyasının (“ICANN”) rəhbəri Fadi Şehade arasında keçirilən görüş zamanı aparılan müzakirələrdən sonra əldə olunub. Görüşdə dövlət başçısı forumun Bakıda təşkil olunmasını Azərbaycanın bu sahədə əldə etdiyi uğurların yaxşı göstəricisi kimi dəyərləndirərək bildirib ki, ölkəmizdə azad internetin fəaliyyətinə xüsusi diqqət verilir. Ümumdünya İnternet Korporasiyasının rəhbəri F.Şehade Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə edilən uğurları yüksək qiymətləndirərək ünvanların idarə olunması sisteminin növbəti regional serverinin ölkəmizdə yaradılmasının əhəmiyyətini vurğulayıb. F.Şehade bu serverin Azərbaycanda fəaliyyətə başlamasını böyük nailiyyət kimi dəyərləndirib və bunun regionda internetin keyfiyyətinin artırılması işinə xidmət edəcəyinə əminliyini bildirib.
 
Region dövlətlərlə danışıqlar aparılır
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda yerləşən “ICANN” - internet şəbəkəsində domen adlarının verilməsi üzrə Beynəlxalq təşkilatın baş DNS serverində region ölkələrinin internet ünvanlarının yerləşdirilməsi üçün həmin dövlətlərlə danışıqlara başlayıb.  Bu barədə jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Nazir bildirib ki, Azərbaycanda “ICANN”-ın baş DNS serverinin istismara verilməsi əlamətdar hadisədir. Layihənin texnoloji aspektlə yanaşı, hüquqi əsası var. Belə ki, ölkələrin internet ünvanları birbaşa həmin serverdən idarə edilir: «Sistemin istismara verilməsi üçün lazım olan hər şey edilib və hazırda biz “ICANN” ilə birlikdə bir sıra ölkələrlə danışıqlar aparırıq. Məqsəd onların internet ünvanlarının mərkəzimizdə yerləşdirilməsidir. Yəni ABŞ və ya Avropada qeydiyyata alınan region ölkələrinin internet ünvanlarını “ICANN”-ın baş serverinə yönləndirməkdir. Bu məsələdə əsas aspekt ölkələrin Azərbaycana və “ICANN”-ın tələblərinə etimad göstərməsindən ibarətdir".
 
 
“İCANN”-ın regional kök serverinin Azərbaycanda qurulması ölkəmizə nə verəcək?
 
Bu sualla bağlı müraciət etdiyimiz  Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor  Rasim Əliquliyev əvvəlcə bildirib ki, İnternet İdarəçilik Forumunun Azərbaycanda keçirilməsi çox əlamətdar hadisə idi: «Bu ərəfədə “İCANN”-la aparılan danışıqlar və belə bir qərar qəbul etməsi, artıq “İGF”-in Azərbaycanda keçirilməsi, həm BMT, həm də digər beynəlxalq qurumlar tərəfindən dəstəklənməsi ölkəmizin bu işlərdə hazır olmasının göstəricisi idi. Azərbaycan artıq regionda informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkədir. Bütün bu münasibətlərimizi, işlərimizi, BMT-nin müxtəlif qurumları ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçiririk və ölkə başçısı bu işə böyük dəstək verir. Yəni ortada siyasi iradə, qayğı vardır, dövlət proqramları qəbul olunur. Bir sözlə, Azərbaycan artıq nəinki ölkədə informasiya cəmiyyətinin formalaşması, eyni zamanda region ölkələri üçün çox əhəmiyyətli bir dövlətə çevrilir. Məhz internetin əsas trafiki də, kanalları da Azərbaycandan paylanır. Qonşu ölkələr internetin müəyyən resurslarını elə bizdən götürürlər».
 
 İnternetin idarə olunmasında Azərbaycanın rolu
 
 R.Əliquliyev bildirir ki, hazırda dünya elə bir qloballaşma mərhələsinə gəlib çatıb ki, belə bir məqamda internet bir yerdən idarə oluna bilməz. İnstitut direktoru fikrini əsaslandırmaq üçün deyib ki, bu, həm çoğrafi nöqteyi-nəzərdən, həm də təbii fəlakətlər, hər cür fövqəladə hallar üzündən mümkün deyil. Ona görə də internetin özünün etibarlılığının artırılması, təhlükəsizliyin təmin olunması və əsas, kök serverlərin dünya üzrə paylanmasının da müəyyən bir siyasət əsasında həyata keçirildiyini önə çəkən R.Əliquliyev burada təsadüfi bir qərarın olmadığını önə çəkib: «Bu səbəbdən də Azərbaycanın seçilməsi çox məntiqlidir. Azərbaycan 10 ildən artıqdır ki, bu istiqamətdə apardığı fəaliyyətin real nəticəsini görür. Eyni zamanda mən tarixi bir arayış gətirmək istəyirəm. Bilirsiniz ki, bu gün beynəlxalq nəqliyyat infrastrukturunda əsas nəqliyyat qovşaqları var. İstər hava, istər su, istərsə də yerüstü avtomobillər qovşaqlarını hansı ölkələr tarixən yaradıbsa, onun iqtisadiyyatına böyük təsir göstərib və o da dünyada aparıcı dövlətlərə çevrilib. Azərbaycan da “İpək Yolu”nun mərkəzində yerləşir. Yəni Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat Azərbaycandan keçir.

Ölkəmiz əhəmiyyətli coğrafi mövqedə yerləşdiyi kimi bu gün də qlobal informasiya cəmiyyətinin əsas özəyini təşkil edən, onun şəbəkə infrastrukturunu təşkil edən, onun əsas göstəricisi olan internetin də qovşağının Azərbaycanda yerləşməsini labüd edir. Bu gün ölkəmiz virtual dünyanın əsas qovşaqlarından birinə çevrilir. Kök serverlərin Azərbaycanda qurulması ilə hazırda mövcud olan qlobal təhlükəsizlik sistemi üzərinə yeni çalarlar, yeni əlavələr gəlir, internet kimi faktorlar gəlir. Ona görə də Azərbaycan həmin qloballaşan informasiya təhlükəsizliyi sisteminin əsas bəndlərindən birinə çevrilir. Bu, o deməkdir ki, xalqımızın, dövlətimizin təhlükəsizliyi üçün əlavə imkanlar ortaya çıxır. Çünki Azərbaycan yüksək sürətlə inkişaf edir. Qlobal dünyaya inteqrasiya edir, regionda aparıcı dövlətə çevrilir. Və bu cür beynəlxalq təşəbbüslərin həyata keçirilməsi bizim üçün çox önəmlidir. Bütün bu proseslər Azərbaycanın daha da inkişaf etməsinə müsbət təsir göstərəcək.

Ölkəmizin əhəmiyyətini artıracaqdır. Məsələn, Bakı-Ceyhan kəmərinə baxaq. Ölkəmizdə bu kəmər olmasaydı, Avropaya öz neft resurslarını satmasaydı, ölkəmizin əhəmiyyəti bu qədər yüksək dəyərləndirilməzdi. Yəni əhəmiyyət, dəyər o zaman ortaya çıxır ki, təbii resurslar, savadlı insanlar, əhəmiyyəti coğrafi mövqe olur. Ona görə də belə bir kök serverin ölkəmizdə yerləşdirilməsi olduqca önəmlidir. Bundan başqa, Avropa ilə Asiyanı birləşdirəcək TASİM adlanan layihəmiz də vardır. Bu da Azərbaycanın təşəbbüsü ilə meydana gəlib. Respublikamızın bu məsələlərdə öndə getməsi, bu layihənin həyata keçirilməsi üçün səy göstərməsi, BMT tərəfindən beynəlxalq dəstək alması, onu göstərir ki, Azərbaycan bütün istiqamətlərdə doğrudan da çox əhəmiyyətli bir mövqeyə malikdir. Bundan da xalqımız, dövlətimiz udacaq və gələcəyimiz, inkişafımız üçün əlavə imkanlar, resurslar meydana çıxacaqdır».
 
«Bu, təkcə texniki deyil, eyni zamanda siyasi qərardır»
 
R.Əliquliyev bildirir ki, “İCANN”-ın Azərbaycanla bağlı belə bir qərar qəbul etməsi əbəs deyil: «Onlar görürlər ki, sözün həqiqi mənasında, Azərbaycanda internet azaddır və bu azadlığın dövlət səviyyəsində təmin olunması üçün siyasi iradə vardır. Ölkədə demokratiyanın inkişaf etdirilməsi, insan hüquqlarının və informasiya azadlığının təmin olunması əsas verir ki, “İCANN” kök serveri ölkəmizdə yerləşdirməsi üçün qərar qəbul etsin. Əgər Azərbaycana qara fonda baxılsaydı, hansısa nöqsanımız olsaydı, heç bir zaman “İCANN” bu cür qərar qəbul etməzdi. Ona görə bildirim ki, bu, təkcə texniki deyil, eyni zamanda siyasi qərardır. Azərbaycanda gedən proseslərin hamısı analiz, təhlil olunur və bundan sonra belə bir qərar verilir. Çünki kök serverin Azərbaycanda yerləşdirilməsi gələcəkdə internet üzərində formalaşan virtual dünyanın özünün də taleyi ilə bağlıdır. Burada insan hüquqları, demokratiya, hər hansı bir fövqəladə hallarda bu məsələlərə çevik reaksiyanın verilməsi, məsuliyyəti hiss etmək və sairdir ki, bunların da hamısı Azərbaycan Respublikası tərəfindən tam təmin olunur və dünya tərəfindən də yüksək qiymətləndirilir».
 
Kök serverlər ölkəmizə hansı dividendlər gətirəcək
 
R.Əliquliyev qeyd edir ki, “İCANN”-ın kök serverlərinin Azərbaycanda qurulması ölkəmiz üçün çox böyük dividendlər gətirəcək: «Əlbəttə ki, “İCANN”-ın özünün müəyyən tələbləri var və bu öhdəlikləri Azərbaycan öz üzərinə götürür. Ölkəmiz tam zəmanət verir ki, onun istismarı və digər başqa problemlərin həlli “İCANN”-in qaydaları əsasında həyata keçiriləcək. Yəni burada söhbət “İCANN”-ın dünya üzrə olan siyasətindən və bu siyasətin həyata keçirilməsindən gedir. Azərbaycan da bir sivil dövlət kimi, bütün beynəlxalq öhdəliklərə hörmət edən ölkə kimi həmişə öz öhdəliklərini yüksək səviyyədə həyata keçirir və burada da heç bir halda hansısa üçüncü ölkəyə təzyiqdən söhbət gedə bilməz. Yəni bizim kök serverdən siyasi alət kimi istifadə etmək fikrimiz yoxdur. Sivil dünyanın hansı tələbləri varsa, Azərbaycan da öz öhdəliklərini həyata keçirəcəkdir».
 
Seymur Qasımbəyli




Baxış sayı: 2284

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024