12px13px15px17px
Tarix:25/07/11

“Davamlı İnkişaf üçün Fotosintez Tədqiqatları” Beynəlxalq konfransın açılış mərasimində Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun çıxışı

Hörmətli cənab sədr!
Hörmətli qonaqlar!
Hörmətli konfrans iştirakçıları!
Mən şərəf hissi ilə Azərbaycan Hökumətinin səmimi salamlarını və xoş təəssüratlarını sizə çatdırır və sizə bu mühüm “Davamlı İnkişaf üçün Fotosintez Tədqiqatları” Beynəlxalq konfransının işində uğurlar arzulayıram.
Bu gün üç böyük qlobal problem bütün dünyada siyasətçiləri, iqtisadçıları, alimləri və ümumiyyətlə, dayanıqlı və xoşbəxt gələcək üçün düşünənləri narahat edir. Bunlar bəşəriyyətin enerji, ərzaq və ekoloji təhlükəsizliyidir. Həyat üçün tələb olunan enerji resurslarına olan müasir tələbatın təxminən 80%-i karbohidrogen ehtiyatlarının hesabına ödənilir və bu tip enerjinin qiymətlərinin durmadan artması və resursların isə məhdudluğu hamıya məlumdur. Bu gün alternativ enerji növlərindən və əsasən də günəş enerjisindən istifadə, o cümlədən fotosintez əsasında həyata keçirilən biotexnologiyalar vasitəsi ilə bioenerjinin alınması ümidverici istiqamətlərdən biridir.
Ərzaq probleminin həlli isə insanların qarşısında daha sərt durur. Əgər biz bu gün alternativ enerjidən danışırıqsa, amma təəssüf ki, bunu ərzaq haqqında deyə bilmirik, hətta fikirləşə də bilmirik ki, ərzaqdan başqa insan orqanizminə yaşamaq üçün tələb olunan bioenerjini təmin edən alternativ məhsullar varmı? Dünya əhalisinin sayı artır, ilin axırına rəsmi statistikaya görə artıq 7 mlyd. olması proqnozlaşdırılır və hələ də təxminən 1 mlyd. insanın aclıqdan əziyyət çəkməsi uzun illərdir ki həllolunmaz bir problem kimi qalır. Baxmayaraq ki, hazırda yer səthinin cəmi 11%-i ərzaq məhsullarının yetişdirilməsi üçün istifadə olunur, lakin bu rəqəmin çox da artırılması müxtəlif obyektiv səbəblərdən bu gün mümkün deyil. FAO-nun hesablamalarına görə, bütün insanların avropalılar səviyyəsində ərzaq məhsullarını qəbul etməsini təmin etmək üçün bizə yer kimi üç planet tələb olunur. Bu istiqamətlərdə yəqin ki, fotosintezin məhsuldarlığa təsiri, idarəolunan fotosintezin köməyi ilə yeni bitki növlərinin və modifikasiya olunmuş məhsul tiplərinin alınması və s. köməyimizə gələ bilər.
Ekoloji dayanıqsızlıq və bununla əlaqədar təbii fəlakətlər bu gün əksər ölkələrin sosial-iqtisadi inkişafında və həyatında dəhşətli problemlər yaratmışdır. Hətta çox güclü inkişaf etmiş ölkələr, məsələn, ABŞ, Yaponiya, Qərbi Avropanın ölkələri bu məsələnin həllində aciz qalırlar. Bu gün bizim konfransın məqsədi ekoloji problemləri araşdırmaq deyil, biz yalnız onu bilirik ki, indi ekoloji dayanıqsızlığı izah etməyə çalışan əsas nəzəriyyələrin əsasında karbon qazının normadan çox olması və artması durur və karbon qazının da fotosintez vasitəsi ilə atmosferdə tənzim olunması hamıya məlumdur.
Mənim bu üç qlobal problemləri sadalamaqda əsas məqsədim odur ki, Sizə dünya şöhrətli alimlərə və bütün mütəxəssislərə və iştirakçılara apardığınız çox vacib tədqiqatlar və aldığınız nəticələr üçün öz minnətdarlığımı bildirim və xüsusən fotosintez haqqında heç bir məlumatı olmayan və KİV vasitəsi ilə məlumatlandırılan insanlara da xatırladım ki, bu gün Bakı şəhərində keçirilən “Davamlı inkişaf üçün fotosintez tədqiqatları” beynəlxalq konfrans öz hədəf və məqsədlərinə görə çox böyük ümumdünya tədbiridir.
Bizim üçün sevindiricidir ki, bu konfransda fotosintezin klassik problemləri ilə yanaşı, stres biologiyası, süni fotosintez və yanacaq problemi kimi vacib məsələlər də gündəlikdədir və siz alimlər yer üzündə təbii ehtiyatların tükənməsini gözləmədən, artıq bu gün cəmiyyətin 100 il, 200 il sonrakı durumunu düşünür və bunun üçün çalışırsınız. Göründüyü kimi, alimlərin üzərinə böyük məsuliyyət düşür və biz tam əminik ki, yaxın gələcəkdə Siz bu işin öhdəsindən gələcək və fotosintezin fundamental problemləri öz həllini tam mənasında tapacaqdır.
Qeyd etməliyəm ki, belə bir irimiqyaslı elmi tədbirin Azərbaycanda keçirilməsi, birincisi, akademik Cəlal Əliyevin şəxsiyyətinə olan hörmət, fotosintezin tədqiqi sahəsində onun və yaratdığı məktəbin əldə etdiyi böyük nailiyyətlər və qazanılan uğurların dünya elmi ictimaiyyəti tərəfindən ciddi qiymətləndirilməsi ilə bağlıdır. Azərbaycanda fotosintez üzrə tədqiqatların aparılması dərin və tarixi elmi köklərə əsaslanır və akademik C. Əliyevin elmi bioqrafiyası bunu təsdiqləyir. Akademik Cəlal Əliyevin dünya elminə verdiyi töhfələr – fotosintez prosesinin molekulyar-genetik səviyyədən başlayaraq, bitki və əkinə qədər bütün mərhələ və səviyyələrdə öyrənilməsini əhatə edir.
İkinci amil Azərbaycan hökumətinin elmin inkişafına verdiyi xüsusi diqqətdir və dövlətin elmə baxışları və qayğısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramında dəqiq təyin olunmuşdur. Mən burada 3 ay öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin alimlərlə görüşündə bu zalda, bu kürsüdən söylədiyi bir fikri Sizlərə çatdırmaq istəyirəm: “...Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun. Biz neft-qaz amilindən asılılığımızı tədricən azaldırıq. Artıq bu istiqamətdə müəyyən işlər görülmüşdür. Gələcəkdə isə biz çoxşaxəli iqtisadiyyat yaratmaqla elmi əsaslara söykənərək, dayanıqlı inkişaf modelimizi qurmalıyıq...”
Üçüncü, bu konfransla əlaqədar amil odur ki, baxmayaraq ki, Azərbaycan böyük təbii sərvətlərə və bol karbohidrogen ehtiyatlarına malikdir, lakin bizim enerji siyasətimizin bir istiqaməti də alternativ energetikanın inkişafı və regionun bununla əlaqədar ekoloji problemlərinin həllində aktiv iştirakımızdır. Və nəhayət, konfransın Bakıda keçirilməsinin çox vacib bir səbəbi də Azərbaycan xalqının milli dəyəri saydığımız qonaqpərvərliyimizdir. Bəlkə də bizim milli mentalitetimizə əbədi hopmuş bu əlamət günəşli Azərbaycanda günəş işıqlarının təsiri altında xalqımızın genlərində gedən fotosintez prosesinin nəticəsidir. Ümid edirik ki, dünya şöhrətli alimlərin qatıldığı bu beynəlxalq konfransda edilən çıxışlar, müzakirələr fotosintez sahəsində yeni elmi nəticələrin əldə edilməsinə kömək olacaqdır. Bir daha konfrans iştirakçılarını və qonaqlarımızı salamlayır və konfransın işinə uğurlar arzulayıram. Hesab edirəm ki, qonaqlarımız təkcə Azərbaycanda yüksək elmi əhval–ruhiyyədən yox, ölkəmizdə yüksək sürətlə həyata keçirilən iqtisadi inkişafdan, mədəniyyət və təbiətin gözəlliyindən də zövq alacaqlar.
Azərbaycana xoş gəlmisiniz!
Diqqətinizə görə sağ olun.



Baxış sayı: 1139

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024