12px13px15px17px
Tarix:03/12/12

İnternetin inkişafı ilə ənənəvi müəlliflik hüququ konsepsiyası aktuallığını itirir

Bu gün müəlliflərin rəqəmsal hüquqlarının ənənəvi vasitələrlə qorunması effektli deyil. Ona görə də internetdə bu hüquq sahiblərinin maraqları digər vasitələrlə, ilk növbədə, texniki və proqram xarakterli vasitələrlə qorunmalıdır. İnformasiya texnologiyalarının sürətli inkişafı şəraitində, şübhəsiz ki, yeni müdafiə sistemləri tələb olunacaq.

İntellektual mülkiyyət hüquqlarının qorunması sahəsində ən mühüm məsələlərdən biri də bu hüquqların pozulmasına görə kimin məsuliyyət daşımasının müəyyən edilməsi ilə bağlıdır. Bundan başqa, internet mühitində kompüter proqramlarının və verilənlər bazalarının intellektual mülkiyyət obyekti kimi qorunması məsələsi də mühüm aktuallıq kəsb edir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi Rasim Mahmudov məlumat verib. Onun sözlərinə görə, son dövrlərdə informasiya texnologiyalarının inkişafı ilə əlaqədar elmi fəaliyyətin nəticəsi olan intellektual mülkiyyət obyektlərinin dairəsi daha da genişlənib:

"İnformasiya texnologiyalarının geniş tətbiqi nəticəsində həm ənənəvi formada olan elmi əsərlərin elektron versiyaları yaranıb, həm də yalnız virtual mühitə xas olan intellektual mülkiyyət obyektləri – kompüter proqramları, verilənlər bazaları və s. meydana gəlib. Qeyd edilən bu yeni imkanlar həm də e-elmin formalaşmasına imkan yaradır. E-elm müxtəlif elmi tədqiqatçıların qlobal əməkdaşlığına, bilik mübadiləsinə, coğrafi baxımdan paylanmış elmi resursların – ekspert sistemlərinin, elmi vasitələrin, verilənlər bazalarının və digər elmi informasiya resursları mənbələrinin, proqram vasitələrinin, şəbəkə resurslarının qlobal miqyasda istifadəsini təmin edir".

Belə bir şəraitdə, internet mühitində elmi fəaliyyətin nəticəsi olan obyektlərin intellektual mülkiyyət hüquqları çərçivəsində qorunması məsələsi xüsusi aktuallıq kəsb edir: "Bütövlükdə, bu məsələ internetin tənzimlənməsi problemləri kontekstində nəzərdən keçirilməlidir. Bu gün internetin qlobal xüsusiyyətini nəzərə alaraq, müəlliflərin rəqəmsal hüquqlarına münasibətdə milli qanunvericiliklərin unifikasiyasının təmin edilməsi vacibdir. Məlum olduğu kimi, müxtəlif ölkələrin intellektual mülkiyyət hüququ ilə bağlı qanunvericiliklərinin unifikasiya edilməsinin ən effektli vasitəsi beynəlxalq konvensiyalardır. Qlobal xüsusiyyətə malik olan İnternetə münasibətdə unifikasiyanın həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. İnternetin inkişafı ənənəvi müəlliflik hüququ konsepsiyasını zərbə qarşısında qoyur. İnternet vasitəsilə cüzi xərclər hesabına müxtəlif materialları köçürmək və bütün dünyaya yaymaq imkanı yaranıb. Bu imkanlar intellektual mülkiyyət obyekti müəlliflərinin maraqları və cəmiyyətin yaradıcılıq fəaliyyətinə, ictimai biliklərə marağı arasındakı kövrək tarazlığı təhlükə altında qoyur. Materialların məhdudiyyətsiz köçürülməsinin qarşısının alınması və eyni zamanda, həmin materiallardan istifadə imkanının saxlanılması internetin tənzimlənməsi ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biridir. İnternetdə intellektual mülkiyyət hüquqlarının qorunmadığı şəraitdə alim və tədqiqatçılar öz fəaliyyətlərinə maddi stimuldan əhəmiyyətli dərəcədə məhrum ola bilərlər. Bunun nəticəsində isə elmi yaradıcılıq fəallığı aşağı düşə bilər".

HƏQİQƏT



Baxış sayı: 1035

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024