12px13px15px17px
Tarix:26/07/11

Həyatımızı dəyişəcək innovativ texnologiyalar

İnformasiya texnologiyalarının dinamik inkişafı, tətbiqi sahələrinin getdikcə vüsət alması təbii ki, insanların həyat tərzinə, yaşayış səviyyəsinə təsirsiz ötüşə bilməz. İBM korporasiyası gündəlik həyatımıza əsaslı şəkildə təsir edəcək innovasiyaların siyahısını təqdim edib. Şirkət innovativ texnologiyaların sayəsində yaxın 5 ildə məişət, nəqliyyat, tibb və s. sahələrdə nəzərəçarpacaq dəyişikliklərin olacağını bildirir.
Misal üçün, yaxın gələcəkdə məişətdə geniş istifadə olunan adi elektrik cihazları (elektrik lampaları, kondisioner, qabyuyan maşın və s.) “ağıllı” elektrik şəbəkəsinə qoşulacaq ki, bu da mobil telefon və ya veb-brauzerlərin vasitəsilə elektrik cihazlarının məsafədən idarə edilməsini mümkün edəcək. Əgər siz, təsadüfən cihazı işlək vəziyyətdə qoymusunuzsa, bu haqda xəbərdarlıq ediləcək, yəni bununla bağlı müvafiq məlumat alacaqsınız.
Avtomobillərin idarə edilməsi prosesi isə tamamilə dəyişəcək. Yaxın 5 ildə avtomobil və yollar arasında qarşılıqlı təsiri tənzimləyən texnologiyalar yalnız maşının təhlükəsiz idarə edilməsinə deyil, həm də tıxaclarda vaxt itkisinə yol verilməməsinə də kömək edəcək. Şəhərlərdə real vaxt rejimində işıqforların siqnallarını idarə etməyə və maşınları alternativ marşrutlar üzrə istiqamətləndirməyə qabil olan “ağıllı” işıqfor sistemləri quraşdırılacaq. Avtomobillərdə sürücüyə kömək sistemləri quraşdırılacaq ki, bu da avtomobillər arasında “ünsiyyətin yaradılmasına”, həmçinin yollarda yerləşdirilmiş sensorlarla qarşılıqlı təsiri həyata keçirməyə imkan verəcək. Bu isə öz növbəsində avtomobillərin təhlükəli hadisələrlə üzləşməməsinə imkan verəcək bir növ “refleksin” yaradılmasına gətirib çıxaracaq. Sizin avtomobiliniz yollardakı tıxaclar haqqında məlumat verəcək, alternativ yolları məsləhət görəcək.
Yaxın 5 ildə qida məhsullarının keyfiyyətini elə alış-veriş dükanlarında təyin etmək də çətin məsələ olmayacaq. www.cybersecurity.ru saytının məlumatına görə, tətbiq ediləcək yeni sistemlər alınan qida məhsullarının detallı analizini aparmaq imkanı verəcək. Məhsulun hansı iqlim şəraitində yetişdirildiyi, torpağın növü, onun istehsalına tələb edilən enerji sərfiyyatınadək məlumatlar əldə edə biləcəksiniz.
Sizin mobil telefonunuz isə sadəcə, ünsiyyət vasitəsi olmayacaq. O, sizin pul və kağız qoymaq üçün cib kisənizə, bankınıza və bütün mümkün alış-verişlərdə yaxın köməkçinizə çevriləcək. Yeni texnologiyalar mobil telefon vasitəsilə hər hansı bir insanın fotoşəklini çəkərək onun geyindiyi paltarların satıldığı mağazaların ünvanını dərhal tapmağa imkan verəcək. Bundan sonra isə siz, birbaşa mobil telefonunuzun ekranında virtual olaraq həmin geyimi öz üçölçülü avatarınıza geyindirə bilərsiniz.






Baxış sayı: 1170

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024