12px13px15px17px
Tarix:04/12/12

Lütfi Zadə irsinə həsr olunmuş elmi konfransı davam edir

Bakıda görkəmli alim Lütfi Zadənin irsinə həsr olunmuş «Soft Computing» II Ümumdünya elmi konfransı keçirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə dekabrın 3-dən start götürən konfrans ayın 5-nə qədər davam edəcək.

Səkkiz bölmədə keçirilən iclaslarda Azərbaycan ilə yanaşı, ABŞ, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Yaponiya, Portuqaliya, Polşa, Macarıstan, İtaliya, İspaniya, İran, Finlandiya, Çexiya, Hindistan, Fransa, Braziliya və Belçikadan nüfuzlu alimlər çıxış ediblər. Tədbirdə "Biz niyə düşünə bilirik?", "Yumşaqlığın tanınması: təsnifat və eynilik prosesləri", " İdarəçiliyin tətbiqi və qruplarda qərarların qəbul edilməsi", "Daşınma problemlərinin optimallaşdırılmasında yumşaqlıq məntiqi", "Əməliyyat araşdırmaları", "Neft quyularında axının sürətinin təyin edilməsi üçün möhkəm texnologiya" və digər mövzularda məruzələr dinlənilərək müzakirə edilib.

Tədbirin ilk günündə Amerikanın İONA Universitetinin professoru, «Məşn sistem» Departamentinin direktoru Ronald Yager geniş məruzə ilə çıxış edib. O, «sosial şəbəkələrin komputinqi» mövzusunda ətraflı danışaraq bu istiqamətdə əldə olunan nəticələrdən söz açıb.


Məruzələrdən sonra Azərbaycan Texniki Universitetinin (AzTU) akt zalında konfransın rəsmi açılış mərasimi keçirilib. Mərasimdə əvvəlcə Lütfi Zadənin həyat və yaradıcılığını əks etdirən qısametrajlı film nümayiş etdirilib. AzTU-nun rektoru Havar Məmmədov Lütfi Zadəni bütün dünya üçün «çox dəyərli alim» adlandıraraq onun qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı olduğunu xatırladıb: «Hamımızın fəxri olan görkəmli alim Lütfi Zadə dünya elminə əhəmiyyətli dəyişikliklər bəxş edən nəzəriyyə ortaya qoyub. Onun nəzəriyyəsi ilə bir sıra məhsullar kütləvi şəkildə istehsal olunur».

Sonra Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edərək bildirib ki, Lütfi Zadənin dünya elminə gətirdiyi nəzəriyyə sayəsində yeni sahələr meydana gəlib. Bununla da bir sıra yeniliklərin əldə edildiyini vurğulayan nazir Lütfi Zadənin səhhəti ilə əlaqədar olaraq tədbirə qatıla bilmədiyini söyləyib:

«Bildiyiniz kimi, professor Lütfi Zadə 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən «Dostluq» ordeninə layiq görülüb. Qeyd edim ki, Lütfi Zadənin elmi irsinə həsr olunmuş birinci konfrans San-Fransiskoda keçirilib. Bugünkü konfransın təşəbbüskarı və təşkilatçısı Azərbaycan dövləti və onun prezidenti cənab İlham Əliyevdir».

Bu gün Azərbaycanın çox sürətlə inkişaf edən bir ölkə olduğunu vurğulayan nazir ölkəmizdə artıq yeni inkişaf konsepsiyasının olduğunu söyləyib:

«Qarşıdakı 8-10 il üçün artıq inkişaf istiqamətimiz məlumdur. Bunu da bütövlükdə qeyri-neft sahəsi üzrə həyata keçirmək istəyirik. Yəni məqsəd ölkədə qeyri-neft amilini gücləndirmək və dayanıqlı, biliklərə əsaslanan yeni iqtisadiyyat qurmaqdır. Burada 3 əsas sütun inkişafın əsasını təşkil edir: Elm, təhsil və yüksək texnologiyalar. İnformasiya-kommunikasiya texnologiyaları həmçinin bir sektor, infrastruktur kimi, o cümlədən həyatın bütün sahələrinə, sosial-iqtisadi inkişafa müsbət təsir göstərən istiqamət kimi dövlət tərəfindən prioritet sahə elan edilib. Biz bütün bu istiqamətlər üzrə özümüzü inkişaf etmiş kimi görmək istəyirik. Bunun üçün də plan və layihələrimizi həyata keçiririk. Son illərdə müşahidə edirik ki, Azərbaycan çoxlu elmi konfranslar, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Demək olar ki, hər il 3-4 beynəlxalq konfrans təkcə yüksək texnologiyalara həsr olunur».

Əli Abbasov bildirib ki, dünya inkişaf etdikcə bizi əhatə edən informasiya, biliklər toplusu olduqca sürətlə çoxalır. Bu da dünya problemlərinə yenidən baxmağa vadar edir. Nazirin sözlərinə görə, ictimai, iqtisadi, siyasi problemlərlə yanaşı, həmçinin elmi problemlər, nüvə tədqiqatları, biotexnologiyaların tətbiqi ilə bağlı məsələlər böyük hesablamalar, xüsusi yanaşmalar tələb edir:

«Nəzərə alsaq ki, XXI əsr özü ilə bərabər çoxlu yeni problemlər, fəlakətlər gətirir, onların da həllini elmi yanaşmasız tapmaq demək olar ki, mümkün deyil. Ona görə bütün inkişaf etmiş ölkələr öz problemlərinin həllində alimlərə müraciət edirlər. Alimlər də problemlərin həllində çox vacib rol oynayırlar. Qeyri-səlis məntiq, yumşaq hesablamalar nəzəriyyəsi sadaladığımız problemlərin həllində yeni imkanlar açır. Bu gün bir tərəfdən riyaziyyat inkişaf edir, digər tərəfdən kompüter texnologiyası. Lakin nə qədər güclü və çevik olsa da, super-kompüterlər də bütün problemlərin həllinə tam cavab verə bilmir. Ona görə də müxtəlif hesablamalar platformaları meydana gəlməkdədir. Belə bir vaxtda bütün məsələlərdə insan duyğuları üzərində əməliyyatlar aparmaq, yeni modellər elmi istiqamətlərdə tətbiq edilməyə başlayıb. Elə bizim konfransın da əsas istiqamətlərindən biri budur. Çox şadıq ki, bu istiqamət professor Lütfi Zadə tərəfindən hələ 1965-ci ildə özünün qeyri-səlis məntiq məqaləsində verilmiş və o gündən indiyə kimi genişləndirilərək inkişaf etdirilir. Bu məsələlərin həlli üçün onun verdiyi bir sıra yeni nəzəriyyələr, ümumiləşdirilmiş qeyri-müəyyənlik, sözlərlə hesablamalar, Zet rəqəmlər və bir çox istiqamətlər böyük həyati məsələlərin həllində tətbiq edilir. Görkəmli alimimiz Lütfi Zadəyə uzun ömür, sağlamlıq arzulayırıq. Onunla bərabər bu istiqamətdə araşdırma aparan bütün alimlərə xoş arzularımızı bildiririk».


Sonda Ronald Yagerə Azərbaycan Texniki Universitetinin fəxri professoru adı verilib. R.Yager isə öz növbəsində nazir Əli Abbasova "Qeyri-Səlis Məntiq Cəmiyyətinin fəxri üzvü» diplomunu təqdim edib. Tədbirin sonunda 14 tələbəyə «ən yaxşı məqalə»yə görə diplomlar və hədiyyələr verilib.

SEYMUR



Baxış sayı: 1415

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024