12px13px15px17px
Tarix:05/12/12

Virtual məkanda domen adlarının zəbt edilməsi problem olaraq qalmaqdadır

Domen adlarının ilkin təyinatı internet mühitində ünvanlaşdırma atributu, əmtəə nişanlarının, şirkət və digər qurumların adlarının daşıyıcısı olmasına baxmayaraq, bu gün qeyri-sağlam, ədalətsiz rəqabət vasitəsinə çevrilib. Virtual məkanda domen adlarının zəbt edilməsi problem olaraq qalmaqdadır. İnternetin kütləviliyinin artması ilə ünvanlarla əlaqədar alver və sui-istifadələrin sayı çoxalıb.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Rəna Qasımova məlumat verib. Onun sözlərinə görə, domen internetin məntiqi səviyyəsidir. Domen adları nöqtələrlə ayrılmış simvol sahələrindən ibarətdir.

Domen adları sistemi (Domain Name System, DNS) internet infrastrukturunun ən mühüm komponentlərindən biridir və əsas təyinatı domen adlarını İP-ünvanlara və İP-ünvanlarını domen adlarına çevirməkdir: "Virtual məkanda domen adının düzgün seçilməsi, qeydiyyatı və istifadəsi əsas məsələlər olduğu üçün bu sahədə mövcud vəziyyət araşdırılıb. Domenlərin paylanması və idarə edilməsi ilə məşğul olan beynəlxalq təşkilatların, o cümlədən yüksəksəviyyəli domenlər, sponsorlaşdırılan yüksəksəviyyəli domenlər, məhdud istifadəli domenlərin təyinatına baxılıb. Domen adlarının seçilməsi zamanı müəyyən qaydalara riayət edilməsi tövsiyə edilib. Bir sıra ölkələrdə domen adlarının qeydiyyatına qoyulan məhdudiyyətlər və coğrafi domen zonalarının xüsusiyyətləri göstərilib. O cümlədən həmin ölkələrın qeydiyyat qaydaları haqqında məlumat verilib".

Təhlillər göstərir ki, domen adlarının qeydiyyatına qoyulan tələblər hər bir ölkənin apardığı siyasətdən asılı olaraq müxtəlif ola bilər:

"Yüksəksəviyyəli coğrafi domen zonalarının müqayisəli təhlili onu göstərir ki, domen adının qeydiyyatı və idarə edilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli yolları da müxtəlifdir. Domen adının qeydiyyatı və idarə edilməsi ilə əlaqədar yaranan mübahisələrə baxılma ölkələrin qeydiyyat qaydalarında öz əksini tapır. Müxtəlif inkişaf səviyyəli ölkələrin domen zonalarında əhaliyə düşən domenlərin sayını müəyyənləşdirmək məqsədi ilə vəziyyətin monitorinqi aparılıb və domen adları sahəsində müasir vəziyyət analiz olunub. Nümunə üçün müxtəlif inkişaf səviyyəli 26 ölkədə, o cümlədən Azərbaycan da daxil olmaqla, adambaşına düşən domenlərin və İnternet istifadəçilərinin sayı müəyyənləşdirilib".

Araşdırmalar göstərir ki, domen adının azad seçiminin mümkünlüyü, qanuni qeydə alınmış əmtəə və ticarət nişanına və ya firma adına (və ya digər başqa fərdiləşdirmə vasitələrinə) uyğun və ya oxşar olan domen adlarının qeyri-qanuni qeydə alınmasına gətirib çıxarır:

"Bu da domenlərin "qara bazar"ının formalaşmasına səbəb olur. Ona görə də domenlərlə bağlı xarakterik manipulyasiya hallarından və domen adları bazarından bəzi məlumatlar verilib. Azərbaycanın müasir siyasətinin əsas strateji məqsədi maraqlarını virtual məkanda mühafizə etmək, keçmişin mədəni irsini, hazırda malik olduğumuz milli dəyərləri qoruyub saxlamaq və daha da inkişaf etdirməkdən ibarətdir. Bu məqsədlə virtual məkanda Azərbaycanla bağlı mövcud vəziyyət təhlil edilib. Azərbaycana mənsub olan bəzi coğrafi adları, tarixi, mədəni və digər dəyərləri özündə əks etdirən domen adlarının müxtəlif ölkələrdə yaşayan xarici vətəndaşlar tərəfindən qeydiyyatdan keçirildiyi müəyyən olunub. Domen adlarının xariçi vətəndaşlar tərəfindən qeydiyyata alınmasının bir sıra səbəbləri göstərilib".

Bundan başqa, virtual məkanda Azərbaycan həqiqətlərini, milli və mənəvi dəyərləri əks etdirən domen adlarını artırmaq, inkişaf etdirmək, onun xaricə axınının qarşısını almaq üçün kompleks tədbirlərin görülməsində qarşıda duran vəzifələr də sadalanıb.

HƏQİQƏT



Baxış sayı: 1034

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024