12px13px15px17px
Tarix:06/12/12

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində xarici ölkə səfirləri ilə görüş keçirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə görüş keçirilib.

Görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə İKT sektorunun mövcud vəziyyəti, bu sahədə aparılan islahatlar və gələcək perspektivlər barədə xarici ölkə səfirlərini məlumatlandırıb.

Azərbaycanın hazırda yeni inkişaf mərhələsində olduğunu diqqətə çatdıran nazir "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlandığını və informasiya texnologiyalarını daha da inkişaf etdirməklə, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması, gələcək 8-10 il ərzində qeyri-neft sektorunun inkişafını təmin etməklə, ölkədə ÜDM-nin həcmini iki dəfə artırmaq məqsədinin qarşıya qoyulduğunu bildirib:

"Hədəf olaraq, iqtisadiyyatda neft amilini minimuma endirmək, informasiya-kommunikasiya texnologiyalarının gələcək 10 ilə - hər il təxminən 20 faiz artımını təmin etmək, beləliklə, 2020-ci ilə qədər İKT sektorunun həcminin təxminən 4 dəfə genişləndirilməsi nəzərdə tutulur".

Nazir qeyd edib ki, bu məqsədlərə nail olunması istiqamətində müəyyənləşən strategiyaya uyğun olaraq, ilk növbədə ölkədə internetin hərtərəfli inkişafını təmin etmək - genişzolaqlı, sürətli internetin istifadəsini, həcmini gələcək 3 ildə 85 faizə, minimum sürətini 10 meqabit saniyəyə çatdırmaq planlaşdırılır: "Dövlət Neft Fondu ilə birlikdə reallaşdırılması nəzərdə tutulan bu layihə əsasən optik şəbəkə üzərindən həyata keçiriləcək. Bundan başqa, hədəfimiz ölkədə İKT-nin inkişafı üçün münbit şəraitin yaradılması, rəqabət mühitinin yaxşılaşdırılması, monetar, pul-kredit, eləcə də vergi-gömrük siyasətinin yumşaldılmasıdır".

Bununla da ölkədə yeni məhsul və xidmətləri təklif edən, ixracyönümlü potensiala malik innovativ sahibkarlığın inkişafına təkan veriləcəyini vurğulayan nazir Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsi, artıq bu məqsədlə Yerüstü İdarətemə Mərkəzinin tikilməsi, növbəti ilin fevral ayında orbitə ilk süni peykin buraxılması, ölkədə elektron xidmətlərin genişləndirilməsi və s. kimi mühüm layihələrdən də danışıb:

"Növbəti illərdə də Azərbaycan hökuməti "Elektron Hökumət" layihəsinə böyük diqqət yetirəcək. Hesab edirik ki, 2020-ci ildə Azərbaycanda təxminən əhalinin 80 faizi elektron xidmətlərdən istifadə edəcək. İxracyönümlü, yeni və yüksək texnologiyalara əsaslanan məhsul və xidmətlərin istehsalı üçün hökumət gələcəkdə investisiyaların həcmini artırmağı da planlaşdırır və bunun üçün 2020-ci ilə qədər təxminən 3,6 milyard dollar xərclənməsi nəzərdə tutulur. Həmçinin də biz sektorun inkişafına birbaşa xarici investisiyalar və özəl sektordan təxminən eyni miqdarda investisiyanın yatırılmasını gözləyirik. Belə bir vaxtda Avropa Birliyi bizim üçün çox vacib tərəfdaşdır".

Avropa Birliyinin də 2020-ci ilə qədər inkişaf strategiyasının mövcud olduğunu vurğulayan nazir burada da gələcək iqtisadi inkişafın təminatçısı olaraq İKT sektoruna önəm verildiyinə diqqət çəkib.

Sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia İKT sahəsində nüfuzlu beynəlxalq tədbir olan VII İnternet İdarəçilik Forumuna Azərbaycanın ev sahibliyi etməsini böyük uğur kimi dəyərləndirərək, bu münasibətlə təbriklərini çatdırıb. Ölkələr arasında bu qəbildən olan dialoqların təşkilini də önəmli sayan səfir İKT sektorunda əldə olunan təcrübələrin bölüşdürülməsinin gələcək inkişafda səmərə verəcəyini də vurğulayıb: "Belə görüşlər Azərbaycanla əməkdaşlıq üçün yeni yollar açır. Həmçinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının mövcudluğu da önəmlidir ki, Avropa İttifaqı Azərbaycanın gələcək perspektivləri, o cümlədən də İKT sahəsində planları ilə tanış ola bilsin. İstəyirik ki, ikitərəfli davamlı əməkdaşlıq olsun". Daha sonra nazir səfirlərin suallarını cavablandırıb.

Tədbirdə Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edib. 

HƏQİQƏT



Baxış sayı: 1489

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024