12px13px15px17px
Tarix:15/12/12

İnformasiya Texnologiyaları İnstitutunda bir gün

"XXI əsrdə yalnız yüksək elmi potensiala və elmi tutumlu texnologiyalara malik ölkələr öz xalqları üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olacaqlar".

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) əsas binasına daxil olan hər kəsi vestibüldə ulu öndər Heydər Əliyevin məhz bu sözləri qarşılayır. Bu gün İTİ doğrudan da yüksək elmi potensialla elmi tutumlu texnologiyaları bir araya gətirməyi qarşıya məqsəd qoyub.

Bununla da institut daha bir yeniliyin tətbiqi ilə fəaliyyətinin növbəti inkişaf mərhələsinə qədəm qoymaqdadır.     


Çoxları bilmir ki, İTİ gündəlik iş həyatımızda istifadə etdiyimiz bir çox ilklərin müəllifidir


Bu günə qədər bəlkə də çoxları bilmir ki, İTİ gündəlik iş həyatımızda istifadə etdiyimiz bir çox ilklərin müəllifi sayılır və bu yeniliklər "Respublikada ilk dəfə" kəlməsi ilə institutun fəaliyyət tarixinə möhürlənib.

Beləliklə, respublikada ilk dəfə "WAN" - qlobal şəbəkə texnologiyaları (X.25, SNA, DECNET, TCP/IP və s.) İTİ tərəfindən tədqiq olunub və real praktiki nəticələr (Moskva-Bakı-Tbilisi şəhərləri arasında X.25 şəbəkəsi yaradılıb və s.) əldə edilib. Respublikada ilk dəfə "LAN" - lokal şəbəkə texnologiyaları (Alisa, Arcnet, Ethernet - naqilli, naqilsiz, İntranet və s.) tədqiq olunaraq müxtəlif qurumlarda tətbiq edilib.

Respublikada ilk dəfə veb-texnologiya mənimsənilib və 1995-ci ildə AMEA-ya məxsus "www.ab.az" saytı yaradılıb. Respublikada ilk dəfə sınaq olaraq AMEA Rəyasət Heyəti (RH) üçün korporativ şəbəkə yaradılıb. Respublikada ilk dəfə AMEA-nın korporativ şəbəkəsi mühitində elektron rəqəm imzası texnologiyası tətbiq olunub. Respublikada ilk dəfə AMEA-nın korporativ şəbəkə mühitində sənədlərin elektron dövriyyəsi sistemi işlənib və tətbiq olunub. Respublikada hələlik analoqu olmayan, AMEA-nın bütün institut və təşkilatlarını, onların şöbə və laboratoriyalarını əhatə edən, internetə çıxışa imkan verən, intellektual xüsusiyyətlərə malik intranet şəbəkəsi yaradılıb və hazırda fasiləsiz istismar olunur.   

Respublikada ilk dəfə internet üzərində audiokonfrans və videokonfranslar təşkil edilib. İnstitutun əməkdaşları Azərbaycanda ilk dəfə internetin milli infrastrukturunu yaradıblar və s.


Bir fərdi kompüterdən başlayaraq elmi fəallığı müəyyənləşdirən "kardioqrama"

Təxminən 1 il əvvəl binasının şəraitsiz görünüşü ilə diqqət çəkən institut təmirdən sonra maddi-texniki bazasını da gücləndirməklə yalnız zahirən deyil, daxili fəaliyyətdə də əsaslı dəyişikliyə nail olub. Bu yeniliklərin canlı şahidi, İTİ-nin yeni fəaliyyət istiqamətləri ilə daha yaxından tanış olmaq üçün ötən həftə "Rabitə dünyası" institutun qonağı oldu. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev bizimlə söhbətində ilk olaraq, "AzScienceNet" elm-kompüter şəbəkəsindən (EKŞ) söz açdı.   Belə ki, "AzScienceNet" Azərbaycanda elmi qurumların Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) korporativ şəbəkəsi əsasında yaradılmış korporativ şəbəkəsidir. R.Əliquliyevin sözlərinə görə, "AzScienceNet" həm akademiyaya, insanlara xidmət göstərir, həm də bu korporativ şəbəkə İTİ-nin bazası, laboratoriyasıdır:   

"Biz eksperimentləri burada keçiririk. Biz AMEA-nın bir fərdi kompüterindən başlayaraq, institutların özünə qədər "kardioqrama"sını çıxarır, kəmiyyət analizini aparırıq. Buna əsasən, istənilən elmi işçinin fəaliyyət dinamikasını, fəallıq vəziyyətini müşahidə etmək mümkündür. Daha sonra həmin şəxsin fəallıq göstərdiyi dövrdə nədən istifadə etdiyi müəyyənləşdirilir və bu prosesin kontent analizi aparılır".

"Daha səmərəli qərarların qəbulu üçün elektron elm mühitində bu imkanları əldə etmişik"

İnstitutda fəaliyyət göstərən hər bir fərddən başlayaraq həyata keçirilən bu internetqrama hazırda İTİ-nin tədqiqat istiqamətlərindən birini təşkil edir: "Sonra fərdlərin fəaliyyətlərinin cəmlənmiş təhlilləri əsasında şöbənin, şöbənin əsasında institutun, onları cəmləyərək isə akademiyanın "kardioqrama"sını çıxarırıq. 

Beləliklə də biz fərddən başlayaraq, akademiyanın özünə qədər fasiləsiz olaraq çıxarılan internetqram əsasında AMEA-nın bir günlük, həftəlik, aylıq və ya illik fəaliyyətinin müsbət-mənfi qiymətləndirilməsini həyata keçirə bilirik. Bu, eyni zamanda AMEA-nın idarəolunmasının yeni şəraitdə keyfiyyətini yüksəltmək üçün əlavə imkanlardır. Biz daha səmərəli qərarlar qəbul etmək üçün elektron elm mühitində bu imkanları əldə etmişik".

Kompüterlə bağlı fövqəladə hallara operativ reaksiya verən vahid şəbəkə modeli

AMEA internet şəbəkəsində ("AzScienceNet") informasiya təhlükəsizliyi insidentlərinə cavabvermə qrupu da var ki, bu da "AZ-CERT" adlanır və bu qrupun başlıca məqsədi "AzScienceNet"-də informasiya təhlükəsizliyi risklərinin qəbul edilmiş səviyyədə idarə edilməsini təmin etməkdir. R.Əliquliyevin sözlərinə görə, institutda kompüterlə bağlı fövqəladə hallara operativ reaksiya verən komanda da yaradılıb.   

Belə ki, hər bir korporativ qurumun, nazirliyin, təşkilatın informasiya təhlükəsizliyi şəbəkəsi yaradılmalı, sonra onlar RİTN-in nəzdində olan baş şəbəkəyə - elektron təhlükəsizlik mərkəzinə birləşdirilməlidir: "Bununla da informasiya təhlükəsizliyinə olan təhdidlər, viruslar, insanların maarifləndirilməsi, kitabların buraxılması, tədrisin keyfiyyəti və s. istiqamətlərin əlaqələndirilməsi üçün ölkədə vahid şəbəkə formalaşdırılmalıdır. Onun ilk korporativ qurumu institutda yaradılıb və Avropanın tələblərinə uyğun akkreditasiya olunaraq sertifikat alıb".

80-90 milyon kitabın yerləşə biləcəyi "beyin"ə əlçatanlıq

Daha sonra "Elektron elmin beyin mərkəzi" - DATA Mərkəzlə bizi tanış edən institut rəhbəri qeyd edib ki, bu mərkəz həm elektron elmin idarəolunması, həm hostinq xidmətləri, həm də böyük yaddaşı özündə cəmləşdirir: 

 "Burada terabaytlarla yaddaş var. 100 terabayta yaxın yaddaşı var. Bu da təxminən 80-90 milyon kitabın yerləşməsi deməkdir. Bu gün Azərbaycanda o qədər kitab yoxdur. O kitabların hamısını buraya yerləşdirə bilərik. Amma hədəfimiz AMEA-da bütün institutlar və əməkdaşlar üçün burada "bulud" (cloud) xidmətlərin göstərilməsidir. Yəni DATA Mərkəzin özünün yaddaşını internet mühitdə dinamik, onlayn olaraq, yaddaşdan kimə nə qədər resurs, sürət lazımdırsa veririk, beləliklə, dünyanın hansı nöqtəsində olsa da, artıq o məlumatlar həmin şəxs üçün əlçatandır. Məsələn, xaricə hər hansı tədbirə gedən alim məlumatını unudarsa, internetdən bizim mərkəzə daxil olacaq və oradan resursu götürüb istifadə edəcək. Biz həm də təhlükəsizlik tam təmin edilməklə, Azərbaycanın elm mühitinə internet provayder xidməti göstərən qurumuq. Planımız var ki, bu mərkəz genişlənib, çox yaxın gələcəkdə super-kompüter mərkəzinə çevrilsin".  

Daha bir yeniliyin astanasında


– İTİ elmi texnologiyalar parkının modeli kimi R.Əliquliyevin sözlərinə görə, İnformasiya Texnologiyaları İnstitutu biliklər iqtisadiyyatının formalaşmasını əsas götürərək, artıq ənənəvi elmi-tədqiqat institutlarının forma və fəaliyyət istiqamətlərindən imtina edib. Çünki sovet sistemindən qalan idarəetmə hazırda özünü doğrultmur:  

"Elm elə bir keyfiyyətə malik olmalıdır ki, onun nəticələri cəmiyyətdə əmtəələşə, kommersiyaya çevrilə bilsin. Bu gün alimlər məşğul olduqları problemlərə kənardan göz gəzdirməli, müstəqil Azərbaycanın marağından, daxili və xarici bazarın tələbatından çıxış etməlidirlər. Biz də bu baxımdan, elmi-tədqiqat institutunu kökündən dəyişmişik. Burada yaradılan infrastrukturun 3 dayağı var - elm, tədris, innovasiya. Bu işi qurarkən biz dünya təcrübəsini öyrəndik". 

 İnstitutda yaradılan hazırkı mühitin əsas üstünlüyü ondadır ki, İTİ-də yaradılan beyin məhsulunun hamısı buradan kənara çıxarılmadan reallaşır: "Beyin məhsulu burada məqaləyə çevrilir, əmtəəyə çevrilir, satıla bilir. Nazir Əli Abbasovun da dediyi kimi, İTİ elmi park, yeni texnologiyalar parkının modelidir. Elm bu gün təhsillə, innovasiyalarla bir yerdə olmasa, inkişaf edə bilməz və ona ayrılan vəsait də özünü doğrulda bilməz".

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1201

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024