12px13px15px17px
Tarix:15/12/12

Onun əməyi sayəsində gənc şirkət beynəlxalq korporasiyaya çevrildi

Məlum olduğu kimi, dünyada informasiya texnologiyaları sektoru üzrə ən nüfuzlu və xüsusi populyarlıq qazanmış lider şirkətlərdən biri də "Google" korporasiyasıdır. İnternet nəhəngi hesab olunan "Google"un inkişaf edərək bir çox nailiyyətlər əldə etməsində hazırda şirkətin Direktorlar Şurasının sədri vəzifəsində çalışan Erik Şmidtin böyük rolu olub.

Erik Şmidt 1955-ci il aprelin 27-də ABŞ-ın Vaşinqton ştatında anadan olub. Atası Uilson Şmidt Virciniya Politexnik İnstitutunun İqtisadiyyat fakültəsinin dekanı olub. E.Şmidtin uşaqlığı Bolonya və Blesburqda keçib. 1971-ci ildə Virciniya ştatında yerləşən Yorktaun məktəbini bitirib. Daha sonra Prinston Universitetində elektrotexnika üzrə bakalavr dərəcəsinə yiyələnən Şmidt magistratura pilləsi üzrə təhsilini 1979-cu ildə Berkli Universitetinin kompüter şəbəkələri fakültəsində alıb. 1980-ci ildə "Xerox" şirkətinin tədqiqat mərkəzinin İT laboratoriyasında iş fəaliyyətinə başlayıb.

1982-ci ildə kompüter elmləri sahəsində doktorluq dissertasiyasını müdafiə edib. 1983-cü ildən proqram təminatı üzrə menecer (Software Manager) kimi çıxış etmiş və "Sun Microsystems" şirkətində proqram təminatı üzrə strategiyasını müəyyənləşdirib. Bu şirkətdə baş mühəndis vəzifəsində çalışarkən "Java" proqram dilinin yaradılmasına rəhbərlik edən şəxslərdən biri olub. 1997-ci ildə "Sun"dan ayrılaraq "Novell" korporasiyasının Direktorlar Şurasının sədri təyin olunub. 1996-cı ildən 2006-cı ilədək Şmidt "Siebel Systems"in Direktorlar Şurasının üzvü kimi fəaliyyət göstərib. Bundan əlavə, müxtəlif vaxtlarda "İntegrated Archive Systems" və "Tition" şirkətlərinin Direktorlar Şurasına daxil olub.

Onun əməyi sayəsində gənc şirkət beynəlxalq korporasiyaya çevrilir

2001-ci ilin iyul ayından "Google"-un yaradıcıları Larri Peycin və Sergey Brinanın dəvəti ilə Direktorlar Şurasının sədri və baş icraçı direktor kimi fəaliyyət göstərir. Erik əsas səylərini şirkətin korporativ infrastrukturunun inkişafına, yüksək artım tempini təmin etməyə və məhsulların keyfiyyətinin artırılmasına yönəltmişdi. Onun "Google"-a gəlişindən sonra gənc şirkət beynəlxalq korporasiyaya çevrildi. Şmidtin rəhbərliyi altında şirkət təqdim etdiyi məhsulların çeşidini və keyfiyyətini daha da artırdı.

Təsadüfi deyil ki, ötən il Erik Şmidt Kann Şirləri Beynəlxalq Yaradıcılıq Festivalı tərəfindən "İlin media şəxsi" adlandırılıb. Kann təşkilatçıları "Google"-un Silikon şəhərciyində başlanğıcdan qlobal texnologiya nəhənginə qədər inkişaf etməsində onun həyata keçirdiyi fəaliyyətləri əsas götürüblər. Onun informasiya texnologiyaları sahəsində olan böyük təcrübəsi şirkətin texniki və biznes baxımından inkişafına gətirib çıxarıb. Şmidt "Google"-a rəqib olaraq "Microsoft"un "Bing" axtarış sistemini görür.

O, "Apple" şirkətini "Google"-un "hörmətə layiq rəqibi", "Facebook"u sosial şəbəkələr arasında yüksək göstəricilər nümayiş etdirən şirkət adlandırır, lakin bunlardan heç birini korporasiyanın əsas rəqibi hesab etmir. Məlumat üçün bildirək ki, 2006-cı ilin avqust ayından etibarən "Apple"-ın Direktorlar Şurasının üzvü olub. 2009-cu ildə bu şirkətdən çıxıb. Buna səbəb, "Google Chrome Operating System" əməliyyat sistemini təqdim etməklə şirkətlərin brauzer bazarındakı maraqlarının toqquşması olub.   

1,25 milyon dollar məvacib alır   

   2011-ci ilin aprel ayından icraçı baş direktor vəzifəsini sirkətin həmtəsisçisi Larri Peyca təhvil verib, Şmidt yalnız "Google"-un Direktorlar Şurasının sədri vəzifəsini icra edir və şirkətin strateji qərarlarının qəbulunda söz sahibi olaraq qalır.

Hazırda onun məvacibi 1,25 milyon dollar təşkil edir. Bundan əlavə, hər il ona əməkhaqqının 4 misli miqdarında mükafat verilir. Onu da qeyd edək ki, şirkətin baş icraçı direktoru vəzifəsini də icra edərkən məvacibi 1 dollar olub. O, təkcə korporasiya rəhbəri kimi deyil, ABŞ-ın elmi sferasında da nüfuzlu şəxslərdən hesab olunur.

Hazırda Şmidt ABŞ prezidenti Barak Obamanın Elm və texnologiya üzrə məsləhət şurasının üzvlərindəndir. Onu da qeyd etmək lazımdır ki, o, 2006-cı ildə Milli Mühəndislər Akademiyasının tərkibinə seçilib, 2007-ci ildə isə Amerika Elm və İncəsənət Akademiyasının Elmi Şurasının üzvlüyünə qəbul edilib. 2008-ci ildən isə "New America Foundation" elmi-tədqiqat mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsini icra edir.

Bütün avtomobilləri robotlara çevirmək istəyir

Bu yaxınlarda "Google" şirkətinin Direktorlar Şurasının sədri Erik Şmidt dünyanın avtomobil istehsalçıları cəmiyyətinə zamanla bütün avtomobilləri avtomatik idarə olunan robotlara çevirmək təklifi ilə müraciət edib. "Google" şirkəti şəxsi avtomobil-robotları üzərində çalışarkən dünyanın bütün iri avtomobil istehsalçıları ilə məsləhətləşib. Nəticədə məlum olub ki, avtomobil avtopilotlarının tətbiq edilməsində əsas problem sürət rejiminə riayət edilməməsidir. Erik Şmidt avtomobil-robotların satışa çıxarılma tarixini söyləməkdə tərəddüd edib.

O bildirib ki, hazırda "Google"-un tədqiqat bölməsi sürücü-robot sistemləri quraşdırılmış bir neçə avtomobil modelini sınaqdan keçirir. Nevada ştatında, hətta belə avtomobillərin tətbiqinə icazə verilib.   

Gələcək trendlər mövzusunda kitab yazır  

"Erik Şmidt 2013-cü ilin yazında kitab nəşr etdirmək niyyətindədir. O, kitabı "Google Ideas"-ın direktoru Cared Koenlə birgə yazır. Kitab aprelin 23-də "Knopf Publishers" nəşriyyatında işıq üzü görəcək.

"Gələcək trendlər və onların imkanlarının müzakirəsi" kitabın əsas mövzusu olacaq. Müəlliflər bildiriblər ki, kitabın mövzusu biznesin gələcəyi, vətəndaş cəmiyyəti, siyasət, təhlükəsizlik, terrorizm və diplomatiya, həmçinin bütün bunların mövcud və inkişaf etməkdə olan texnologiyalarla uyğunluğu haqqında olacaq. Nəşriyyatın məlumatına əsasən, aprelin 23-də kitabın ilk 150 min nüsxəsi buraxılacaq, bundan sonra əlavə nəşrlər də işıq üzü görə bilər.

"Tezliklə dünyada mövcud olan hər şey bir-biri ilə əlaqələndiriləcək. Yaxın illərdə qlobal şəbəkəyə qoşulacaq milyardlarla insan yeni virtual dünya yaradacaqlar. 2025-ci ilədək əhalinin böyük əksəriyyəti tam şəkildə rəqəmli dünyaya keçməli olacaq. Nəticədə onlar vahid hökuməti olmayan ən böyük məkandan (internet) filtrasiya edilməmiş informasiyaya çıxış imkanı əldə edəcəklər", – kitabın müəllifləri qeyd ediblər. Kitabın həm kağız, həm də elektron versiyada buraxılacağı güman edilir.  

Mütəmadi olaraq qaçış yarışlarında iştirak edir  


Maraqlıdır ki, rəhbərlik etdiyi korporasiyada sürətli inkişafı hədəf seçən Şmidt qaçış yarışlarını çox xoşlayır. Mütəmadi olaraq Kaliforniyada keçirilən "Big Sur İnternational" qaçış marafonunda iştirak edir. Bundan əlavə, təyyarə sürməyi özünün əsas hobbisi hesab edir.

Cahangir Atakişiyev



Baxış sayı: 1003

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024