12px13px15px17px
Tarix:21/12/12

Sabunçu və Suraxanı rayonlarının rəqəmsal kadastr xəritələri tərtib ediləcək

Bu gün inkişaf etmiş ölkələrin əksəriyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə mükəmməl daşınmaz əmlak kadastrı, qeydiyyatı və idarə edilməsi sistemi mövcuddur. Vətəndaşlara “vahid pəncərə” sistemi ilə xidmət göstərən bu şəbəkə yerli xüsusiyyətlər nəzərə alınmaqla respublikamızda da qurulur və bu istiqamətdə ciddi addımlar atılır.

Ümumiyyətlə, hazırda Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın vahid dövlət kadastrının, qeydiyyatının, ünvan reyestrinin tərtibi və aparılması sahələrində qabaqcıl dünya ölkələrinin təcrübələrinin öyrənilməsi və əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində ciddi işlər görür.

“ICTnews” elektron xəbər xidmətinə komitədən bildirilib ki, artıq bu istiqamətdə “Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi” layihəsinin birinci mərhələsinin icrasına da başlanılıb.

Layihə açıq tenderin qalibi olmuş Türkiyənin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti tərəfindən həyata keçirilir. İcra müddəti 12 ay olan layihənin birinci mərhələsi çərçivəsində Sabunçu və Suraxanı rayonlarında mövcud olan daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazası yaradılacaq, həmin rayonların rəqəmsal kadastr xəritələri tərtib ediləcək.

Bu müddət ərzində həmçinin Bakı şəhərinin digər 9 rayonunun daşınmaz əmlaka dair rəqəmsal kadastr xəritələrinin tərtibi üçün zəruri kameral hazırlıq işləri görüləcək. Ümumiyyətlə, komitə yaxın 3 il ərzində Sumqayıt, Bakı, Gəncə şəhərləri və Şəki rayonu üzrə “mükəmməl kadastr”ın, respublikamızın digər şəhər, rayon, qəsəbə və kəndləri üzrə “sadə kadastr”ın yaradılmasına nail olmaq niyyətindədir. Sonrakı illərdə “mükəmməl kadastr”ın yaradılması işləri ölkənin bütün ərazisini əhatə edəcək.

Komitədən qeyd edilib ki, Azərbaycan və Almaniya hökumətləri arasındakı “Maliyyə Əməkdaşlığı haqqında” sazişə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Almaniyanın “KFW” Bankı arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, Gəncə şəhərində və Şəki rayonunda “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin birinci fazasına dair işlər də artıq yekunlaşıb.

Bunlardan savayı, 2007-ci ildən ölkəmizdə Dünya Bankının maliyyə dəstəyi ilə “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi həyata keçirilir. Layihənin idarə edilməsinə və həyata keçirilməsinə ABŞ-dan, Avropa İttifaqı ölkələrindən kadastr və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı sahəsində böyük təcrübəyə malik alimlər, mütəxəssislər cəlb olunublar.

Layihə çərçivəsində ölkədə daşınmaz əmlakın kadastrını tərtib edən ƏMDK-nın tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını həyata keçirən ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların müvafiq proqram təminatlarıyla təchiz edilməsi, bu sistemə müasir texnikanın və texnologiyanın gətirilməsi istiqamətlərində mühüm işlər görülüb. İstər dövlət orqanlarında, istərsə də özəl qurumlarda kadastr işində çalışan işçilərin peşəkarlıq səviyyələrinin artırılması, qabaqcıl dünya ölkələrinin bu sahədəki iş təcrübələrinin öyrənilməsi üçün layihənin dəstəyi ilə müxtəlif kurslar, treninqlər, Avropa ölkələrinə ezamiyyətlər təşkil edilib.

HƏQİQƏT



Baxış sayı: 1028

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024