12px13px15px17px
Tarix:10/01/13

Sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkili məqsədilə rəqəmsal taxoqrafların tətbiqinə başlanılıb

Azərbaycanda beynəlxalq avtomobil daşımalarını həyata keçirən sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkil edilməsi məqsədilə rəqəmsal taxoqrafların tətbiqinə başlanılıb. "ICTnews" elektron xəbər xidmətinə Nəqliyyat Nazirliyindən bildirilib ki, artıq nazirlikdə ilk Taxoqraf Nəzarət kartlarının təqdimetmə mərasimi keçirilib. Taxoqraf Nəzarət kartları nəqliyyat naziri cənab Ziya Məmmədov tərəfindən müfəttiş və sürücülərə təqdim olunub.

Nazirlikdən qeyd edilib ki, Nazirlər Kabinetinin 10 sentyabr 2009-cu il tarixli sərəncamı ilə bu məsələlərlə əlaqədar səlahiyyətli orqan Nəqliyyat Nazirliyi müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli, 110-IQ nömrəli qanunla "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nə (AETR) qoşulub.

Sazişin tələblərinin həyata keçirilməsinin əsas məqsədi beynəlxalq avtomobil daşımalarında təhlükəsizlik məsələlərinin təmin edilməsidir. Bununla əlaqədar milli daşıyıcılarımızın iş və istirahət rejiminə nəzarət analoq (elektromexaniki) taxoqraf cihazı vasitəsilə təmin olunur. Beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə daha effektiv nəzarətin təşkili məqsədilə BMT AİK-in müvafiq qərarına əsasən AETR Sazişinə 5-ci düzəliş edilib və 2006-cı il 16 iyun tarixindən AETR-ə üzv Avropa Birliyi dövlətlərində Rəqəmsal Taxoqraf sisteminin tətbiqinə başlanılıb.

Bu düzəliş AETR-ə üzv Avropa Birliyinə daxil olmayan dövlətlərə, o cümlədən MDB-yə münasibətdə 2010-cu il 16 iyun tarixindən qüvvəyə minir. Həmin tarixdən etibarən Azərbaycan da daxil olmaqla, Rəqəmsal Taxoqraf sisteminin tətbiqini təmin etməyən dövlətlərin nəqliyyat vasitələri Avropa Birliyi məkanına beynəlxalq avtomobil daşımaları həyata keçirməkdən məhrum olacaqlar.

Azərbaycan Respublikasında Rəqəmsal Taxoqraf sisteminin tətbiqi il ərzində ərazimizə daxil olan 50 000-dən artıq xarici və 1 000-dən artıq milli daşıyıcının iş və istirahət rejiminə nəzarətin təşkilini nəzərdə tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 155.1.10-cu bəndinə əsasən, nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücülərin iş və istirahət rejimini əks etdirən taxoqrafları doldurmadan idarə edilməsinə görə on manatdan iyirmi manatadək cərimə müəyyən edilib.

İş və istirahət rejiminin pozulmasına görə isə cərimə tutulmayıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi zəruridir. Nazirlikdən əlavə edilib ki, Avropa Birliyi məkanında sürücülərin iş və istirahət rejimlərinin pozulmasına görə müəyyən edilmiş cərimələr yüksəkdir.

Məsələn, pozuntuların ağırlıq dərəcəsindən asılı olaraq, Belçikada bu məbləğ 20-2000 avro, Polşada 500-1000 zlotıx müəyyən edilib. Bəzi hallarda isə qanun pozuntusuna görə sürücülərin məhkəməyə verilməsi də nəzərdə tutulub.





Baxış sayı: 1465

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024