12px13px15px17px
Tarix:11/01/13

“Pebble” "ağıllı" saatlarının tədarük tarixi açıqlanıb

"Bluetooth" texnologiyası vasitəsilə "iPhone" və "Android" smartfonlarına qoşula bilən "Pebble" "ağıllı" saatları yanvarın 28-dən etibarən alıcılara tədarük ediləcək. ABŞ-ın Las-Veqas şəhərində keçirilən "CES 2013" sərgisində iştirak edən şirkətin baş direktoru Erik Midjikovski belə bəyanatla çıxış edib.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Pebble" saatlarının tarixi 2008-ci ildən başlanır. O zaman Vaterloo Universitetinin tələbəsi olan Midjikovski "BlackBerry" "ağıllı" telefonları ilə qarşılıqlı şəkildə işləyən saat istehsalı ilə məşğul olan "inPulse" şirkətinin əsasını qoymuşdu. Birinci "ağıllı" saatlar ticarət uğuru əldə edə bilmədi: 2012-ci ilin aprelinə kimi cəmisi 1500 ədəd belə saat satılmışdı. 2012-ci ilin yazında Midjikovskinin yeni layihəsi olan "Pebble" saatları "Kickstarter" saytı vasitəsilə 10 milyon dollardan çox vəsait toplaya bilmişdi.

Saat istehsalçıları əvvəlcə cəmisi 1000 ədəd satmağı planlaşdırırdılar, lakin qeyri-adi cihaz təxminən 70 min insanda maraq oyada bilmişdi. "Pebble" saatlarına olan yüksək tələbatla əlaqədar onların reliz tarixi dəfələrlə dəyişdirilib. "Pebble" "Bluetooth" vasitəsilə "ağıllı" telefona qoşula bilən maye kristal ekrana malik yığcam saatdır. Aksesuar azca titrəyərək daxil olan zənglər, sosial şəbəkələrdəki yeniləmələr, elektron məktublar və təqvimdəki hadisələr barədə məlumat verir.

Bundan başqa, "quqlofon" sahibləri "SMS"-ləri birbaşa saatın ekranından oxuya bilər. "Pebble"-in displeyi "elektron mürəkkəb" texnologiyası əsasında hazırlanıb. Saatlar su keçirməyən korpusla təchiz olunub. "Pebble"-in akkumulyatoru 1 həftə üçün kifayətdir və cihaz təxminən 2 saat ərzində enerji toplayır. "Pebble" qara, boz, narıncı, qırmızı və ya ağ rənglərdə əlçatan olacaq.

Saatların çəkisi təxminən 200 qramdır. "Pebble" "iPhone 3GS" və sonrakı modellərlə, həmçinin "Android 2.3.3" və daha yuxarı versiyalarla uyğundur. Saatlar telefona "Bluetooth 4.0" protokolu vasitəsilə qoşulur.

Emil Hüseynov



Baxış sayı: 587

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020