12px13px15px17px
Tarix:12/01/13

İnformasiya Texnologiyaları İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. "ICTnews" elektron xəbər xidmətinə AMEA-dan bildirilib ki, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2012-ci il üçün hesabatına həsr olunmuş iclasda 2012-ci ildə bölmə institutlarının 20 ildə əldə etdikləri nailiyyətləri əks etdirən sərgi nümayiş etdirildikdən sonra AMEA prezidenti, akademik Mahmud Kərimov gündəlikdəki məsələlər barədə məlumat verib.

AMEA FRTEB-nin akademik-katibi, akademik Akif Hacıyev bölmə institutlarının 2012-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib və bildirib ki, ötən ildə bölmə müəssisələrinin planına həm fundamental elmi-tədqiqat işləri, həm də tətbiqi xarakterli elmi-texniki tədqiqatlar daxil edilib.

Hesabat ilində bölmə institutlarında 26 problemə aid 82 mövzu üzrə 349 tədqiqat işi aparılıb, elmi tədqiqatların mühüm nəticələri bölmənin ümumi yığıncağında araşdırılıb və təsdiq olunmuş mühüm nəticələr bölmə institutlarının 2012-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatına daxil edilib. 2012-ci ildə 40 elmi-tədqiqat işinin nəticəsinin xalq təsərrüfatına tətbiqi icra edilib, bunlardan 30-u artıq tətbiq olunub. "AMEA elmi müəssisələrinin başa çatdırılmış elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin 2012-ci il üçün tətbiq planı"na bölmə müəssisələrinin 31 işi (14-ü keçici) daxil edilib, bu işlər plan üzrə tam yerinə yetirilib.

Bölmə müəssisələrində aparılan tədqiqatların nəticələrinin xalq təsərrüfatında tətbiqi üçün 3 müqavilə üzrə iş yerinə yetirilib. Hesabat ilində bölmənin müəssisələrində beynəlxalq əlaqələr ənənəvi olaraq konfransların təşkili və elmi məruzələr, kollektiv və ikitərəfli əməkdaşlıq - birgə nəzəri və təcrübi tədqiqatların aparılması, tenderlərdə və qrant layihələrində iştirak, yeni cihaz, avadanlıq və texnologiyaların mənimsənilməsi və tətbiqi, kadr hazırlığı və s. əhatə edib. Təşkil olunmuş beynəlxalq konfranslarda və digər tədbirlərdə "Nobel" mükafatı laureatları, tanınmış alimlər iştirak etmiş, xarici ölkələrin elmi-tədqiqat müəssisələrinin rəhbərləri və məsul işçiləri bölmə institutlarında görüşlər keçirib, müzakirələr aparıblar. Bölmə alimlərinin apardığı tədqiqatların nəticələrinə olan xarici istinadların sayı əvvəlki illərlə müqayisədə xeyli dərəcədə artıb.

Ötən illərdə olduğu kimi, bu il də ölkəmizin elmi tutumlu strateji problemlərinin həllində bölmənin elmi potensialından geniş istifadə olunub. Bölmənin elmi və texnoloji potensialının istifadəsini nəzərdə tutan Dövlət proqramlarının ("2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı", "Məşğulluq strategiyasının icrası üzrə 2007-2010-cu illər üçün Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)", "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı", "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı", "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə Dövlət Proqramı") və müvafiq Tədbirlər Planının icrası ilə əlaqədar elmi-tədqiqat və elmi-texniki işlər yerinə yetirilib. Bundan əlavə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı"nda nəzərdə tutulan tədbirlər plana uyğun icra edilib.

Hesabat ilində respublika prezidentinin AMEA, o cümlədən Bölmə müəssisələrində iş şəraitinin yaxşılaşdırılması barədə verdiyi sərəncamların icrası, SCİ jurnallarında nəşrlərin sayının artırılması, doktorantura və dissertanturaya qəbul kimi məsələlər Büroda mütəmadı müzakirə olunub. Respublikada elmin vahid konsepsiya əsasında inkişaf etdirilməsi məqsədilə bölmədə Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının bölmənin elmi istiqamətləri üzrə 6 Problem Şurasının ("Riyaziyyat", "Mexanika", "Fizika", "Kibernetika, informasiya texnologiyaları və texnika", "Energetikanın kompleks problemləri", "Nüvə tədqiqatları") fəaliyyət göstərdiyi, hesabat ilində şuralarda mütəmadi müzakirələrin aparıldığı, elmi-tədqiqat planlarının, dissertasiya işlərinin mövzularının və s. müzakirə edildiyini diqqətə çatdırılıb.

Hazırda bölmənin müəssisələrində 1905 nəfər işçi çalışır ki, bunlardan 1060 nəfərin elmi işçi, elmi işçilərin 173 nəfərinin elmlər doktoru, 463 nəfərinin isə fəlsəfə doktorudur. Bölmədə 16 akademik, 22 müxbir üzv çalışır. Hesabat ilində Bölmənin əməkdaşları tərəfindən 12 monoqrafiya (9-u xaricdə), 15 kitab, 9 dərslik və dərs vəsaiti, 1289 məqalə çap olunub ki, onlardan 706-sı nüfuzlu xarici elmi jurnallarda (320-si SCİ jurnalları) işıq üzü görüb. Bölmədə 62 (37-si əyani, 25-i qiyabi) doktorant təhsil alır, 8 doktorant isə təhsilini başa vurub.

Bundan əlavə, bölmə müəssisələrində 126 nəfər mütəxəssis dissertant kimi elmi- tədqiqat işi aparır. Hesabat ilində 126 nəfər mütəxəssis dissertanturanı bitirib, onladan 5-i dissertasiya işini yekunlaşdırıb. Bölmənin əməkdaşları ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Almaniya, Fransa, İngiltərə, Belçika, İtaliya, Türkiyə, Rusiya, Ukrayna və s. ölkələrdə keçirilən beynəlxalq konfranslara məruzələrin tezislərini təqdim ediblər. Cari ildə bölmədə AMEA "Xəbərləri" jurnalının Fizika-texnika və riyaziyyat elmləri seriyasının "Riyaziyyat və Mexanika" buraxılışının 3 nömrəsi, "İnformatika və idarəetmə prosesləri" buraxılışının 2 nömrəsi, "Fizika və astronomiya" buraxılışının 2 nömrəsi, "Azərbaycan MEA RMİ-nin Əsərləri"nin 3 nömrəsi, "Fizika" jurnalının 3 nömrəsi, "Energetikanın problemləri jurnalı"nın 3 nömrəsi, "Azərbaycan Astronomiya jurnalı"nın 4 nömrəsi, "Tətbiqi və hesablama riyaziyyatı" jurnalının 2 nömrəsi, "Sun and Geosphere" jurnalının 2 nömrəsi, "İnformasiya texnologiyaları problemləri" jurnalının 1 nömrəsi, "İnformasiya cəmiyyəti problemləri" jurnalının 1 nömrəsi və "Azərbaycan Riyaziyyat jurnalı"nın 2 nömrəsi nəşr olunub.

Akademiklər Arif Həşimov, İsmayıl İbrahimov, Telman Əliyev, AMEA-nın müxbir üzvləri Rasim Əliquliyev, Adil Qəribov, Asəf Hacıyev, Əyyub Quliyev, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov hesabatla bağlı çıxış edərək bölmənin illik hesabatını yüksək qiymətləndiriblər. AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı müzakirə edildikdən sonra AMEA RH-ın qərarı ilə təsdiq edilərək AMEA-nın illik hesabatına daxil edilib.

HƏQİQƏT



Baxış sayı: 1643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024