12px13px15px17px
Tarix:14/01/13

“Azərbaycan Dəmir Yolları” kompüterləşmiş beynəlxalq maliyyə hesabatları standartlarına keçir

Azərbaycanın dəmir yolu nəqliyyat sistemində “Kompüterləşdirilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) keçidin təmin edilməsi» layihəsinin icrasına start verilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında deyilir. Proqram təminatının alınması məqsədi ilə 2012-ci ilin 21 dekabr tarixində “ST Group” (Belorus), “Belsoft Borlas Group” (Belorus) və “Eurosell” MMC (Azərbaycan) şirkətlər birliyindən ibarət məsləhətçi ilə müqavilə imzalanıb.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə ölkə Prezidentinin 2005-ci il 07 fevral tarixli 192 nömrəli Fərmanını rəhbər tutaraq mühasibat uçotunun beynəlxalq standartları əsasında inkişaf etdirilməsi və maliyyə hesabatlarında şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlər kredit sazişinə daxil edilib.

Bu sub-komponent çərçivəsində yeni hesablar planının, BMHS-yə uyğun mühasibatlıq təlimatının və yeni iş proseslərinin təşkili nəzərdə tutulub. Həmçinin, bu sub-komponentə dünya təcrübəsini nəzərə alaraq oxşar miqyaslı müəssisələrdə istifadə olunan Müəssisə Resurslarının İdarəolunması Proqramının (ERP) və kompüter avadanlıqlarının alınması və eyni zamanda dəmir yolu çərçivəsində lokal kompüter şəbəkəsinin yaradılması (regionlar daxil olmaqla) kimi tədbirlər daxildir.

Qeyd olunan ERP proqramı ilkin olaraq 13 modul həcmində (Baş kitab, Kassa kitabı və Bank hesablarının idarə edilməsi, Kreditor borcları, Debitor borcları, Satınalma və mal-material ehtiyatının idarə edilməsi, Xərc mühasibatı idarəçiliyi, Əsas vəsait reyestri və idarəetmə, İnsan qaynaqları idarəçiliyi və əməkhaqqı cədvəli, Büdcə tərtibatı, Hesabatçılıq, BMHS əsaslı maliyyə hesabatçılığı və Qərarlara dəstək və rəhbərliyə hesabatlar) layihələndirilib və gələcəkdə texniki fəaliyyəti əhatə edəcək səviyyədə genişləndirilə bilər.

Layihənin digər komponentlərindən fərqli olaraq üçüncü komponent Azərbaycanın dəmir yollarının regionlardakı bütün müəssisələrini əhatə edir və dəmir yolu fəaliyyətinin həm maliyyə resurslarının, həm də gələcəkdə texniki resursların tam şəkildə planlaşdırılmasını həyata keçirməsinə imkan verəcək.

Dünya təcrübəsinin və Dünya Bankının mütəxəssislərinin rəylərinə əsasən bu cür proqram təminatının tətbiqi ADY-nin rəqabət qabiliyyətini, maliyyə dayanıqlığını və şəffaflığını, əməliyyat-iqtisadi effektivliyinə və potensialının gücləndirilməsinə xidmət edəcək.

Məhz bu səbəbdən, Dünya Bankı layihənin bu sub-komponentinə xüsusi diqqət yetirib və bu günədək görülmüş işlərin gedişatını Yaddaş Qeydlərində yüksək qiymətləndirib. Sözügedən sub-komponent çərçivəsində bir sıra işlər görülüb: Kompüterləşdirilmiş BMHS-ə keçid üzrə Məsləhətçi “G&G Konsaltnq” şirkəti (Türkiyə) cəlb edilib, kompüterləşdirilmiş BMHS-ə keçidlə bağlı yuxarıda qeyd olunan çərçivə sənədləri hazırlanıb və dəmir yolunun maliyyə mütəxəssisləri üçün təlimlər keçirilib.

Eyni zamanda, ADY-nin maliyyə hesabatlarının ilk dəfə olaraq BMHS əsasında auditinin və əsas vəsaitlərinin yenidən qiymətləndirilməsinin həyata keçirilməsi məqsədi ilə müvafiq olaraq “Baker Tilly” Azərbaycan Audit şirkəti və “BKR İşık-Rec İnvest” Məsləhətçi şirkəti cəlb edilib.

CAHANGİR



Baxış sayı: 535

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020