12px13px15px17px
Tarix:17/01/13

Türkiyənin universitetləri ilə BDU arasında innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Ölkəmizdə səfərdə olan Türkiyənin Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) başçısı, professor Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Bakı Dövlət Universitetində olub.

Nümayəndə heyətinin tərkibində Türkiyənin tanınmış universitetlərinin rektorları, professor, doktorlar - Davut Aydın (Anadolu Universiteti), Ramazan Korkmaz (Ərdahan Universiteti), Hikmət Koçak (Ərzurum Atatürk Universiteti), Arif Yılmaz (Rəcəb Tayyib Ərdoğan Universiteti), Sami Özcan (Qars Qafqaz Universiteti) və Aygün Attar (Giresun Universiteti) təqdim olunublar.

Bu barədə BDU-nun mətbuat xidmətindən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, türkiyəli qonaqlar Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ilə görüşüblər. Rektor BDU-nun beynəlxalq əlaqələrindən, bir çox universitet assosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən danışıb, Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Görüşdə həmçinin universitetlərarası elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə edilib.

Görüşün sonunda BDU ilə Anadolu və Rəcəb Tayyib Ərdoğan universitetləri arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanan müqavilələr tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, birgə simpozium, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur. İmzalanma mərasimindən sonra çıxış edən rektorlar müqavilənin yaxın vaxtlarda nəticə verəcəyinə inandıqlarını qeyd ediblər.

Qeyd edək ki, adları çəkilən digər universitetlər ilə BDU arasında əməkdaşlıq müqavilələri keçən il imzalanıb. Mərasimdən sonra qonaqlar universitetin tədris və elmi-tədqiqat laboratoriyaları, Heydər Əliyev Muzeyi, Elektron Tədris Mərkəzində olublar.

SEYMUR



Baxış sayı: 838

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024