12px13px15px17px
Tarix:21/01/13

RİTN-də 2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublika prezidentinin sərəncam və fərmanlarının, dövlət proqramlarının, eləcə də, bu il ölkəmizdə İKT ili elan edilməsinin rabitə və informasiya texnologiyaları sektorunun inkişafı üçün geniş imkanlar yaratdığını bildirib, həmçinin, İKT sahəsində uğurla həyata keçirilən islahatlar, gələcək böyük layihələr və perspektivlərdən söz açıb.

Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri olduğunu qeyd edən nazir, sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, artıq geridə qalan 2012-ci ildə bu sahədə müsbət nəticələr əldə edildiyini vurğulayıb.

Kollegiya iclasında yola saldığımız il ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun məruzəsi dinlənilib.

Məruzəçi bildirib ki, hesabat dövründə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.3 faiz artaraq 1503.4 milyon manat təşkil edib. Ötən illə müqayisədə artım tempi İKT sektorunda 16.6 faiz, o cümlədən telekommunikasiya sektorunda 17.4 faiz, İT sektorunda 8.6 faiz, eyni zamanda, poçt sektorunda 18.2 faiz, informasiya sektorunda isə 50.1 faiz təşkil edib. 2012-ci ilin sonuna əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı 70-ə bərabər olub. Hazırda ölkədə hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 50-yə bərabərdir. Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir və dünya orta göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır. Sonra müzakirələr ətrafında çıxışlar olub.

Kollegiyaya yekun vuran nazir prezidentin rabitə sahəsinin inkişafına verdiyi xüsusi önəm nəticəsində 2013-cü ilin Azərbaycanda İKT ili elan edildiyini bir daha xatırladaraq, bununla da qarşıya xeyli vəzifə və məqsədlərin qoyulduğunu, bu sahədə çalışanların üzərində məsuliyyətin daha da artdığını, həmçinin İKT ili çərçivəsində qabaqcıl texnologiyaların istehsalı və ixracı ilə məşğul olacaq innovativ sahibkarlığın inkişafı üçün xüsusi mühitin yaradılacağını, informasiya təhlükəsizliyi, dünyada sürətlə irəliləyən mobil genişzolaqlı internet xidmətləri, peyk sənayesinin inkişafı və s. kimi sahələrin prioritet istiqamət təşkil edəcəyini vurğulayıb və bütün bunlarla bağlı müvafiq rabitə müəssisələri rəhbərlərinə tapşırıqlar verib.



Baxış sayı: 884

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024