12px13px15px17px
Tarix:01/02/13

Çin alimləri Azərbaycanla kosmik şəkillərin çəkilməsi istiqamətində əməkdaşlıq etmək niyyətindədirlər

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Çin Xalq Respublikasının süni peyk üzrə ixtisaslaşmış mütəxəssisləri ilə görüş keçirilib.

Görüşdə Çinin Geodeziya və kartoqrafiya milli administrasiyasının sədr müavini Li Penq, Kosmik çəkiliş və kartoqrafiya mərkəzinin departament müdiri Çanq Hiaotao və eləcə də Çinin informasiya-kommunikasiya texnologiyaları üzrə tanınmış alimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Çinlə Azərbaycan arasında geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Bu ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişaf etdiyini vurğulayan nazir müavini iki ölkə arasında İKT sahəsində də əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib.

Sonra Li Penq ölkəsinin geologiya və kartoqrafiya üzrə həyata keçirdiyi İT layihələri ilə bağlı məlumat verib. Qonaq bildirib ki, hazırda Çin öz ərazisi üzrə 56 regionda texnoloji yenilikləri tətbiq edir, İKT-nin verdiyi imkanlardan yararlanaraq ərazilərin müxtəlif formalı və müxtəlif ölçülü kosmik şəkillərini çəkir.

Bu sahədə iki ölkə arasında əməkdaşlığın qurulmasının əhəmiyyətindən danışan Li Penq deyib ki, kosmik çəkilişlərlə bağlı gələn həftə Doha şəhərində təqdimat keçirəcəklər. Çində bütün beynəlxalq texnologiya şirkətlərinin cəmləşdiyini vurğulayan qonaq Azərbaycanda da İKT sahəsi üzrə mühüm layihələrin həyata keçirilməsindən xəbərdar olduqlarını vurğulayıb: «Azərbaycan artıq müəyyən nailiyyətlər əldə edib və biz buna sevinirik. Düşünürəm ki, İKT sahəsi üzrə birgə layihələr həyata keçirə bilərik. Hazırda Çinin topoqrafik şəkillərin çəkilməsi üzrə mühüm təcrübəsi vardır». Daha sonra Çanq Hiaotao Çinin 2012-2027-ci illəri əhatə edən kosmik çəkilişlərlə bağlı olan dövlət proqramı haqqında danışıb. O bildirib ki, ölkəsi növbəti illərdə "3D" texnologiyası ilə kosmik çəkilişlərin aparılmasına hazırlaşır. Çində kosmik məlumatların 3 qəbuledici stansiyasının fəaliyyət göstərdiyini vurğulayan Çanq Hiaotao Azərbaycanda da belə bir stansiyanın qurulmasının mümkünlüyünü ifadə edib.

Öz növbəsində İ.Məmmədov bildirib ki, Azərbaycan bu ay özünün süni peykini orbitə qaldıracaq. Ölkəmizdə bunun üçün stansiyanın tikildiyini vurğulayan nazir müavini qeyd edib ki, onun vasitəsilə həm peyki idarə etmək, eyni zamanda peykdən göndərilən informasiyaları qəbul etmək mümkün olacaq.

SEYMUR



Baxış sayı: 1027

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024