12px13px15px17px
Tarix:02/02/13

Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-Kommunikasiya Texnologiyaları ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamına uyğun olaraq, ölkənin sosial-iqtisadi inkişafında və gündəlik həyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə genişləndiyini nəzərə alaraq, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universiteti yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış İnformasiya Texnologiyaları Universitetinin Nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2013-cü il üçün dövlət büdcəsindən və 2014-cü il və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutsun;

2.3. İnformasiya Texnologiyaları Universitetinin bina və lazımi avadanlıqla təmin edilməsi üçün müvafiq tədbirlər görsün;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə İnformasiya Texnologiyaları Universitetində 2013–2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılmasını təmin etsin və bu Sərəncamdan irəli gələn digər zəruri tədbirləri həyata keçirsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2013-cü il.




Baxış sayı: 1118

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024