12px13px15px17px
Tarix:04/02/13

Çinin süni peyk üzrə ixtisaslaşmış mütəxəssisləri ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində görüş keçiriblər

Yanvar ayının son günündən ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının süni peyk üzrə ixtisaslaşmış mütəxəssisləri ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində görüş keçirilib. Görüş çərçivəsində ölkədə geoməkan informasiyasının idarəolunmasının vəziyyətinin öyrənilməsi, təşkilatlar arasında gələcək əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

"ICTnews" elektron xəbər xidmətinə komitədən bildirilib ki, səfər çərçivəsində qonaqlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin strukturlarında olub və buradakı texnologiya ilə tanış olublar. Tədbirdə Çinin Geodeziya, Xəritəçəkmə və Geoinformatika Milli Administrasiyasının baş direktorunun müavini Li Penqe, Çinin Geodeziya və Xəritəçəkmə Akademiyasının vitse-prezidenti Vanq Quan, Çinin Milli Geomatika Mərkəzinin vitse-prezidenti Vanq Donqua və digər mütəxəssislər iştirak ediblər.

Komitədən qeyd edilib ki, BMT-nin qlobal geoməkan informasiyasının idarəolunması üzrə təşəbbüsünün (UN-GGIM) məqsədi qlobal geoməkan informasiyası üçün gündəmin müəyyənləşdirilməsində aparıcı rol oynamaq və ondan başlıca qlobal cagırışlara yönəlik istifadəni təşviq etməkdir. O, üzv ölkələr arasında və üzv ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq və koordinasiya üçün bir forum rolunu oynayır. "UN-GGIM" iki paralel strukturdan – 2011-ci ildə BMT-nin "ECOSOC" (BMT-nin İqtisadi və Sosial Şurası) vasitəsilə yaratdığı Ekspertlər Komitəsi (ilk iclası 2011-ci ilin oktyabrında Koreyanın Seul şəhərində, ikinci iclası isə 2012-ci ilin avqust ayında ABŞ-ın Nyu-York şəhərində keçirilmişdir) və yüksəksəviyyəli forumdan ibarətdir.

BMT-nin rəsmi Ekspertlər Komitəsi "UN-GGIM" üçün ekspertlərin qlobal məsləhətləşməsi mexanizmini təmin edir və Yüksək Səviyyəli Forumun gündəliyini hazırlayır. Yüksək Səviyyəli Forum (ilk iclası 2011-ci ilin oktyabrında Koreyanın Seul şəhərində keçirilmiş və "Seul Deklarasiyası" qəbul olunmuşdur) qərar qəbul edənləri qlobal geoməkan informasiyasının idarəolunmasının əhəmiyyəti barədə məlumatlandırır və forumun məsləhətləşmələrinin nəticələrinin hər bir milli siyasətdə əks etdirilməsini təmin edir:

"Xatırladaq ki, istər Ekspertlər Komitəsinin iclasında, istərsə də Yüksək Səviyyəli Forumda və əlaqəli tədbirlərdə Azərbaycanın Xarici İşlər Nazirliyinin tapşırığı ilə ölkəmizin BMT-dəki Daimi nümayəndəliyinin BMT-nin baş katibinə təqdimatı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları təmsil edir. "UN-GGIM" geoməkan informasiyasının idarəolunmasında geoməkan informasiyası və ehtiyatlarının çox vaxt həyata keçirilməmiş potensialını qlobal cəmiyyət tərəfindən effektiv idarə və istifadə etməyə imkan verən, bir çox ölkələr tərəfindən zəruriliyi xüsusilə vurğulanan qlobal koordinasiya mexanizmlərinə olan ehtiyaca cavab olaraq yaradılmış başlıca dövlətlərarası mexanizmdir. Digər qlobal mexanizm kimi Braziliyanın Rio de Janeyro şəhərində bu ilin iyununda keçirilmiş BMT-nin Dayanıqlı İnkişaf üzrə Konfransını (Rio+20) qeyd etmək lazımdır.

Həmin konfrans üçün Ekspertlər Şurasının sorğusuna əsasən "Dayanıqlı İnkişafın monitorinqi: Geoməkan İnformasiyasının Rio+20 prosesinə töhfəsi" adlı məqalə hazırlanıb. Konfransın nəticəsi olaraq qəbul olunmuş "Biz istədiyimiz gələcək" adlı sənəd qəbul olunub". Həmin sənəddə bir neçə yerdə geoməkan informasiyasının idarə olunmasının əhəmiyyəti xüsusilə vurğulanıb. Bu sırada BMT-nin Regional Kartoqrafik konfranslarını xüsusilə qeyd etmək olar. Bu konfranslar Asiya və Sakit okean regionu üçün üç ildə bir dəfə, Amerika üçün isə dörd ildə bir dəfə keçirilir və həmin regionda milli xəritəçəkmə və geodeziya qurumları, həmçinin geoməkan informasiyası sahəsində fəaliyyət göstərən beynəlxalq elmi təşkilatlar arasında informasiya mübadiləsi üçün mühüm regional mexanizmlərdir. Bu konfranslararası dövrdə fəaliyyətin tənzimlənməsi üçün müvafiq daimi komissiyalar yaradılır:

"Asiya və Sakit okean hövzəsi regionu üçün CİS İnfrastrukturuna dair Daimi Komitə (PCGIAP) 1995-ci ildə yaradılıb və onun üzərinə işçi qrupların təsis olunması və onların illik plenar iclaslar və yarımillik icraçı şuranın iclasları vasitəsilə idarə olunması ilə regional məkan məlumatları infrastrukturunun inkişafı üzrə layihələrin həyata keçirilməsi öhdəliyi qoyulub. BMT-nin təşəbbüsü ilə 2012-ci ilin 29 oktyabr – 1 noyabr tarixlərində keçirilən 50-yə yaxın ölkəni əhatə edən Asiya və Sakit Okean regionu üçün Beynəlxalq Kartoqrafik Konfransın gedişində də geoməkan informasiyasının idarəolunması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. "PCGIAP" təşkilatının əvəzinə BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Asiya və Sakit okean Regional Komitəsi təsis olunub. Qeyd edək ki, komitənin ilk plenar iclasında Çin Xalq Respublikası və Yaponiya tərəfindən namizədliyi irəli sürülərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Regional Komitənin İcra Şurasının on bir üzvündən biri seçilib".

HƏQİQƏT



Baxış sayı: 949

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024