12px13px15px17px
Tarix:06/02/13

Əfqanıstan İKT sahəsinin inkişafı ilə bağlı Azərbaycandan yardım gözləyir

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov BMT Baş katibinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Əfqanıstandakı Yardım Missiyasının rəhbəri Jan Kubis və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi, BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi Antonius Bernardus Broek ilə görüşüb.

İqtisadi münasibətlərin, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsinin daha da inkişaf etdirilməsi istiqamətində ölkəmizin Əfqanıstanla əməkdaşlığa maraqlı olduğunu diqqətə çatdıran nazir Əli Abbasov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Əfqanıstanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında əlaqələr qurulduğunu, həmçinin əfqan həmkarı Sanqin Əmirzai ilə İKT sektorunun inkişafı istiqamətində danışıqlar apardıqlarını vurğulayıb. Əfqanıstanın iqtisadi inkişafı ilə bağlı BMT-nin İnkişaf Proqramının hazırda müxtəlif donor ölkələr və təşkilatlar vasitəsilə yeni layihə üzərində çalışdığını deyən J.Kubis qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi, Azərbaycanın da bu prosesə cəlbi arzuolunandır:

"Əfqanıstanda rabitə və informasiya texnologiyaları infrastrukturunun inkişafı, "Elektron hökumət" sistemlərinin qurulması, azərbaycanlı investorların bu ölkənin İKT sektoruna investisiyalar qoyması artıq Əfqanıstanın əlaqədar nazirliyi ilə müzakirə mövzusudur və bu istiqamətdə ilkin addımlar atılmaqdadır". Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin xüsusi nümayəndəsinin bu yaxınlarda Əfqanıstanda olduğunu da xatırladan BMT rəsmisi bildirib ki, bu istiqamətdə ilkin araşdırmalar, müvafiq strukturlarla danışıqlar aparıldıqdan sonra xüsusi təkliflər paketinin hazırlanmasına başlanılıb. İki il əvvəl BMT Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı baş katibi postunda olarkən, "Bakutel" sərgi-konfransı çərçivəsində "UNECE" və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) birgə təşkil etdiyi forumda Azərbaycanın İKT sahəsi və ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmaq imkanı qazandığını da bildirən J.Kubis RİTN-in bu cür təşəbbüslərə qoşulmasını yüksək qiymətləndirib:

"Əfqanıstan Azərbaycanın təcrübəsinə arxalanır və ondan kömək istəyir. Bu ölkədə müvafiq təcrübə tətbiq edilərsə, Azərbaycanda olduğu kimi, Əfqanıstanda da İKT sahəsində yüksək çiçəklənmə müşahidə edilə bilər. Ümid edirik ki, BMT, Azərbaycan və Əfqanıstan bu istiqamətdə birgə fəaliyyət göstərəcəklər". Azərbaycanda "UNECE"-nin "Dövlət-özəl sektor Əməkdaşlığı Qlobal Mərkəzi"nin yaradılacağını və bu mərkəzdən bütün region ölkələrinin istifadə edəcəyini də qeyd edən BMT rəsmisinin sözlərinə görə, hazırda kadr çatışmazlığı ilə üzləşən əfqan mütəxəssisləri də bu mərkəzin fəaliyyətindən faydalana bilərlər:

"Azərbaycan İKT-nin daha çox təcrübə topladığı istiqamətləri üzrə gələcəkdə əfqan mütəxəssislərini də təlimlərə cəlb edərsə, bu, daha səmərəli olar". Təklifi müsbət qarşılayan nazir Əli Abbasov da öz növbəsində ölkəmizdə İnformasiya Texnologiyaları Universitetinin yaradılacağını, universitetdə təşkil olunacaq təlimlərə digər xarici ölkələrlə yanaşı, Əfqanıstandan da mütəxəssislərin cəlb ediləcəyini, eyni zamanda ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini və İKT sahəsində təcrübələrin əldə edilməsi ilə bağlı kompleks işlərin aparılacağını vurğulayıb.



Baxış sayı: 1147

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024