12px13px15px17px
Tarix:13/02/13

Azərbaycan Prezidenti İlham Əliyev: "Biz genişzolaqlı interneti hər kəndə gətirməliyik və gətirəcəyik"

"...Hesab edirəm ki, aqrar sahədə yeni texnologiyaların tətbiqi üçün artıq vaxt yetişib. Bildiyiniz kimi, ümumiyyətlə, yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi Azərbaycanda geniş vüsət almışdır. Biz bu sahədə bölgədə birinci yerlərdəyik. Ümumiyyətlə, dünya miqyasında reytinq siyahılarında qabaqcıl yerlərdəyik. Aqrar sahədə də İKT məsələlərinin həlli hesab edirəm ki, vacibdir. Onların arasında fermerlərin elektron qeydiyyat sisteminin yaradılması məsələsi dayanır. Bu layihə bir neçə məqsədi güdəcəkdir. Həm subsidiyaların səmərəsini artıracaq və həm də pay torpaqlarının sərhədləri bir daha dəqiqləşdiriləcəkdir. Buna da böyük ehtiyac var və ümumiyyətlə, biz müasir texnologiyaları kəndlərə də gətirməliyik. Artıq bu sahədə böyük layihə icra edilməyə başlayır. Biz bütün şəhərlərə genişzolaqlı internet xətləri çəkəcəyik. Bu, bir neçə milyon manat dəyərində olan layihədir. Əhəmiyyəti nəzərə alınaraq bu layihə Dövlət Neft Fondunun xətti ilə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzarəti altında birbaşa maliyyələşdirilir. Yəni, biz genişzolaqlı interneti hər kəndə gətirməliyik və gətirəcəyik. Bu, bizim niyyətimizdir. Paralel olaraq kənd təsərrüfatının inkişafında informasiya texnologiyalarından istifadə etməliyik. Elektron hökumət layihəmiz vardır. Hesab edirəm ki, kəndlərdə də bu məsələ öz həllini tapmalıdır. Bir neçə digər məsələ ilə bağlı fikirlərimi demək istəyirəm. Sənaye istehsalı ilə bağlı biz düzgün istiqamət seçmişik. Sənayeləşmə gedir. Keçən ilin göstəriciləri də bunu sübut edir. Qeyri-neft sektorunda sənaye istehsalı artmışdır, sənaye parkları tikilir. Yüksək texnologiyalar parkı, - xüsusilə nəzərə alsaq ki, bu il “İnformasiya-kommunikasiya texnologiyaları ili”dir, - İnformasiya Texnologiyaları Universiteti yaradılacaqdır. Orada hazırlanan kadrlar həmin yüksək texnologiyalar parkında işləyəcəklər. Digər sahələrdə də sənaye istehsalı daha da sürətlə getməlidir.


Azərbaycan Prezidenti İlham Əliyevin
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunmuş konfransındakı çıxışından




Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024