12px13px15px17px
Tarix:19/02/13

Tələbələrin hazırladığı robotlar yarışacaq

Azərbaycanın gənc mühəndislər birliyi olan Xəzər Mühəndislər İctimai Birliyi (XMİB) yeniliklərə imza atmağa davam edir. Belə ki, bu il Gənclər və İdman Nazirliyinin dəstəyi ilə tələbələr arasında növbəti müsabiqə təşkil olunur. Lakin bu dəfə yarışanlar tələbələr deyil, onların idarə etdiyi robotlardır. Bütün dünyada "Xəttin izlənməsi" olaraq tanınan müsabiqənin əsas məqsədi gənclərdə kreativliyi inkişaf etdirmək və onlara müəyyən qədər ixtiraçılıq qabiliyyəti aşılamaqdır.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, müsabiqə zamanı tələbələr tərəfindən hazırlanan və idarə olunan robotların əsas vəzifəsi qara xətt üzrə mümkün qədər sürətlə hərəkət etməkdir. Xətdən kənara çıxan robotun cəhdi uğursuz sayılır. Vaxtın hakim tərəfindən qeydə alındığı müsabiqədə hər robota 3 cəhd verilir və bunlardan ən yüksək nəticə qeydə alınır. Ən yaxşı vaxt göstəricisi olan robot qalib sayılır. Müsabiqədə iştirak etmək istəyən tələbələr ilk olaraq XMİB-in saytına ( http://www.thecesworld.org/site/ ) daxil olaraq elektron ərizə formasını doldurublar.

Tələblərə cavab verən 49 namizəd ikinci mərhələyə dəvət olunub. Növbəti mərhələ 2012-ci ilin noyabr ayında Xəzər Universitetində baş tutub. Test üsulu ilə keçirilən mərhələdə namizədlərin məntiqi təfəkkürü, informasiya texnologiyaları və elektronika fənləri sahəsindəki bilikləri yoxlanılıb. Bu mərhələni də uğurla keçən 20 tələbə müsabiqədə iştirak etməyə haqq qazanıb. Qeyd edək ki, hazırda seçilmiş iştirakçılara peşəkar mütəxəssislər tərəfindən robot texnologiyası haqqında həm nəzəri, həm də praktiki təlimlər keçirilir. Məşğələlərdə robotun cihaz kontrolu, sensorları, mexaniki və elektrik hissələri haqqında informasiyaların verilməsi ilə yanaşı, müxtəlif dizaynlı robotların hissəciklərdən toplanması izah olunur.

Müsabiqənin son mərhələsinin fevral ayının ortalarında baş tutması planlaşdırılır. Son mərhələdə artıq robot-texnik biliklərə yiyələnmiş gənclərin komanda halında müstəqil şəkildə robot maşını dizayn və hazırlamaları tələb olunacaq. Verilmiş tapşırığı düzgün və birinci yerinə yetirən robot maşın sahibi olan komanda qalib gələcək.

Qalibi mükafat gözləyir. Kreativliyi və yeniliyi ilə fərqlənən "AzRoboTex" layihəsi həm tələbələr, həm də mütəxəssislər tərəfindən maraqla qarşılanıb. XMİB-in ofisində robot laboratoriyasının hazırlanması layihənin davamlı olacağını söyləməyə əsas verir. "Robotex" yarışmaları Türkiyədə, Rusiyada, Böyük Britaniyada, Yaponiyada, Cənubi Koreyada, ABŞ, Almaniya və digər ölkələrdə geniş şəkildə keçirilməkdədir. Gələcəkdə "AzRoboTex" qaliblərinin Azərbaycanı xaricdə "Robotex" yarışmaları və festivallarında təmsil etməsi də əsas hədəflərdəndir.

HƏQİQƏT



Baxış sayı: 808

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024