12px13px15px17px
Tarix:20/02/13

Bakı Metropoliteninin texnoloji korpusu ən müasir texnologiyalarla təchiz ediləcək

Bakı Metropoliteninin (BM) əsas “düşünən beyni” - idarəetmə mərkəzi olacaq texnoloji korpusun inşası bu il yekunlaşacaq. “ICTnews” elektron xəbər xidmətinə bu barədə BM-dən məlumat verilib. Qurumdan qeyd edilib ki, 3 blokdan ibarət 9 mərtəbəli binanın ilk 4 mərtəbəsi qatar hərəkəti və təhlükəsizlik məsələlərinin təminatında həlledici rol oynayan sahələri ətrafında cəmləyəcək.

Burada dispetçer məntəqələri, videomüşahidə sistemləri, rabitə və işarəvermə, enerji avadanlıqları yerləşdiriləcək: “Burada ən müasir sistemlər quraşdırılacaq ki, bu da real zaman, canlı müşahidə və idarəetmə sistemlərinin tətbiqi ilə bağlıdır. Hərəkət, enerji, santexnika və eskalator dispetçer idarəetməsində zahiri olmasa da, mahiyyət yeniliklərilə daha çox diqqət çəkəcək. Atıq bütün sahələr üzrə layihələr tam seçilərək təsdiq olunub, avadanlıq və cihazların sifarişi verilib”.

Əsasən Kanada istehsalı olan təchizat hissələri bir çox aparıcı dünya metropolitenlərində özünü sübut edib və ən müasir texnologiyalara söykənir. Mart ayında gətiriləcək avadanlıqların quraşdırılmasında metropolitenin köhnə tərəfdaşı olan Ukraynanın “LOT” şirkəti yaxından iştirak edəcək. BM-dən o da qeyd edilib ki, əvvəlki illərdə ilkin layihə variantında binanın dözümlülüyü 8 ballıq zəlzələ üçün nəzərdə tutulmuşdu:

“Amma sonradan bununla bağlı tələblər dəyişdiyindən davamiyyətin Rixter cədvəli üzrə 9 ballıq yeraltı təkanlara tab gətirməsi məqsədilə əlavə gücləndirmə tədbirləri görüldü. Buna görə də binanın bəzi hissələrində layihə dəyişikliyi edilib. Bununla belə işçilərin iş şəraiti ilə bağlı hər hansısa problem olmayacaq. Bölgü prinsipinə uyğun olaraq, işçilərin rahatlığı tam təmin ediləcək. Bəzi məsələlərdə xidmətlərə öz iş şəraitinə və prinsiplərinə uyğun tamamlama üçün qərarlar verməkdən ötrü imkan yaradılacaq”.

Binada ümumi havalandırma və kondisionerləşdirmə, isitmə, həmçinin müasir siqnalizasiya və yanğın təhlükəsizliyi sistemləri tətbiq olunacaq. Artıq bununla bağlı əsas işlər də görülüb:

“Təxliyə planı isə optimal variantla təklif edilib. Bütün kanallar, boru xətləri çəkilib, avadanlıqların əksər qismi yerləşdirilib. Binanın rabitə sistemi və xətlərin çəkilməsi ilə bağlı tədbirlər yekunlaşdırılıb. Həmçinin santexnika təchizatı ilə bağlı işlər də yekunlaşmaq üzrədir. Bu məqsədlə xüsusi tədbirlər planı da yerinə yetirilib”.

HƏQİQƏT



Baxış sayı: 963

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024