12px13px15px17px
Tarix:26/02/13

“AzScienceNet” şəbəkəsinin istifadəçiləri üçün yeni xidmətlərin təşkili istiqamətində işlər aparılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) şöbələrin 2013-cü il üçün fəaliyyət planları müzakirə edilib. İnstitutdan bildirilib ki, İTİ-də 18-22 fevral tarixlərində keçirilən Elmi Şuranın iclaslarında institutun 18 şöbəsi və Tədris-İnnovasiya Mərkəzi cari il üçün fəaliyyət planlarını təqdim edib.

Hər bir şöbə müdiri elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabça, kitab və elektron nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. təşkili ilə bağlı görüləcək işlər haqqında geniş məlumat verib. İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi-nəzəri problemləri, təhsil prosesinin informasiyalaşdırılması, intellektual elektron kitabxana şəbəkələri, analitik informasiya və veb-texnologiyaları, sosioinformasiya texnologiyaları problemləri, biliklər iqtisadiyyatının formalaşması problemləri və s. sahələrdə aparılacaq elmi-tədqiqat işləri, görüləcək tədbirlər nəzərə çatdırılıb.

Tədbirdə həmçinin informasiya cəmiyyətinin əsas tələblərindən olan elektron elm siyasətinin ölkədə bərqərar olması, onun inkişaf perspektivləri, institutun üzərinə düşən vəzifələr xüsusilə qeyd edilib.

Bildirilib ki, elmi qurumlarda aparılan elmi-tədqiqat işlərinin səmərəliliyini yüksəltmək, onların fəaliyyətini əlaqələndirmək, o cümlədən ümumdünya elektron informasiya məkanına inteqrasiya məqsədilə elmi fəaliyyətin müasir tələblərə uyğun yenidən qurulması aktual məsələ kimi qarşıda durur. E-elmin şəbəkə platforması olan "AzScienseNet" elm kompüter şəbəkəsinin infrastrukturunun inkişaf etdirildiyi və AMEA-nın Verilənlərin Emalı Mərkəzinin yaradıldığı bildirilib.

Bundan əlavə, e-dövlətin informasiya təhlükəsizliyinin təmini, bu gün dünyada getdikcə vüsət almağa başlayan "bulud" texnologiyalarının tətbiqi, "bulud" hesablamalarının informasiya təhlükəsizliyinin təmini, informasiya təhlükəsizliyi üzrə elmi-praktiki tədqiqatların gücləndirilməsinin zəruriliyi qeyd edilib. "AzScienceNet" şəbəkəsinin istifadəçiləri üçün "cloud computing", virtual hesablama və yaddaş resurslarından istifadə və s. kimi yeni xidmətlərin təşkili istiqamətində mühüm işlərin aparıldığı bildirilib. Həmçinin elmi məqalələrin tanınmış elmi jurnallarda nəşri, dünyanın məşhur elmi informasiya bazaları ilə əməkdaşlıq əlaqələrinin təşkili və davamlı inkişafının vacibliyi qeyd edilib.

Nüfuzlu beynəlxalq elmi bazalardan olan "Tomson Reuters"in üstünlüklərindən istifadənin əhəmiyyətindən söhbət açılıb. İnnovativ ideya və tendensiyaları əks etdirən yüksəkkeyfiyyətli məqalələrin hazırlanması, alimlərin tədqiqatlarının, innovativ nəticələrinin təbliğində bu bazanın mükəmməl imkanlara malik olduğu vurğulanıb. Elmi məqalələrimizin dünyanın elmi-informasiya məkanında əksini tapması, elmi jurnalların beynəlxalq bazalarda indeksləşən jurnallar sırasına daxil edilməsinin Azərbaycan elmi üçün mühüm göstərici olduğu xüsusilə bildirilib.

Sonda şöbələrin fəaliyyətinin daha səmərəli təşkili, doktorant və dissertantların elmi-informasiya məkanında layiqli təmsil olunması üçün elmi nəticələrin nəzəri və təcrübi yolla əsaslandırılması, cari ildə həyata keçiriləcək layihələr, konfrans, seminar və digər tədbirlər ilə bağlı təklif və tövsiyələr bildirilib, müvafiq qərarlar qəbul edilib.

HƏQİQƏT



Baxış sayı: 732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024