12px13px15px17px
Tarix:06/03/13

Elektron Təhlükəsizlik Mərkəzinə rəhbər təyin edildi

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmrinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Elektron Təhlükəsizlik Mərkəzinə rəhbər təyin edilib.

Bu vəzifəyə təyin edilən "Milli. az" domeninin administratoru və "İntrans" şirkətinin baş direktoru Faiq Fərmanov 1963-cü ildə Bakı şəhərində anadan olub, mühəndis ixtisası üzrə Azərbaycan Texniki Universitetini bitirib. Müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda baş laborant, qabaqcıl mühəndis, "Network Technologies" MMC-də texniki direktor, "İntra Network Systems" MMC-də isə baş direktor vəzifələrində çalışıb.

2009-cu ildə F. Fərmanov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. "ICTnews" elektron xəbər xidmətinə açıqlama verən Faiq Fərmanov bildirib ki, yaxın 2 ay ərzində mərkəz fəaliyyətə başlayacaq.

"Bu müddət ərzində ölkə başçısının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Nazirlər Kabinetinin sərəncamı ilə mərkəzin işçilərinin say tərkibini, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən isə mərkəzin strukturu və ştat cədvəli təsdiq edilməlidir". F.Fərmanov bildirib ki, artıq mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan yer ayrılıb. "İlkin mərhələdə informasiya infrastrukturu subyektlərinin intellektual potensialını artırmaq məqsədi ilə maarifləndirmə işinin təşkili, müvafiq sayt, bukletlər və digər məlumat daşıyıcılarının tərtibi nəzərdə tutulub. Mərkəzin nəzdində xüsusi "qaynar xətt" də yaradılacaq ki, vətəndaşlar hər hansı problemlə rastlaşdıqda mərkəzə müraciət etsin. Mərkəzin əməkdaşları bilavasitə yaranan problemləri operativ şəkildə aradan qaldıracaq, eyni zamanda, yarana biləcək problemlərin qarşısını almaq üçün mütəmadi olaraq müəssisələrdə təhlükəsizlik məqsədi ilə audit aparılmasını təmin edəcəklər. Bizim səlahiyyətlərimiz yalnız fərdi müəssisələri, təhsil sahəsində fəaliyyət göstərən qurumları və s. əhatə edir ", - deyə F. Fərmanov qeyd edib.

F. Fərmanovun sözlərinə görə, mərkəzin əsas məqsədi kiberhücumların və təhlükələrin mənbəyinin müəyyən edilməsi üzrə monitorinq sisteminin yaradılmasıdır. Mərkəzin əsas fəaliyyət istiqamətləri kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətinin koordinasiyası, informasiya sistemlərinin və şəbəkələrinin, təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplamaq və təhlil etmək, elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlamaq, onlara tövsiyələr vermək, ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə RİTN-lə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirmək və kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədi ilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq etməkdir.



Baxış sayı: 1285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024