12px13px15px17px
Tarix:07/03/13

Əfqanıstanla İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Bakıda səfərdə olan Əfqanıstanın İKT, mərmər istehsalı, səhiyyə və aviasiya sahəsində fəaliyyət göstərən iş adamlarından və rəsmi qurumlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, o cümlədən İKT sektorunda aparılan islahatlar, əldə olunan nailiyyətlərdən söz açıb, eyni zamanla Əfqanıstan-Azərbaycan münasibətlərinin bütün sahələrdə olduğu kimi, İKT sahəsində də uğurlu inkişafının davam etdiyini diqqətə çatdırıb.

Coğrafi məkanın verdiyi tranzit imkanlar sayəsində Azərbaycanın regional təşəbbüslərdə iştirakından da danışan nazir müavininin sözlərinə görə, ölkəmizin fevral ayında orbitə buraxdığı ilk telekommunikasiya peyki "Azerspace-1" Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcək ki, Əfqanıstan da gələcəkdə bu xidmətlərdən yararlanacaq ölkələr sırasındadır.

Əfqanıstanın gələcək inkişafı üçün önəmli olan digər layihənin Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) olduğunu qeyd edən E.Vəlizadə bildirib ki, TASİM Əfqanıstan da daxil olmaqla, Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsini, eləcə də Frankfurtdan Honkonqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur.

Coğrafi baxımdan ölkələrimiz arasında oxşarlıqların olduğunu deyən Əfqanıstan Ticarət və Sənaye Palatasının baş katibinin birinci müavini Xan Can Alokozai isə Əfqanıstan və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

Təxminən 10-12 il əvvəl Əfqanıstanın yalnız bir telefon firmasına malik olduğunu və bu səbəbdən xeyli çətinliklərlə üz-üzə qaldığını da bildirən Xan Can Alokozainin sözlərinə görə, özəl sektor tərəfindən 3, dövlət tərəfindən isə 1 milyard dollar investisiya yatırılmaqla, hazırda ölkəsində rabitə sektorunun dirçəldilməsinə nail olunub.

Azərbaycanla bu sahədə qurulan əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını da söyləyən baş katibin birinci müavini bu məqsədlə ölkəmizdə sərgilərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 961

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024