12px13px15px17px
Tarix:13/03/13

Azərbaycanın Etilen-polietilen zavodunda yeni kompüter sistemi quraşdırılıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda "Polimir-120" istehsalatının reaktor blokunun rejiminə və fəaliyyətinə nəzarət üzrə müasir texnologiyalar əsasında yaradılmış yeni lokal kompüter sistemi quraşdırılıb.

"ICTnews" elektron xəbər xidməti xəbər verir ki, bu barədə adıçəkilən birliyin məlumatında deyilir. Məlumatda bildirilir ki, yeniliyin tətbiqi istehsalatda gedən proseslərə 90-dan artıq parametr, o cümlədən xammal sərfi, məhsulun istehsal həcmi, reaktorda onun səviyyəsi, təzyiq, temperatur və s. üzrə dəqiqliklə nəzarət etməyə, bütün göstəriciləri qeydə almağa imkan verir.

Yeni nəzarət-ölçü sistemi böyük ölçülü monitor da daxil olmaqla beş displeydən ibarətdir və reaktor blokunun iki xətdən birinin parametrlərinə nəzarət, göstəricilərin sistematik ardıcıllıqla və operativ şəkildə, həm də əvvəl olduğundan daha artıq dəqiqliklə qeydə alınması baxımından xüsusilə əlverişlidir. Onun əsas üstünlüklərindən biri də bütün parametrlər üzrə qrafik qeydləri öz yaddaşında arxivləşdirərək, uzun müddət saxlamaq imkanına malik olmasıdır.

Yeni sistemin bu keyfiyyəti parametrlərlə bağlı tam dəqiq məlumat əldə etməyə və yarana biləcək hər hansı bir qəzanın qarşısını qabaqcadan və tamamilə almağa imkan verir.

Məlumatda həmçinin qeyd edilir ki, sözügedən sistemin operativ yaddaşı əvvəlki hesablama sisteminin operativ yaddaşından dəfələrlə çoxdur. Yeni sistemin mükəmməl idarə edilməsi məqsədi ilə sexdə əvvəlcədən mühəndis kadrların müvafiq hazırlığı aparılıb. Qeyd edək ki, ilin sonuna qədər istehsalatın ikinci texnoloji xəttinin də idarəetmə-nəzarət sisteminin müasir kompüter texnologiyaları əsasında yenidən qurulması nəzərdə tutulub.

CAHANGİR



Baxış sayı: 776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024